Zəngəzur dəhlizi – regionda ayırıcı yox, birləşdirici amil

post-img

İkinci Qarabağ müharibəsinin nəticələrinin Cənubi Qafqaz regionunun inkişafında yeni səhifə açdığı hamıya məlumdur. Buna görə də, 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli Bəyanat, sadəcə, atəşkəs razılaşması kimi qiymətləndirilmir. Bu sənəd, həmçinin, regionun müharibədən sonrakı inkişafının konturlarını da müəyyənləşdirdi. 

Bəyanatın 9-cu maddəsi 1990-cı illərin əv­vəllərində Birinci Qarabağ müharibəsindən son­ra bağlanan regional nəqliyyat-kommunikasiya əlaqələrinin açılmasını nəzərdə tutulur. Bu mad­dəyə əsasən, bütün kommunikasiyalar bərpa edilməli, Azərbaycan Ermənistanın Sünik rayonu (Zəngəzur) ərazisindən öz əsas ərazisi ilə Nax­çıvan anklavı arasında maneəsiz hərəkət üçün nəqliyyat marşrutu ilə təmin edilməlidir. Ancaq tarixi şansdan istifadə etməyə tələsməyən Er­mənistan qlobal əhəmiyyətli Zəngəzur dəhlizinin açılmasına əngəl yaratmağa çalışır. 

Azərbaycan Ordusu 44 günlük müharibə nəticəsində işğal olunmuş torpaqları azad etdik­dən sonra Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli Bəyanatın icrası ilə region müharibə vəziyyətindən çıxdı və yeni nəqliyyat xətləri sayəsində iqtisadi dirçəliş döv­rünə qədəm qoydu. Həmin sənədə əsasən, Qa­rabağ probleminə görə 30 il bağlı qalmış bütün nəqliyyat marşrutları açılmalıdır. Zəngəzur bir vaxtlar azərbaycanlıların yaşadıqları Azərbayca­nın tarixi ərazisi olsa da, 1920-ci illərdə keçmiş SSRİ tərəfindən Ermənistana birləşdirilmiş və hələ də onun sərhədləri daxilindədir. Zəngəzurun Ermənistana verilməsindən sonra Azərbaycan Naxçıvanla quru əlaqəsini itirdi. 44 günlük müha­ribədən sonra Naxçıvanla quru əlaqənin yenidən bərpa edilməsi imkanı yaranmışdır. Mütəxəssis­lərin sözlərinə görə, Zəngəzur dəhlizinin açılması Naxçıvanı həm də əsas nəqliyyat mərkəzlərindən birinə çevirəcək. Eyni zamanda, Zəngəzur dəhlizi həm də Naxçıvanda istehsal edilən məhsulların daha geniş bazara çıxarılmasına şərait yarada­caq. Bu dəhlizin həm də Naxçıvana sərmayənin cəlb edilməsi baxımından da əhəmiyyəti böyük­dür. 

Regional nəqliyyat marşrutlarının tam açıl­ması həm Ermənistanın, həm Azərbaycanın, həm də qeyri-regional potensial istifadəçilərin, xüsusilə Rusiya, Türkiyə, İran, Avropa İttifaqı və Çinin maraqlarına cavab verir. Bu tranzit dəhlizi Xəzər dənizi, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri vasitəsilə Avropanı Çinlə birləşdirən mul­timodal nəqliyyat marşrutu olan Orta Dəhlizin potensialını da artırır. Bu isə mütəxəssislərin fik­rincə, Ermənistan və Azərbaycanın iqtisadiyyatı üçün faydalı olacaq. Məsələn, proqnozlara görə, dəhlizin işləməsi nəticəsində nəqliyyat və iqtisadi əlaqələrin bərpası Ermənistanın ÜDM-ni artıra­caq. Bundan başqa, İrəvan təkcə Zəngəzur dəh­lizinin Azərbaycanın Naxçıvanla əlaqəsi üçün is­tifadəsinə görə tranzit ödənişlərindən deyil, həm də bir çox digər dövlətlərin, o cümlədən Rusiya tərəfindən yüklərin daşınması üçün istifadəsin­dən də faydalanacaq. Bir sözlə, Zəngəzur dəhlizi sayəsində Ermənistan regionda təcrid olunmuş vəziyyətdən çıxaraq, Orta Dəhlizin bir hissəsinə çevriləcək. 

Rusiya və Türkiyə də müharibədən sonrakı regional əməkdaşlıq layihələrindən faydalana­caq. Zəngəzur dəhlizinin açılması Rusiyanın Ermənistanla daha sabit nəqliyyat əlaqəsi və Türkiyə ilə sabit quru əlaqəsini təmin edəcək. Qeyd etmək lazımdır ki, bu dəhliz Rusiya üçün həm iqtisadi, həm də geostrateji baxımdan əhə­miyyətlidir. Moskva Avropa istiqamətində Rusiya yük axınlarının çətinlikləri və ya tıxanması fonun­da malların tədarükü üçün yeni etibarlı kanal­larda maraqlıdır. Mütəxəssislərin fikrincə, məhz bu səbəbdən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu belə bir əhəmiyyət kəsb edir və bunun sayəsində Qazaxıstan və onun qonşuları Cənubi Qafqazdan Avropa İttifaqına yük daşıya bilirlər. Bu baxımdan Zəngəzur dəhlizi Bakı-Tbilisi-Qars dəmir yolu ilə müqayisədə Türkiyəyə daha qısa marşrutdur və müasir avtomobil yolunu özündə birləşdirir. Eyni zamanda, Rusiya üçün Zəngəzur dəhlizi Türkiyəyə ən yaxşı avtomobil və dəmir yolu çıxışını təmin edəcək. Ekspertlərin fikrincə, Gürcüstan Yuxarı Lars hərbi magistralında tıxac və qeyri-sabitlik, xüsusən qışda Rusiyanın Gür­cüstan, Ermənistan və Türkiyəyə qurudan nəqli üçün böyük problemlər yaradır. Buna görə Rusi­yanın maraqları baxımından Zəngəzur dəhlizinə qarşı hər hansı arqument tapmaq çətindir.

Dəhlizin həyata keçirilməsində ən çox Ermə­nistan maraqlı olmalıdır. Çünki bu marşrut res­publikanın İrana dəmir yolu çıxışını açacaq və Rusiya ilə əlaqə daha səmərəli olacaq. Siyasi analitiklər bildirirlər ki, Zəngəzur dəhlizi Ermənis­tana uzunmüddətli nəqliyyat tədricindən çıxmağa və iqtisadi sahədə qonşuları ilə normal təmaslar qurmağa şərait yaradacaq. Ancaq bu qədər geo-siyasi üstünlüklərin perspektivi fonunda Ermə­nistan hökumətinin layihənin icrasını ləngitməsi təəccüb doğurur. Bu gün Ermənistana Zəngəzur dəhlizi, az qala, Azərbaycanla bağlanan sülh müqaviləsi qədər lazımdır.

Anti-Azərbaycan qüvvələr Zəngəzur dəhlizi­nin mənfi cəhətlərindən danışırlar. Xüsusilə də erməni müxalifəti iddia edir ki, guya, Zəngəzur dəhlizi Ermənistanı suverenlikdən məhrum edir, İranı Ermənistanla kəsir və Qərbin Rusiyanı sanksiyalarla boğmasının qarşısını alır. Ona görə də, guya, layihə nə Ermənistana, nə İrana, nə də Qərbə sərfəlidir.

İlk baxışda belə görünə bilər ki, İrəvanın nəzarətindən kənarda Ermənistan ərazisində müəyyən ekstraterritorial marşrut yaranır. Əslin­də, bu, belə deyil. Bundan başqa, Azərbaycan ərazisində də analoji dəhliz (Laçın) varsa, niyə Ermənistan ərazisində dəhliz ola bilməz? Üçün­cüsü, Ermənistanın nəqliyyat marşrutlarının yaradılmasından əldə etdiyi fayda danılmazdır, çünki regional təcridin saxlanılacağı təqdirdə İrə­vanın iqtisadi gələcəyi böyük sual altına düşür. 

Bir sözlə, dəhlizin açılması region ölkələrinin mənafelərinə xidmət edir və tarixi İpək Yolunun daha da canlanmasına təkan verəcək. Zəngəzur dəhlizi həm də ticarətin və regional əməkdaşlı­ğın canlanması üçün həyati əhəmiyyət kəsb edir. Bu məsələdə Rusiya, Türkiyə və Azərbaycanın maraqları kəsişir. Rusiya bu dəhliz vasitəsilə Er­mənistan, İran və Türkiyə ilə əlaqələrini daha da gücləndirə, Ermənistan isə Azərbaycan vasitə­silə Rusiya ilə ticarət apara bilər. Başqa sözlə, Ermənistanın Türkiyə və Azərbaycanla normal­laşması təcrid vəziyyətindən çıxmasına və inki­şafına töhfə verər.

 

Səbuhi MƏMMƏDOV, “Xalq qəzeti”

Siyasət