Ərzaq təhlükəsizliyi strateji məqsəddir

post-img

Azərbaycan Qlobal Ərzaq Təhlükəsizliyi İndeksi üzrə hesabata əsasən, ardıcıl olaraq mövqeyini yaxşılaşdıran ölkələrin siyahısında yer alıb. Respublikamızda son illərdə görülən kompleks tədbirlər nəticəsində ərzaq təhlükəsizliyinin təmini sahəsində ciddi nailiyyətlər əldə edilib. Bir çox ölkələr COVİD-19 pandemiyası zamanı və Rusiya-Ukrayna müharibəsi nəticəsində əhalisini ərzaqla təmin etməkdə problemlə üzləşsə də, Azərbaycan əhalisi üçün vəziyyət belə olmayıb. 

Qeyd edilən istiqamətdə vaxtında görülən tədbirlər hazırda öz nəticələrini verir. Bu baxımdan Azərbaycan Res­publikası Prezidentinin 2022-ci il 19 iyul tarixli “Ərzaqlıq buğda ilə özünütə­minetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fər­manı da xüsusi qeyd olunmalıdır. Bu sənəd ölkənin ərzaqlıq buğda ilə özü­nütəminetmə səviyyəsinin yüksəldil­məsini və ərzaq təhlükəsizliyinin güc­ləndirilməsini qarşıya mühüm vəzifə kimi qoyur. Xatırladaq ki, dövlət başçı­sının həmin fərmanına uyğun olaraq, 2023-cü ildə müvafiq tədbirlərin həyata keçirilməsi üçün 180 milyon manat və­sait nəzərdə tutulub.

Baş nazir Əli Əsədovun Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyətinə dair hesabatında da bu dövr ərzində respublikanın ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı daxili bazarda özünütəminat səviyyəsinin qorunması və əhalinin əsas ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması istiqamə­tində önəmli layihələr həyata keçirildi­yini bildirib. 

Baş nazir daha sonra deyib: “Əsas ərzaq məhsulları üzrə ehtiyatların yara­dılması ilə bağlı qərarlar qəbul olunub. Minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı ilə məşğul olan sahibkarlara güzəştli şərtlərlə kreditlər, faiz sub­sidiyaları və vergi-gömrük güzəştləri verilib. Ötən il ərzində kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərə­findən maliyyə dəstəyi olaraq ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağ­lı tədbirlərin maliyyələşdirilməsi üçün 540 milyon manat vəsait sərf edilib”. 

Yeri gəlmişkən, hazırda ölkəmiz­də kənd təsərrüfatında məhsul isteh­salının artmasına yönələn tədbirlərin həyata keçirilməsi qarşıdakı illərdə ər­zaq təhlükəsizliyinin gücləndirilməsini şərtləndirir. Ötən ilin iyul ayında qəbul edilən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi in­kişaf Strategiyası”nda ölkədə ərzaq təhlükəsizliyinin daha da gücləndiril­məsinə xidmət edən layihələr məhz həmin məqsədi daşıyır. 

Hazırda ölkəmizin buğda ehtiya­tının dayanıqlığı üzərində iş aparılır. Qarşıdakı illərdə 80-100 min hektar arasında torpağın əkin dövriyyəsinə cəlbi planlaşdırılır. Prezident İlham Əli­yev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görü­şü çərçivəsində keçirilən müzakirələr­də bununla bağlı deyib: “İşğaldan azad olunmuş Qarabağın və Şərqi Zəngə­zurun böyük kənd təsərrüfatı poten­sialı var. Hazırda Kənd Təsərrüfatı və İqtisadiyyat nazirlikləri, həmin zonalar­da Prezidentin xüsusi nümayəndələri və digər qurumlar birgə çalışırlar ki, kənd təsərrüfatına uyğun torpaqlardan maksimal səmərəliliklə istifadə edilsin. Çünki 30 il ərzində Ermənistan qanun­suz olaraq torpaqlarımızı istismar edib, lakin bu da səmərəsiz edilib. Onlar heç bir vəsait yatırmayıb, sadəcə, torpaq­dan istifadə ediblər və bu səbəbdən məhsuldarlıq Azərbaycanda digər növ­lərlə müqayisədə üç dəfə aşağı olub. İndi isə biz azad olunmuş ərazilərə qayıdacaq fermerlərimiz üçün hansı məhsulların yetişdirilməsi ilə bağlı töv­siyələr hazırlayırıq və zənnimcə bu iş bitib. Biz onları məcbur edə bilmərik. Lakin güzəştli subsidiyalarla biz onları istiqamətləndirə bilərik ki, bəzi torpaq­lar kartof, digərləri başqa tərəvəz və meyvələr üçün istifadə edilsin”.

Qeyd edək ki, Qarabağda və Şərqi Zəngəzurda bitkiçiliklə yanaşı, heyvan­darlıq da inkişaf etdirilir. Artıq qoyun­çuluq təsərrüfatları yay aylarında Kəl­bəcər və Laçın yaylaqlarına köçürülür. Təkcə keçən il adları çəkilən iqtisadi zonalardakı yaylaqlara 61 mindən çox arı ailəsi aparılıb. 

Qarşıdakı illərdə isə işğaldan azad olunmuş ərazilərin hesabına Azərbay­canın ərzaq təhlükəsizliyinin daha da güclənəcəyi proqnozlaşdırılıb. 

Eldəniz Əmirov,
iqtisadçı-ekspert

Ərzaq təhlükəsizliyinin təmina­tında strateji əhəmiyyəti olan taxıl­çılıq kənd təsərrüfatı sektorunun aparıcı sahələrindən biridir. Bitkiçi­lik sahəsinə aid olan taxılçılıq aqrar sektorun əsasını təşkil edərək əha­linin çörək və çörək məmulatlarına tələbatını ödəməklə yanaşı, həm də heyvandarlığın yemə ehtiyacı­nın təminində mühüm rol oynayır. Ona görə də taxılçılıq təsərrüfatının inkişafı prioritet istiqamətdir. 

Prezident İlham Əliyev çıxışları­nın birində bu məsələyə toxunaraq taxılçılığın ərzaq təhlükəsizliyin­də mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Dövlətimizin baş­çısı bu istiqamətdə əsas tələbatın təmin olunmasını zəruri şərt hesab edib. Ölkə rəhbəri taxıl istehsalın­da 100 faiz təminatı böyük torpaq sahələrinin şərtləndirdiyini bildirib. 

Fikrimcə, Ermənistanın uzun illər ərzində qanunsuz istismar et­diyi torpaqlarımız dövriyyəyə daxil edildikdən sonra dövlət başçımızın yuxarıda xatırlatdığım fikri gerçək­ləşəcək. Yəni ölkəmiz taxıl isteh­salında 100 faiz təminat məqsədini reallaşdıracaq. 

Onu da qeyd edim ki, hazır­da taxıl istehsalçıları olan fiziki və hüquqi şəxslərə dövlət büdcəsin­dən ayrılan subsidiya hesabına arpa və buğda toxumları, gübrə, dərman və herbisidlər alınaraq ve­rilir.

Taxıl istehsalının artırılmasının əsas yollarına gəldikdə isə deyə bilərəm ki, burada əsas rolu qısa rotasiyalı əkin dövriyyələri, torpaq becərmələri, gübrə verilməsinin səmərəli üsulları, həmçinin optimal səpin müddəti və normalarının, yeni intensiv sortların təsərrüfatlara tətbiqi, keyfiyyətli toxum materialın­dan istifadə edilməsi və əkinlərin xəstəlik, ziyanverici, eyni zamanda, alaqlardan mühafizə olunması kimi amillər oynayır. 

Göstərilən becərmə komplek­sinə daxil olan əhəmiyyətli tədbirlər­dən biri də taxıl səpininin vaxtında və keyfiyyətlə aparılmasıdır. Key­fiyyətli səpin aparmaqla sağlam və kütləvi cücərtilərin alınması məhsu­lun yarısı deməkdir. Yüksək texno­logiya əsasında fəaliyyət göstərən, müasir aqro tələblərə əməl edən təsərrüfatların əkin sahələrində yüksək göstəricilərə nail olunması məhz bunun bariz ifadəsidir.

 

Vaqif BAYRAMOV, “Xalq qəzeti”



İqtisadiyyat