Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır və bu ölkənin qanunları çərçivəsində yaşamalıdırlar

post-img

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda keçirilən plenar iclasda Cənubi Qafqazın üç ölkəsinin liderinin iştirakı tarixi hadisə oldu. Tarixdə ilk dəfə idi Azərbaycanın, Ermənistanın və Gürcüstanın rəhbərləri eyni vaxtda bir platformada görüşürdülər. Bu görüş Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsinin müzakirəsi baxımından yaxşı fürsət oldu.

Bu sözləri AZƏRTAC-a müsahibəsində gürcü politoloq Simon Kopadze söyləyib.

O qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi ümumi geosiyasi vəziyyəti tamamilə dəyişib. Bu müharibə ölkələrimizin bəzi ənənəvi tərəfdaşları ilə iqtisadi-ticari əməkdaşlıq sahəsində müəyyən çətinliklər yaradıb. Buna baxmayaraq, Mərkəzi Asiyadan daşınan yüklərin Azərbaycan və Gürcüstan vasitəsilə Avropaya yönəldilməsi üçün əlavə imkanlar açıb.

S.Kopadze deyib ki, panel iclasında regionda vəziyyətin xüsusi diqqət mərkəzində olması və müzakirələr zamanı Azərbaycan Prezidenti İlham Əliyevin prinsipial mövqe nümayiş etdirməsi, Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin də bu mövqeyi dəstəkləməsi olduqca vacib şərtdir.

Dünyanın əksər ölkələrinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatı Ermənistanın kapitulyasiyası kimi qəbul etdiklərini, müharibənin nəticələrinin beynəlxalq ictimaiyyət və Ermənistan cəmiyyəti tərəfindən tanındığını vurğulayan politoloq deyib: “Azərbaycan və Gürcüstan çoxmillətli ölkələrdir. Ölkələrimizdə bütün azlıqlar mədəniyyət, dil, həmçinin təhlükəsizlik də daxil olmaqla, eyni hüquq və üstünlüklərdən faydalanırlar. Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, azlıqdır. Onlar da Azərbaycan qanunları çərçivəsində yaşamalı və onlara verilən hüquqlardan yararlanmalıdırlar. Prezident İlham Əliyevin dediyi kimi, bunun alternativi yoxdur”.

Politoloqun fikrincə, 2023-cü ilin yazında regionda və dünyada bir sıra mühüm dəyişiklilər ola bilər. Bu dəyişikliklər Rusiya-Ukrayna müharibəsi fonunda baş verəcək. Dəyişikliklər regiona sabitlik və sülh, inkişaf və tərəqqi gətirəcək. Bu, eyni zamanda, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin bağlanmasını sürətləndirəcək. Sülh müqaviləsinin imzalanması isə regionun sürətli inkişafına zəmin yaracaq.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Siyasət