Mülki Müdafiə Mexanizminin yaradılması türk dövlətləri arasında əməkdaşlığı gücləndirəcək

post-img

Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının (TDT) martın 16-da Ankarada keçirilmiş Fövqəladə Zirvə görüşündə qardaş ölkələrin gələcək fəaliyyəti və işbirliyi ilə bağlı mühüm qərarlar qəbul edilib. Müzakirə olunmuş belə mühüm məsələlərdən biri də təşkilatın Mülki Müdafiə Mexanizminin yaradılması və bununla bağlı sazişin imzalanması barədə qərara gəlinməsidir. Bu barədə Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə görüşünün Ankara bəyannaməsində bildirilir.

Bəyannamədə türk dövlətlərinin gələ­cək perspektivləri ilə bağlı olan “Türk Dünyasına Baxış 2040” sənədinə uy­ğun addımların atılmasına – TDT regi­onunda və ümumiyyətlə, dünyada təbii fəlakətlərin qarşısının alınması, onlara cavab verilməsi və nəticələrinin aradan qaldırılması üçün ikitərəfli və çoxtərəfli əməkdaşlığın və koordinasiyanın zəruri­liyinə diqqət yetirilir. Məsələ bundadır ki, bu istiqamətdə atılmalı olan addımlardan biri də məhz Mülki Müdafiə Mexanizminin yaradılmasıdır ki, bununla bağlı 2021-ci ildə TDT-nin 8-ci Zirvə görüşündə qəbul olunmuş bəyannamənin 51-ci bəndində xatırladılır. Bir qədər sonra, 2022-ci il dekabrın 21-də isə Ankarada AFAD-da təşkilata üzv ölkələrin Fəlakət və Fövqə­ladə Halların İdarəedilməsi üzrə nazirlə­rin görüşü keçirilib və burada müəyyən nəticələrə gəlinib. 

Nəhayət, bu il martın 6-da Türkiyə­də baş vermiş dağıdıcı zəlzələlərdən sonra bu məsələ daha böyük aktuallıq kəsb edib. Ankarada keçirilmiş TDT 9-cu Zirvə görüşündə baş verə biləcək müm­kün fəlakət və fövqəladə hallar zamanı ehtiyacların səmərəli, əlaqələndirilmiş və vaxtında həll edilməsi üçün təşkilata üzv dövlətlərin fəlakətlərin idarə edilməsi üzrə milli qurumları arasında əməkdaşlı­ğı gücləndirmək barədə razılığa gəlinib. Bu xüsusda TDT Mülki Müdafiə Mexaniz­minin yaradılması haqqında Sazişin təş­kilatın Qazaxıstanda keçiriləcək növbəti, 10-cu Zirvə görüşünədək imzalanması barədə müvafiq qurumlara tapşırıq veri­lib. 

TDT Zirvə görüşünün nəticələrinə dair mətbuat konfransı keçirmiş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da belə bir təsisatın yaradılmasını vacib he­sab etdiyini, bu mexanizmin TDT ölkələ­rinin müvafiq qurumları arasında əmək­daşlığı daha da gücləndirəcəyini bildirib. 

Ərdoğan, eyni zamanda, təşkilata üzv olan ölkələrin Türkiyədəki zəlzələlə­rin nəticələrini aradan qaldırmaqda bö­yük dəstək verdiklərini qeyd edib. 

O, Türkiyədə baş vermiş zəlzələlər­dən sonra “Fəlakət - Fövqəladə halla­rın idarə edilməsi və humanitar yardım” mövzusunda Fövqəladə Zirvə görüşünün keçirilməsi təşəbbüsünə görə Prezident İlham Əliyevə minnətdarlığını da ifadə edib: “Zirvə görüşünün keçirilməsi çağı­rışı ilə çıxış edən can Azərbaycanın Pre­zidenti cənab İlham Əliyevə şəxsən öz adımdan və millətim adından təşəkkürlə­rimi bildirirəm”.

Rəcəb Tayyib Ərdoğan görüşdə Türk İnvestisiya Fondunun yaradılmasına dair qərarı xüsusi qeyd edib. Onun sözlərinə görə, Xəzər hövzəsində Türk dünya­sı ölkələri ilə neft, təbii qaz və elektrik enerjisi sahələrində irimiqyaslı layihələr də birlikdə və uğurla həyata keçirilir: “Bakı-Tbilisi-Ceyhan boru kəməri 16 ildir Azərbaycan, Türkmənistan və Qazaxıs­tan neftini dünya bazarlarına fasiləsiz çatdırır. Onurğa sütununu TANAP-ın təş­kil etdiyi Cənub Qaz Dəhlizi sayəsində türk dövlətləri Avropanın enerji təhlükə­sizliyinin təmin olunmasında mühüm rol oynayırlar”.

Türkiyə zəlzələsi bir tərəfdən ölkə üçün böyük dağıntı və insan itkisi ilə nəticələnsə də, digər tərəfdən, türk dövlətlərinin birlik və həmrəyliyinin gü­cünü nümayiş etdirdi. Azərbaycan da, Mərkəzi Asiyadakı türk dövlətləri də, elə Avropanın mərkəzindəki Macarıstan da Türkiyəyə hərtərəfli qardaş köməyini göstərdi. Nəzərdə tutulan Mülki Müdafiə Mexanizminin yaradılması isə gələcəkdə bu cür fəlakət hallarının qarşısının alın­masında və nəticələrinin aradan qaldırıl­masında daha çevik hərəkət etməyə im­kan verəcək. İnanırıq ki, TDT 9-cu Zirvə görüşündə bu istiqamətdə qəbul edilmiş qərarlar və verilmiş tapşırıqlar tezliklə öz həllini tapacaq və qardaş ölkələrimiz arasında əməkdaşlığı daha da güclən­dirəcək. 

 

P.ƏMİRCANOV, “Xalq qəzeti”

Siyasət