Azərbaycan və Gürcüstan qonşu, dost ölkələr olmaqla yanaşı, həm də strateji tərəfdaşdırlar. Hazırda ölkələrimiz bir çox sahələrdə olduğu kimi, enerji və nəqliyyat-logistika üzrə də uğurlu əməkdaşlıq edirlər. Eyni zamanda, Gürcüstan Azərbaycanın əsas ticarət partnyorlarından biridir.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin ölkəmizə növbəti səfəri də əməkdaşlığın inkişaf perspektivləri baxımından mühüm əhəmiyyət daşıyır. Aprelin 7-də Qəbələ şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında keçirilən təkbətək görüş zamanı ölkələrimizin birgə həyata keçirdikləri enerji, infrastruktur layihələrinin əhəmiyyətindən söhbət açılıb, müştərək enerji layihələrinin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığı vurğulanıb. Görüşdə, həmçinin yol-infrastruktur layihələrinin həyata keçirilməsinin önəmi qeyd olunub, Bakı-Tbilisi-Qars dəmir yolunun genişləndirilməsi, Azərbaycanın və Gürcüstanın Orta Dəhlizdə önəmli rolu, bu xüsusda birgə səylərin göstərilməsinin vacibliyi diqqətə çatdırılıb.
Söhbət zamanı ölkələrimiz arasında ticarət dövriyyəsinin artdığı və bu istiqamətdə əlavə tədbirlərin görüldüyü, eləcə də “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in əhəmiyyəti xüsusi vurğulanıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatlarında əməkdaşlığın mövcud vəziyyəti və perspektiv imkanlardan bəhs olunub. Prezident İlham Əliyev bəyanatında bildirib ki, Gürcüstan və Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün önəmli rol oynayırlar. Bu il dünya bazarlarına 24,5 milyard kubmetr Azərbaycan qazının ixrac olunacağını diqqətə çatdıran dövlətimizin başçısı, həmçinin deyib ki, 2022-ci ildə Avropa İttifaqı ilə imzalanmış Anlaşma Memorandumuna əsasən, ölkəmiz 2027-ci ilə qədər təkcə Avropa məkanına 20 milyard kubmetr qazın nəqlini təmin etməlidir.
Ötən ilin sonunda Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya tərəfindən imzalanmış Sazişi və cari ilin fevral ayında Bakıda “yaşıl enerji” layihəsinin birinci rəhbər komitəsinin iclasını xatırladan dövlətimizin başçısı qeyd edib ki, bu layihənin uğurla həyata keçirilməsi dörd ölkənin birgə fəaliyyəti, eləcə də Avropa İttifaqının dəstəyi hesabına mümkün olacaq.
Məlum olduğu kimi, tarixi İpək Yolunun üstündə yerləşən Azərbaycan və Gürcüstan bir sıra nəqliyyat-logistika layihələrinin də fəal iştirakçıları kimi tanınır. Mətbuata bəyanatında bu vacib məqama toxunan Prezident İlham Əliyev deyib: “İkitərəfli əlaqələrimizin önəmli hissəsi nəqliyyatla bağlıdır. Burada da bütün işlər uğurla gedir, plan üzrə gedir. Orta Dəhlizin həyata keçirilməsində Gürcüstan və Azərbaycan uğurla fəaliyyət göstərirlər. Əlbəttə ki, növbəti mərhələdə yükdaşımaların həcminin artırılması istiqamətində əlavə addımlar atılacaqdır... Yeni yüklərin Orta Dəhliz üzrə nəql edilməsi üçün çox gözəl imkanlar var. Burada həm bütün inzibati məsələlər öz həllini tapmalıdır, tarif siyasəti vahid prizmadan həll edilməlidir, eyni zamanda, yüklərin cəlb edilməsi və nəqli üçün birgə səylər göstərilməlidir”.
Gürcüstanın Baş nazir İrakli Qaribaşvilinin mətbuata bəyanatında səsləndirdiyi fikirlər də ölkələrimiz arasında dostluq və tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəsindən xəbər verir. Baş nazir qeyd edib ki, Azərbaycan Gürcüstanın təkcə qonşusu və dostu deyil, həm də mühüm strateji tərəfdaşıdır. Uzun illər müxtəlif sahələrdə birgə reallaşdırılan tarixi layihələrin xalqlarımızı, ölkələrimizi daha da sıx birləşdirdiyini vurğulayan İrakli Qaribaşvili Gürcüstanın etibarlı tranzit ölkəsi, tranzit tərəfdaşı olduğunu diqqətə çatdıraraq deyib: “Biz bu fəaliyyətimizi davam etdiririk və dayanmırıq. Bildiyiniz kimi, biz Qara dənizin dibi ilə elektrik kabeli aparacağıq, Orta Dəhliz məsələsini inkişaf etdiririk. “Yaşıl enerji”ni Avropaya nəql etmək üçün bizim nəhəng potensialımız mövcuddur, bunun çox böyük perspektivləri var. Bu, bir gələcəkdir. Hər iki ölkə bu sahəyə daha çox sərmayə qoyacaq. Biz bunu da müzakirə etdik”.
Orta Dəhliz layihəsi üzrə birgə koordinasiyalı şəkildə fəaliyyət göstərildiyini diqqətə çatdıran Baş nazir qeyd edib ki, əsas məqsəd yaxın gələcəkdə bütün maneələri aradan qaldıraraq infrastrukturu – dəniz limanlarını, dəmir yollarını birgə inkişaf etdirməkdir.
Göründüyü kimi, ölkələrimiz arasında iqtisadi münasibətlərin perspektivi olduqca yüksəkdir. Heç şübhəsiz, Gürcüstan Baş nazirinin ölkəmizə növbəti səfəri də çoxtərəfli əməkdaşlığa təkan verəcək.
Eyyub Kərimli,
iqtisadçı-ekspert
Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi münasibətlər yüksək səviyyədədir. 2022-ci ildə Azərbaycanın xarici ölkələrlə apardığı idxal-ixrac əməliyyatlarına görə Gürcüstan 13-cü yerdə olub. Belə ki, il ərzində iki ölkə arasında ticarət dövriyyəsi 772 milyon ABŞ dolları təşkil edib. Cari ilin yanvar-fevral aylarında isə Azərbaycan Gürcüstanla 172 milyon dollarlıq idxal-ixrac əməliyyatları həyata keçirib.
Ötən müddətdə ölkəmizdə Gürcüstan investisiyalı 750 kommersiya qurumu qeydiyyata alınıb. Ümumiyyətlə, Azərbaycan qonşu Gürcüstanın inkişafında ən fəal və davamlı investisiya yatıran ölkə kimi mühüm mövqeyə malikdir. Belə ki, ötən müddətdə Gürcüstandan Azərbaycana 263 milyon dollar, Azərbaycandan isə bu ölkəyə 3,4 milyard dollar məbləğində investisiya yatırılıb.
Hər iki ölkənin tarixi İpək Yolu üzərində yerləşməsi və birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırıb. Azərbaycanla Gürcüstan arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivədə irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılması regional sülhə və sabitliyə xidmət edir.
Bu xüsusda yeni bir inkişaf kimi 2022-ci il dekabrın 17-də Rumıniyanın paytaxtı Buxarestdə imzalanmış “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”i qeyd etməliyik. Bu saziş yeni dünya düzəninin formalaşdığı bir mərhələdə Avropanın iqtisadi və enerji təhlükəsizliyinin təmin edilməsi prosesi ilə bağlı zəncirin ən vacib halqalarından biridir. Mühüm əhəmiyyətə malik bu sənəd hər iki ölkənin yalnız regionda deyil, həmçinin Avropa ölkələri ilə münasibətlərində etibarlı tərəfdaş olduğunu bir daha sübut edir.
Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”