Son, yoxsa Ermənistan üçün “ikinci xunta” perspektivi

post-img

Ruben Vardanyanın ona Qarabağdakı separatçı rejimdə faktiki olaraq ikinci şəxs statusu qazandıran oyuncaq “dövlət naziri” postundan uzaqlaşdırılması Ermənistanda ciddi müzakirə mövzularındandır. Erməni siyasilər bildirirlər ki, Rubenin heç dörd aya çatmayan mövcudiyyəti bölgəyə xaricdəki marağı artırdı. Ancaq onlar bu marağın qəribə amplitudası üzərində dayanır və deyirlər ki, Azərbaycan rəhbərliyinin Vardanyana qarşı sərt bəyanatlar səsləndirməsi fonunda beynəlxalq ictimaiyyət, ümumən, Qarabağ münaqişəsinin keçmişinə və hazırkı fazasına daha həssas yanaşmaq şansı əldə etdi. Bu əldəetmə isə heç də nikbinlik vəd etmir. Çünki hansı səmtdən baxılsa, dünya Qarabağın Azərbaycana məxsusluğunu qəbul edir. Ancaq görünən həm də budur ki, beynəlxalq aləmin bəzi qüvvələri Qarabağ üzərindəki oyunlardan da geri çəkilmək niyyətində deyillər. 

Vardanyanın gedişini təhlil edən Ermənistan siyasi dairələri onu dilə gətirmirlər ki, beynəlxalq ictimaiy­yətin duruma həssas yanaşması nəticəsində Qarabağın Azərbay­cana məxsusluğu düşüncəsi daha da möhkəmləndi, yaxud, Rubenin simasında Cənubi Qafqazda Rusi­ya separatizminin izləri xaricə daha qabarıq göründü. Vardanyana mü­nasibətin, məsələn, BBC-nin “Hard Talk” proqramında (Vardanyan hə­min verilişdə biabır olmuşdu) olduğu kimi, mənfi zəmində formalaşdığını bildirənlər də çox deyil. 

Ermənistan siyasətçiləri vurğula­yırlar ki, Rubenin adı BMT Təhlükə­sizlik Şurasındakı müzakirələr za­manı hallanıb və hətta Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrov­la həmin vaxtkı danışıqlarda onun bölgədəki varlığı məsələsini qaldı­rıb. Ən əsası isə onlar Azərbaycan Prezidenti İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilmiş Cənubi Qafqazda təhlükə­sizlik məsələlərinə dair panel müza­kirədə eks “dövlət nazirindən” söz açdığını önə çəkiblər. Dövlət başçı­mızın həmin müzakirədəki fikirlərini olduğu kimi yayımlayıblar.

Ermənistanın siyasi dairələri və mediası, həmçinin Vardanyanın gedişinə Azərbaycanın Xarici işlər nazirinin münasibətini də geniş mü­zakirə edir. Qeyd edək ki, nazir C.Bayramov bildirmişdi ki, Qarabağa kənardan gələn və ya kiminsə oyunu üçün göndərilən şəxs danışıq tərəfi ola bilməz və onun arxasında du­ranlar “Vardanyan layihəsinin” baş tutmayacağını anladılar.

Ermənistan mediası onu da vurğulayır ki, Vardanyanın “dövlət naziri” postundan gedişi artıq həll olunmuş məsələ kimi ilk dəfə yan­varın ortalarında ictimai müzakirəyə çıxarılmışdı. Lakin çox güman ki, Rubenin özü istefa verməkdən im­tina edirdi. Nəticədə qondarma reji­min rəhbəri Arayik Arutyunyan onu administrativ formada uzaqlaşdırdı. İrəvan siyasiləri bunu Bakının tələb­lərinin yerinə yetirilməsi sayır.

Vardanyanın gedişinin əsas sə­bəblərindən biri də Ermənistanın baş naziri Nikol Paşinyanla onun arasın­dakı gərginlikdir. Hər halda erməni mediası mövcud həqiqəti də vurğu­layır. Bu zaman birincinin Qarabağı Azərbaycanın tərkib hissəsi kimi ta­nımaqla, Bakı ilə münasibətləri nor­mallaşdırmaq planını razılaşdırdığı önə çəkilir. O da deyilir ki, ikinci, yəni Ruben, özünü həm Nikolla, həm də Azərbaycan Prezidenti ilə eyni sə­viyyəyə qoymaq istəyirmiş. Bu isə ilk növbədə Ermənistan hakimiyyətində kəskin narazılıq doğurub. Beləcə erməni ictimai rəyi qənaətə gəlir ki, Paşinyanla yaxından əlaqəsi olan A.Arutyunyan Vardanyanı uzaqlaş­dırmaqla, faktiki olaraq, baş nazirə planlarının həyata keçirilməsində kömək göstərib və göstərməkdədir. 

R.Vardanyanın gedişindən son­rakı durumun təhlilini aparan ermə­ni kütləvi informasiya vasitələrinin və ekspert dairələrinin daha bir fikri bundan ibarətdir ki, öz komandası ilə Ermənistan cəmiyyətini fəal şə­kildə Qarabağın təslim olmasına, həmçinin, Azərbaycan və Türkiyə ilə münasibətlərdə (Rusiya ilə münasi­bətlərin pisləşməsinə görə) yeni era­nın açılmasına hazırlaşan Paşinyan məsələyə dəstəyin daha bir yolunu Qarabağın özündə axtarır. O, bölgə­dəki siyasətçilərin vasitəsilə yerliləri prosesə hazırlamağa çalışır. 

Məsələn, Qarabağdakı “Vahid Vətən” partiyasının lideri Samvel Babayan sakinləri Rusiyanın Qara­bağdan çıxarılması və Moskvanın bölgəyə təsir imkanından məhrum olunması müqabilində Bakının nələ­risə güzəştə gedə biləcəyinə inan­dırmağa çalışır. Qeyd edək ki, R.Var­danyan da həmişə özünün idarəetmə tərzinin Qarabağ elitası və “dövlət aparatında” heç də hamının xoşuna gəlmədiyini vurğulayır, bu durumun mövqelərinin möhkəmlənməsinə ma­neə yaratdığını etiraf edirdi.

***

“Əslində, Azərbaycan Qarabağda hansı siyasi proseslərin baş verəcə­yinə qərar verir. Arutyunyan məhz bunu göstərdi. Nə vaxt ki, Qarabağ birləşdi və Ruben Vardanyan da ona qoşuldu, Arayik yenidən məğlubiyyət­çi mövqe göstərərək, mübarizə yo­lundan geri çəkildi. O, birliyə xəyanət etdi”. Bu fikri qondarma rejimin eyni mahiyyətli parlamentinin “Ədalət” fraksiyasının katibi Metaxe Akopyan dilə gətirib. O da digər etirazçılar kimi, Arutyunyanın qərarlarını N.Paşinyan­la razılaşdırdığına əmindir: “Paşinyan bir qarabağlının əli ilə Qarabağı Azər­baycana təslim etmək planına malik­dir. Biz son mərhələdəyik”.

Erməni siyasilər Vardanyanın istefaya göndərilməsinin BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin Laçın yolundakı vəziyyətlə bağlı qə­rarından dərhal sonra baş verməsinə də diqqət çəkirlər. Onların fikrincə, BƏM-in qərarı, guya, Azərbaycanın əleyhinə olub, Arutyunyan isə Rube­ni “vəzifəsindən” çıxarmaqla, Bakı­nın vəziyyəti öz xeyrinə çevirməsinə şərait yaradıb.

***

Əlbəttə, bu fikirlərdən heç də o qənaətə gəlmək olmaz ki, R.Vardanyanın işdən uzaqlaşma­sı, belə demək mümkünsə, axı­na qarşı üzmək effekti yaradan hadisədir. Ancaq görünən budur ki, Ermənistan daxilində Rubenin əlahiddə statusunu vurğulayan qüv-vələr qalmaqdadır. Onların tərkibinə diqqət yetirdikdə isə dalğanın hara­dan gəldiyini müəyyənləşdirmək çox asandır. Heç şübhəsiz, dövriyyəyə Rusiya amili girir.

Bəzi siyasi ekspertlər bildirirlər ki, Moskva 2018-ci il inqilabından sonra Ermənistanda itirdiyi mövqelə­rini bərpa etməyə müxtəlif cəhdlər göstərsə də, buna nail ola bilməyib. Nəticədə Qarabağdakı erməni ma­raqları üzərinə oynamaq qərarına gəlib və bölgədə R.Vardanyanın əli ilə, bir növ, mikro Ermənistan qur­maq istəyib ki, yekunda onu İrəvana qarşı alternativ qoysun. Lakin görün­düyü kimi, məsələ həllini tapmadı. Bu yerdə vaxtilə Koçaryan-Sarkis­yan Qarabağ klanının Ermənistanda hakimiyyəti ələ keçirdiyinə və uzun müddət iqtidarda qaldığına diqqət çəkməliyik. Deməli, eyni plan işləyir­miş. Bəlkə, yenə də işləyir...

Bəs, Rubenin gedişindən sonra vəziyyət necə olacaq? Bu barədə də müəyyən fikirlər dolaşmaqdadır. Məsələn, milyarder Vardanyanın öz maliyyəsi hesabına Ermənistanın siyasi həyatına güclü şəkildə nüfuz edəcəyini və oradakı anti-Azərbay­can və anti-türk qüvvələri, millətçiləri öz ətrafında birləşdirəcəyini, hakimiy­yətə ən real müxalif qüvvəyə çevril­mək üçün əzmlə çalışacağını vurğu­layanlar var. Deməli, Ermənistanda ötən illərin haqqında bəhs etdiyimiz “xunta təcrübəsi” yenidən sınaqdan çıxarıla bilər. Daha dəqiq desək, Qa­rabağ kartı üzərinə oyun oynamaqla hakimiyyətə gəlmək təcrübəsi. 

 

Ə.RÜSTƏMOV, “Xalq qəzeti”

Siyasət