Milli maraqlarımızı ortaqlaşdıran tarixi görüş və müzakirələr

post-img

Bizim mövqeyimiz birmənalıdır, açıqdır. Mən bunu bu gün Dövlət katibi Blinkenin təşəbbüsü ilə keçirilmiş tədbirdə də ifadə etmişəm: biz haqqın, ədalətin tərəfdarıyıq. Daxili işlərimizə kənar qüvvələrin qarışmasına heç vaxt imkan verməmişik və imkan verməyəcəyik. Qarabağ Azərbaycandır! Bunu mən müharibədən əvvəl demişəm. Bu gün bunu təkcə mən yox, bütün dünya nəinki deyir və görür.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti 

Münxen, 18 fevral 2023-cü il

Son günlər lider və siyasətçilər barədə ən yaddaqalan ifadələrdən birini “Haber Qlobal”da çıxış edən türk ekspertdən eşitdim. O dedi ki, mənim bu fikirlərimdə hansısa dövlət başçısının xidmətlərini azaltmaq məqsədi yoxdur. Ancaq qətiyyətlə deyə bilərəm ki, cümhurbaşqanımız Rəcəb Tayyib Ərdoğanın öz xalqı qarşısındakı xidmətləri millət üçün qürurverici mənbə, sayın İlham Əliyevin Azərbaycan naminə gördüyü işlər isə fədakarlıq kimi qiymətləndirilməlidir. 

Allaha şükürlər olsun ki, 2023-cü ilin birinci rübünü cəmiyyət həyatının bütün sahələrində özünəməxsus uğur­larla başa vurduq. Bu uğurlar elə yad­daqalan oldu ki, hətta hansı istiqamət­dəki göstəricilərimizin daha yüksək olduğunu söyləməkdə də çətinlik çəki­rik. Çünki sosial-iqtisadi uğurlarımız da sevindiricidir, siyasi diplomatik fəaliy­yətimiz də. Ordu quruculuğundakı yeni faktlarımız da qürurvericidir, Silahlı Qüvvələrimizin göstərdiyi qətiyyət də. 

Ancaq biz bu yazını cənab Prezi­dentin fəaliyyətinin başqa bir istiqamə­tinə – xarici səfərlər məsələsinə həsr edirik. Bəzi ekspertlər dövlət başçımı­zın son üç aydakı yeddi xarici səfəri­nin ikisinin Türkiyəyə, ikisinin isə Al­maniyaya reallaşdırılmasında hansısa bir rəmzi məna olmadığını söyləyirlər. Bəlkə də elədir. Ancaq zənnimcə, cə­nab Prezidentin qısa müddətdə iki dəfə Türkiyəyə, iki dəfə isə Almani­yaya səfər etməsinin rəmzi mənası o deməkdir ki, biz Türk dünyasının daha möhtəşəm sabahı üçün atılan qətiyyətli addımların ən fəal iştirakçılarından ol­saq da, Avropa da bizim üçün həmişə olduğu kimi, mühüm önəm kəsb edir. 

Yeri gəlmişkən, dövlət başçımızın Almaniyaya səfərindən əvvəl ermənilər böyük məmnunluq və ağızdolusu da­nışırdılar ki, Berlin bizim Qarabağdakı mövqelərimizi dəstəkləyir. Cənab Pre­zidentin məlum səfərindən sonra isə hamıya məlum oldu ki, ermənilər bu məsələdə də yalan və uydurmalardan əl çəkə bilmirlərmiş. 

İlin ilk səfəri Asiya ölkəsinə oldu

Dövlət başçımız yanvarın 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtın­da “Əbu-Dabi Dayanıqlılıq Həftəsi”nin rəsmi açılış mərasimindəki çıxışında qeyd etdi ki, biz Azərbaycanda bərpa­olunan enerji mənbələrini öz enerji təh­lükəsizliyimizin təmin olunması üçün inkişaf etdirmirik. Enerji təhlükəsizli­yimizi biz hələ bir neçə il əvvəl təmin etmişik: “Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlə­dən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elekt­rik enerjisini ixrac edir. Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir. Birincisi, bu, onunla bağlıdır ki, nəhəng potensial var. İkincisi, biz onun sayəsində ixra­cımızı şaxələndirəcəyik. Əlbəttə ki, nəticədə iqtisadiyyatımızın yeni ekoloji təmiz sektoru yaranacaq”. 

Cənab Prezident xatırlatdı ki, bizim bu istiqamətdəki potensialımız kifayət qədərdir. Onu da əlavə etdi ki, dekabrın 17-də Azərbaycan, Gürcüstan, Maca­rıstan və Rumıniya Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə qədər “Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair” Saziş imzaladılar: “Bu saziş Avropa Komissiyası prezidentinin şahidliyi ilə imzalanmışdır”. 

Davos İqtisadi Forumunda 

Azərbaycan Prezidenti yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçi­vəsində keçirilən “Avrasiya Orta Dəh­lizi: Yoldan magistrala” mövzusunda panel iclasında moderatorun suallarını cavablandırarkən bir daha Azərbaycan həqiqətlərindən söz açıb: “Azərbaycan özünün qərbində olan qonşuları Gür­cüstan və Türkiyə, şərqində isə Mərkə­zi Asiya ilə gözəl münasibətlərə malik­dir. Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastruktu­runa böyük sərmayə yatırmışıq”. 

Prezident Avrasiyada gedən bəzi ic­timai-siyasi və hərbi prosesləri nəzərə alaraq xatırlatdı ki, məlum səbəblərdən mövcud və ənənəvi Şimal marşrutu va­sitəsilə daşımalarda çətinliyə görə biz artıq Mərkəzi Asiyadan böyük həcmdə yükün istiqamətinin dəyişilməsini mü­şahidə edirik və bu, sadəcə, başlanğıc­dır: “Həmçinin əlavə etmək istərdim ki, biz bu ildən etibarən artıq neçə illərdir neftin tranzitini təkcə Türkmənistandan yox, Qazaxıstandan da etməyə başla­mışıq və bu dəhlizdən, həmçinin kar­bohidrogenlər üçün də istifadə etmək potensialı mövcuddur”. 

Etibarlı tərəfdaş

Dövlət başçımızın yanvarın 30-da Macarıstana reallaşdırdığı rəsmi səfəri bu ölkənin Prezidenti Katalin Novak və Baş nazir Viktor Orbanla görüşləri, elə­cə də, Azərbaycan–Macarıstan sənəd­lərinin imzalanması ilə yadda qalmışdı. Ancaq elspertlər Prezident İlham Əli­yev və Baş nazir Viktor Orbanın mət­buata bəyanatlarla çıxış etməsini daha çox gözləyirdilər. 

Dövlət başçımız həmin bəyanatın­da dedi ki, bu gün imzalanan strateji tərəfdaşlığın dərinləşməsinə dair Birgə Bəyannamə bu məsələyə dair imza­lanmış ikinci sənəddir və bir daha onu göstərir ki, həqiqətən, Macarıstan və Azərbaycan dost və strateji tərəfdaş­lardır.

Prezident xatırlatdı ki, enerji təh­lükəsizliyi məsələləri bugünkü dün­yada xüsusi əhəmiyyət kəsb edir və hesab edirəm ki, dünya gündəliyinin ön sıralarındadır. Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, uzun illər bundan sonra – təbii qazla bağlı ən azı yüz il bundan sonra Avropa üçün etibarlı tərəfdaş olsun: “Avropa Komis­siyasının rəhbərliyi Azərbaycanı məhz belə də adlandırır: etibarlı tərəfdaş”.

Münxendə müsahibə

Prezident İlham Əliyev fevralın 18-də Münxendə “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qu­rulması” mövzusunda plenar iclasdan sonra Azərbaycan televiziya kanalla­rına verdiyi müsahibədə sanki Cənu­bi Qafqazın xəritəsini təqdim edirdi: “İkinci Qarabağ müharibəsindən sonra bölgəmizdə də vəziyyət tamamilə də­yişmişdir. Yeni reallıqlar ortaya çıxdı və əlbəttə, biz hazır olmalıyıq ki, bu reallıqlarda öz mövqeyimizi daha da gücləndirək. Bugünkü panel müzakirə­si bir daha onu göstərdi ki, bəziləri bu reallıqlarla barışmaq istəmirlər, amma məcbur olub barışacaqlar. Çünki biz real dünyada yaşayırıq və bölgəmizdə gedən proseslər, əlbəttə ki, yeni yanaş­maları tələb edir”.

Dövlət başçımız məmnunluqla ifa­də etdi ki, Münxen Təhlükəsizlik Kon­fransı kimi mötəbər beynəlxalq qurum da bu məsələyə xüsusi diqqət yetirir: “O ki qaldı, Ermənistan – Azərbaycan münasibətlərinin normallaşmasına, yenə də burada da bizim mövqeyimiz tamamilə məntiqlidir. Biz istəyirik ki, bu normallaşma tezliklə baş versin, o ədavət dövrü arxada qalsın. Əgər Er­mənistan tərəfi özündə iradə və güc taparsa, əminəm ki, yaxın zamanlarda buna nail olmaq mümkün olacaqdır”. 

Həm sevincli, həm də kədərli günlərdə əl-ələ

Dövlət başçımız fevralın 25-də İs­tanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə qardaş ölkədə baş vermiş zəlzələ nəticəsində həlak olanların ailələrinə, yaxınlarına, Prezident Rəcəb Tayyib Ərdoğana və qardaş Türkiyə xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüzn­lə başsağlığı vermiş, xəsarət alanların tezliklə şəfa tapmasını arzulamış və qardaş Türkiyənin bu zəlzələnin nəti­cələrini də tezliklə aradan qaldıracağı­na əminliyini ifadə etmişdir.

Rəcəb Tayyib Ərdoğan Azərbay­canın göndərdiyi humanitar yardımları yüksək qiymətləndirmiş, azərbaycanlı xilasedicilərin və həkimlərin zəlzələ bölgəsində öz fəaliyyətlərini böyük cəsarətlə, əzmlə davam etdirdiklərini, insanların xilası üçün fədakarlıqla ça­lışdıqlarını bildirmişdir.

Söhbət əsnasında Azərbaycan­la Türkiyə arasında siyasi, iqtisadi, ticarət, enerji, hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın perspektivləri və daha da dərinləşdirilməsi məsələlə­ri, həmçinin Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdı­rılması və sülh gündəliyi barədə də fikir mübadiləsi aparılmışdır.

Almaniya səfəri ermənilərin xülyalarını puç etdi

Azərbaycan Prezidentinin martın 14-də reallaşdırdığı Almaniya səfəri bir neçə cəhətdən tarixi və əlamətdar idi. Ancaq ən mühüm fakt o idi ki, cənab Prezidentin bu səfəri ermənilərin Alma­niya xülyalarını puça çıxardı. Belə ki, Azərbaycan Prezidenti ilə birgə mətbu­at konfransı keçirən Almaniya Kansle­rinin dediyinə görə, Berlin Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülhün bərpasını arzulayır və dəstəklə­yir: “Burada sülh yolu ilə həll deyəndə təbii onu nəyi nəzərdə tuturuq ki, həm Azərbaycanın, həm də Ermənistanın ərazi bütövlüyü təmin olunsun. Eyni za­manda, hər iki ölkənin əhalisinin insan hüquqları və azadlıqları qorunmalıdır, beynəlxalq hüquqa uyğun olmalıdır. Almaniya burada, təbii ki, öz dəstəyi­ni göstərməyə hazırdır. Bildiyiniz kimi, Avropa İttifaqının Ermənistanda mül­ki missiyası mövcuddur, Almaniya bu missiyanı dəstəkləyir və bu missiyanın rəhbəri Almaniya tərəfindən təmin edi­lib.

Dövlət başçımız xatırlatdı ki, biz Almaniyada bir çox önəmli məsələlə­ri müzakirə etdik. O cümlədən Avro­pa İttifaqı – Azərbaycan əlaqələrini: “Bu istiqamətdə çox önəmli addımlar atılır. Xüsusilə keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji təhlükəsizliyi üzrə strateji tərəf­daşlığa dair anlaşma memorandumu bizim niyyətimizi göstərir. Memorandu­mun icrası və sürətlə icrası, vaxtında icrası bir daha göstərir ki, Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır”.

Ankarada fövqəladə sammit

Azərbaycan Prezidenti 2023-cü ilin ilk rübündəki sonuncu xarici səfərini də qardaş Türkiyə Cümhuriyyətinə etmiş­dir. Məqsəd Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə iştirak etmək idi. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliye­vin təşəbbüsü ilə martın 16-da Ankara­da Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilmişdir.

Sammitin açılışında çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə baş verən zəlzələdən son­ra “Fəlakət – fövqəladə halların idarə edilməsi və humanitar yardım” möv­zusunda fövqəladə Zirvə görüşünün keçirilməsi təşəbbüsünə görə Prezi­dent İlham Əliyevə minnətdarlığını ifa­də edərək demişdir: “Zirvə görüşünün keçirilməsi çağırışı ilə çıxış edən can Azərbaycanın Prezidenti cənab İlham Əliyevə şəxsən öz adımdan və millətim adından təşəkkürlərimi bildirirəm”.

Ankara Sammitində türkdilli ölkələr arasında iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verəcək qərarlar, xü­susən, Türk İnvestisiya Fondunun ya­radılmasına dair qərar qəbul edilmişdir. Qeyd edilmişdir ki, bu fond üzv ölkələr arasında infrastruktur, nəqliyyat, kənd təsərrüfatı, turizm, alternativ enerji və digər sahələrdə əməkdaşlığın daha da inkişafına mühüm töhfə verəcək.

Azərbaycan Prezidentinin fikrincə isə, Türkiyə son iyirmi ildə Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçmiş, dünyada söz sahibi olmuş, güc mərkəzinə çev­rilmişdir: “Bu gün dünyada Türkiyə ilə hesablaşırlar və ona hörmət edirlər.Türkiyənin hərbi gücünü, müdafiə sə­nayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görür. Bu illər ərzin­də Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün Türk dünyası üçün önəmli şərtdir”.

 

İ.QAÇAYEV, “Xalq qəzeti”

Siyasət