Laçın–Xankəndi yolunda təşkil olunan ekoaksiya növbəti 119-cu günündə də ərazidən humanitar məqsədlər üçün istifadəyə şərait yaradılması ilə diqqəti cəlb edib. Ötən il dekabrın 12-dən indiyədək Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə ərazidən minlərlə nəqliyyat vasitəsinin, səhhətində problemlər olan şəxslərin və onları müşayiət edənlərin keçidinə nəinki maneə yaradılmamış, əksinə, aksiya iştirakçıları tərəfindən lazım gəldikdə kömək göstərilmişdir.
Əslində, Azərbaycanın suveren ərazisində mədəni sərvətlərin qanunsuz talanmasına etiraz edən vətəndaşlarımız yolun humanitar məqsədlər üçün açıq olduğunu aksiyanın elə ilk günündən bəyan edirlər. Könüllülər Azərbaycan ərazilərində monitorinq aparmasına şərait yaradılması barədə haqlı tələblərinə əməl olunanadək burada qalacaqlarını bildirirlər. Çünki Laçın yolu təcavüz qapısı ola bilməz.
Aksiyanın ilk günlərindən düşmən tərəfdən bu yolun blokadada olması barədə yayılan məlumatların yalan olması daim öz təsdiqini tapıb. Bu yalana artıq Ermənistanın özündə də inanmırlar. Belə ki, aksiya vasitəsilə həm də, ermənilərin sıx yaşadıqları Azərbaycan ərazisinə silah, sursat, təhlükəli yüklərin daşınmasının qarşısı da alınıb ki, bu, həm də sadə erməni əsilli vətəndaşlarımızın rifahı üçündür. Buna görə də ekoaksiya humanizmin təzahürü kimi meydana çıxır.
Ermənistan siyasəti isə Azərbaycan cəmiyyətinin haqlı tələbləri qarşısında çoxdan dalana dirənib. Düşmən tərəfi tələblər yerinə yetirilənədək etirazların davam etdiriləcəyini başa düşdüyündən alternativ yol axtarmağa çalışsa da, buna nail ola bilmir. Çünki qeyd olunan marşrut üzrə hərbi yüklərin daşınması ilə bağlı Azərbaycan tərəfindən beynəlxalq ictimaiyyət lazımınca məlumatlandırılıb.
Digər tərəfdən, bu gün düşmən tapdağından azad edilmiş torpaqlarımıza dövlət tərəfindən qoyulan böyük həcmdə sərmayə, cəmi bir neçə ildən sonra bu yerlərin yüksək inkişafına səbəb olacağının qarantıdır. Həddindən ziyadə yoxsulluq içində yaşayan ermənilərin gələcəkdə Azərbaycan vətəndaşı kimi bu torpaqda yaşamaq üçün imkan axtaracaqları gözləniləndir.
Azərbaycan Prezidenti İlham Əliyev çıxışında bildirib ki, Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Onların təhlükəsizliyi, hüquqları Azərbaycanın digər insanlarının hüquqları kimi tam təmin olunacaq. Qarabağdakı cinayətkar xunta kənarlaşdırılandan sonra ermənilər daha yaxşı yaşayacaqlar. Onlar ləyaqətlə yaşayacaqlar, sülh şəraitində yaşayacaqlar və ölkəmizdəki istənilən başqa insanlar üçün etdiyimiz kimi, biz onlar üçün də bütün sosial və iqtisadi imtiyazları təmin edəcəyik.
Azərbaycan cəmiyyətinin bu gün təmiz Qarabağ uğrunda mübarizəsi, torpaqlarımızda ekoloji terrora son qoymaq çağırışları sadə ermənilər tərəfindən də dəstəklənməsinin zamanı yetişib. Düşünürük ki, Azərbaycanın erməni vətəndaşları da gec-tez bunu dərk edib yerüstü və yeraltı sərvətlərimizi vəhşicəsinə talan edən erməni cinayətkarlarına qarşı birgə mübarizə aparacaqlar.
Leyla QURBANOVA, “Xalq qəzeti”