Hayastan Qafqazın Suriyasına çevrilə bilər

post-img

Bölgədə fərqli məqsədlərlə iki missiyanın mövcudluğu, son vaxtlar Tehranın artan hərbi təhdidləri, eləcə də İrəvanın Qarabağ iddiasının davam etməsi Hayastana yaxşı heç nə vəd eləmir. 

Dostluq, müttəfiqlik səmimi və eti­barlı bağlara söykənməyəndə bu mü­nasibətlərin ömrü uzun olmur. Bu prin­sip fərdlər üçün olduğu kimi, dövlətlər üçün də keçərlidir. Əsas məsələ seçimin düzgünlüyüdür. Bakının istər bölgədə, istərsə də beynəlxalq arenada özünə tərəf-müqabil, müttəfiq, dost seçdiyi subyektlərin hamısı zamanın sınağından çıxmış etibarlı ölkələrdir. İrəvana gəldik­də isə, onun özünə dost bildiyi, müttəfiq saydığı ölkələrlə münasibətləri çoxdan çat verməkdədir. Çünki onlar Hayastan rəhbərliyindən nə ədalət gördülər, nə də səmimiyyət. Azərbaycanı isə tərəf-müqa­bilinə sadiqliyinə, onu doğru bildiyi haqq yolundan çəkindirməyin mümkün olmadı­ğına bütün dünya şahidlik edir. 

Məğlubdan müharibə çağırışları

29 ay əvvəl kapitulyasiya aktına im­zasını atmış ölkədən son vaxtlar yeni müharibə çağırışları eşidilməkdədir. Bu çağırışların məntiqsiz, gülünc olduğunu bir tərəfə qoyaq, axı reallıq hissindən mərhum revanşist daşnakların nail ol­mağa ümid bəslədikləri nəticə ilğımdan başqa bir şey deyil. Amma özlərini ilğıma inandırmağı bacaran ermənilər bir az da irəli gedərək belə bir fərziyyə irəli sürür­lər ki, əgər Zəngəzur uğrunda müharibə başlasa, İran ordusu Ermənistana daxil olacaq. Bu barədə sayıqlayan Birləşmiş Ermənistan Partiyasının sədri Ervand Tarverdiyan onu da ərz edir ki, Azərbay­can Sünikə təcavüz etsə, İranın hərbi müdaxiləsi qaçılmaz olacaq. Bəli, arzu­ladıqlarını reallıq kimi qələmə vermək və buna özlərini də inandırmaq hay xisləti­nin başlıca əlamətlərindən biridir. 

Artıq Laçın dəhlizində və ətrafındakı torpaq yollara nəzarəti tam bərpa edən, Ermənistanla təmas zolağında nəzarət postlarını quran rəsmi Bakının İrəvanın nazı ilə oynamağa səbri qalmayıb. Şərti sərhədin o üzünə, yəni ərazisinə Avropa­nın faktiki olaraq hərbi-kəşfiyyat missiya­sını dəvət edən Hayastanın riskli olduğu qədər də təhlükəli “manevrləri” ona baha başa gələ bilər. Birbaşa kənar aktorların nəzarəti altında hərəkət edən, daxildə sabitsizlik və xaosla üz-üzə qalan Paşin­yan iqtidarı ölkəsinin Qafqazın Suriyasına çevrilmək ehtimalını unutmamalıdır. Bu skeptik proqnozu biz deyil, erməni medi­ası gündəmə gətirib.

“Xankəndi Azərbaycana təhvil verilir”

Rusiyanın sülhyaratma kontingenti­nin Qarabağda müvəqqəti yerləşdirilmiş əraziləri tərk etməsinə 2 il 7 ay qalır. 2010-cu il 10 noyabr tarixli bəyanatda göstərilən bu müddətdən sonra Bakının hadisələrin hansı məcrada inkişaf edə­cəyindən asılı olmayaraq, heç bir halda başqa bir ölkənin hərbi legionunun, eləcə də beynəlmiləl sülhməramlıların Qara­bağda yerləşməsinə icazə verməyəcəyi birmənalıdır. Dediyimiz müddət bitəndən sonra isə Azərbaycan rəhbərliyi Qaraba­ğın mülki erməni sakinləri ilə özü razılığa gələcək. Torpağımızdan çəkilib getmək istəməyən Hayastan ordusunun tör-tö­küntüsünün, separatçı dığaların yerini də özü göstərəcək. Bu prosesin startı artıq verilib. İrəvanın delimitasiya və demarka­siyasına tələsmədiyi sərhəd zolağı boyu Bakı zəruri nəzarət infrastrukturunu qur­maqdadır. 

“Hraparak” qəzeti “Xankəndinin Azər­baycana təhvil verilməsi prosesi başladı” sərlövhəli məqalə dərc edib. Qəzet Şuşa­nın təcili tibbi yardım maşınının Xankən­diyə daxil olması, erməni xəstələrin azərbaycanlı həkimlər tərəfindən şəhərə aparılmasını məhz belə qiymətləndirib. Erməni müəllif daha sonra yazır: “İndi Xankəndidə şəhərin Azərbaycana təhvil verilməsi barədə danışırlar. Qarabağda­kı ermənilər şəhərin küçələrində Rusiya sülhməramlılarının müşayiəti ilə Azər­baycanın təcili yardım maşınını görür və bu fakt onun psixoloji olaraq vəziyyəti qə­bul etməsi deməkdir. Düşünürlər ki, on­ları nə ruslar, nə də Ermənistan müdafiə edir. Qərbli “tərəfdaşlar” isə onlara əhə­miyyət vermir. Buna görə də Azərbayca­nın qarşısında heç nə edə bilməyəcəklər. Bu, o deməkdir ki, inteqrasiya prosesi artıq başlayıb və Rusiya da bu prosesdə Azərbaycanın yanındadır”. 

Nə qədər gec deyil, sülhə gəlin!

Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiya və dermarkasi­yasının aparılıması, sülh müqaviləsinin imzalanması çox uzaqda deyil. ABŞ Döv­lət katibi Entoni Blinkenin təşəbbüsü ilə yaxın günlərdə Azərbaycan və Ermənis­tanın xarici işlər nazirlərinin Vaşinqtonda görüşü planlaşdırılır. Deyəsən, buzlar əriməyə başlayır, dialoq və sağlam tə­maslar prosesinə aparacaq yola işıq salınır. Yəqin bütün münaqişə və mühari­bələrin sülhlə başa çatdığını İrəvana tez-tez xatırlatmağa ehtiyac var. 

Axı, sülh həm də İrəvanın indiki iqti­darı üçün düşdüyü problemlər quyusun­dan çıxmağın yeganə yoludur. 

Fərid ŞƏFİYEV,
beynəlxalq münasibətlər üzrə ekspert

Burada əsas, fundamental problem ondan ibarətdir ki, sərhəd­lər delimitasiya olunmayıb. Bizim bu məsələyə yanaşmamız ondan ibarətdir ki, əgər sərhəd zonasında hər hansı üçüncü qüvvə yerləşdirilir­sə, onlar təhlükəsizliyə nəzarət edə bilərlər. Amma sərhəd delimitasiya olunmadan həmin pozuntular hansı formada, necə müəyən olunacaq? 

Bu, Azərbaycan üçün konsep­tual bir məsələdir və istər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlıları, istərsə də Avropa İttifaqının mülki missiyası olsun, bu­nun bizim üçün elə bir fərqi yoxdur. Yenə təkrar edirəm, hələlik iki ölkə arasında sərhədlər delimitasiya edil­məyib və bu səbəbdən də rəsmi Bakı heç bir kənar missiya ilə əməkdaşlıq etmək fikrində deyil. 

Ən azından həmin missiyaların iş prinsipləri bizim üçün aydın deyil. Əslində, belə demək mümkünsə, heç aydın ola da bilməz. Çünki ilk növbədə, sərhəd məsələsi öz həl­lini tapmalıdır. Yerdə qalan bütün məsələlərin müzakirəsi məhz bun­dan sonra başlamalıdır.

Yeganə HACIYEVA,
politoloq

– Yaxın vaxtlarda Qarabağda tam legitim əsaslarla Azərbaycan Kons­titusiyasının bütün şərtləri bərpa olunacaq. Qarabağ iqtisadi rayonu de-yure artıq Azərbaycanın yurisdik­siyasındadır, tezliklə bunun de-fakto təsdiqini də görəcəyik. Qarabağın təbii resurslarının talanması bölgə­də Azərbaycan dövlətinin suverenliyi bərpa olunandan, ələlxüsus da sər­hədlərin demilitasiya və demarka­siya prosesi başa çatdıqdan sonra dayana bilər. Doğrudur, Azərbaycan istər Laçın dəhlizi üzərində, istərsə də yardımçı torpaq yollarda özünün sərhəd-keçid postlarını qurub. İndi söhbət Ermənistanla bütün sərhəd zolağının delimitasiya və demarkasi­ya olunmasından gedir. Nə qədər ki, dövlət sərhədi müəyyən edilməyib və bu barədə ikitərəfli sənəd imza­lanmayıb, talanın dayanmasını ehti­mal etmək sadəlövhlükdür. 

Bizdə olan məlumata görə, əv­vəllər qızıl və mis-molibden xamma­lını Ermənistana özləri daşıyırdı, indi isə sülhə qəti aidiyyəti olmayan bu “missiyanı” Rusiya sülhməramlıları icra edir. Yəni, şərti sərhəd onlara imkan verir ki, sərvətimizi öz maşın­larında Ermənistana daşısınlar. 

Xankəndidə, eləcə də Qarabağ iqtisadi rayonunun bizim nəzarəti­mizdə olmayan digər ərazilərində Azərbaycanın suverenliyinin tam bərpası, ermənilərin vətəndaşlığı qəbul etməsi bir-birilə bağlı proses­lərdir. Bunlardan birinin olması, digə­rinin olmaması qeyri-mümkündür.

İmran BƏDİRXANLI, “Xalq qəzeti”





Siyasət