“İslam dövləti”nin narkobiznesi: hədəf Azərbaycandır

post-img

Uzun illərdir ki, İran bütün dünyada ən iri narkotik ixracatçılarından biri statusunu qoruyub saxlamaqdadır. Bugünlərdə Dövlət Sərhəd Xidməti rəisinin əməliyyat-axtarış işi üzrə müavini, general-leytenant Firuz Şirinzadənin mətbuata verdiyi açıqlamada İranın narkoticarətində ölkəmizi hədəfə götürdüyünə dair təkzibolunmaz faktlar var. 

Son 5 ildə narkotik ixracı 9 dəfə artıb 

General-leytenant Firuz Şirinzadə­nin təqdim etdiyi statistikadan bəlli olub ki, İran dövləti son 5 ildə Azərbaycana ixrac etdiyi narkotikin həcmini 9 dəfə artırıb. Bu, rəqəm İranın narkotiklə bağ­lı ixrac potensialını sürətlə artırdığını göstərir. Eyni zamanda, məlum statis­tika sübut edir ki, İran, nəyin bahasına olursa-olsun, Azərbaycanda narkotik istifadəsinin genişlənməsinə, daha çox gəncin “ağ ölüm”lə zəhərlənməsinə nail olmağa çalışır. Azərbaycan xalqını, onun genefondunu narkotiklə zəhərləmək, bö­yüməkdə olan nəslimizi həm əqli, həm də fiziki baxımdan qüsurlu vəziyyətə gətir­mək rəsmi Tehranın nail olmağa çalışdığı başlıca hədəflərdən biridir. Qeyd edək ki, əgər 2018-ci ildə Dövlət Sərhəd Xid­məti tərəfindən İrandan qanunsuz yolla Azərbaycana gətirilən 144,8 kq narkotik vasitə aşkar edilmişdisə, 2022-ci ildə bu rəqəm bir neçə dəfə artaraq, 1 ton 302 kq-a çatmışdır. Son 5 ildə narkotik qa­çaqmalçılığına görə 55 İran vətəndaşının saxlanılması faktı da “İslam dövləti”nin “ağ ölüm” ticarətindən əl çəkmədiyini, ək­sinə, bu ticarəti genişləndirdiyini göstərir. 

Narkomafiyanın “çətiri” İİR-in xüsusi xidmət orqanlarıdır

Tehranın ölkəmizə qarşı narkotik ixra­cı məsələsində diqqətçəkən məqamlar­dan biri də məlum prosesin bilavasitə İra­nın xüsusi xidmət orqanlarının himayəsi altında həyata keçirilməsidir. İranın xüsusi xidmət orqanları Azərbaycanda narkotikdən istifadəni kütləviləşdirməklə, həm böyük maliyyə vəsaiti əldə etməyə, həm də həmin vəsaiti təkrarən ölkəmiz­də müxtəlif terror və təxribatların reallaş­masına sərf etməyə çalışır. Başqa sözlə desək, İran narkotik ixracından əldə et­diyi gəlirin hər qəpiyini Azərbaycan döv­lətinin təhlükəsizliyinin sarsıdılmasına, onun rifahının pozulmasına sərf etmək niyyətindədir. 

Sevindirici haldır ki, Azərbaycanın əlaqədar dövlət qurumlarının ayıq-sayıq­lığı nəticəsində İranın narkotik ixracının qarşısı əhəmiyyətli dərəcədə alınmaqda, narkotik qaçaqmalçılığına qarşı müba­rizədə böyük uğurlar əldə edilməkdədir. Bu uğurlar ölkəmizi İranın narkotik təhdi­dindən qorumaqla yanaşı, rəsmi Tehra­nın narkotik ixracatçısı kimi bütün dünya üçün necə böyük təhdid təşkil etdiyini göstərir. 

Azərbaycanın narkotik vasitələrin qa­nunsuz dövriyyəsinə qarşı ortaya qoydu­ğu mübarizə sübut edir ki, İranın narkotik təhdidinə qarşı bütün dünyanın birgə mü­barizə aparması zəruridir. Yalnız bu hal­da hər il bütün dünyaya tonlarla narkotik ixrac edən İranın “ağ ölüm” təhlükəsini qəti şəkildə neytrallaşdırmaq, milyonlarla insanın həyatını qurtarmaq mümkündür.

 

Seymur ƏLİYEV, “Xalq qəzeti”

Siyasət