Blokadada olan Xankəndi deyil, Naxçıvandır

post-img

“Bizim beynəlxalq tərəfdaşlarımızla razılaşdırılıb ki, Qarabağdakı erməni azlığın hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr aparılacaq. Biz bunu etməyə hazırıq, lakin erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə, Qarabağda Rusiyadan rəhbər mövqe tutmaq üçün ixrac edilmiş (exported) şəxslə deyil. Ola bilsin ki, “ixrac edilmiş” düzgün ifadə deyil, mən yəqin ki, “gizli yolla keçirilmiş” ifadəsini üstün tutardım. Çünki heç kim onun Qarabağda necə peyda olduğunu, İrəvana qayıtmağa, oradan Moskvaya və yenidən İrəvana, sonra isə Qarabağa qayıtmağa necə çalışdığını və buna nail olduğunu bilmir. Təkcə bu fakt blokadanın olmadığını göstərir. Blokadanın olmadığını göstərən ikinci fakt ondan ibarətdir ki, dekabrın 12-dən bizim vətəndaş cəmiyyəti fəallarımız keçid məntəqəsinə gələndən indiyədək 2500-dən çox nəqliyyat vasitəsi, o cümlədən, Rusiya sülhməramlılarının və Qırmızı Xaçın təmsilçilərinin yük avtomobilləri keçib. Qarabağdan demək olar ki, 100 pasiyent müalicə üçün Qırmızı Xaç tərəfindən Ermənistana aparılıb. Beləliklə, yol açıq olduğu halda biz bunu necə blokada adlandıra bilərik?!”. 


“Yol açıq olduğu halda biz bunu necə blokada adlandıra bilərik?!” Bu sözləri 
Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclası zamanı konfransın sədri Kristof Heusgenin Laçın–Xankəndi yolu ilə bağlı sualını cavablandırarkən deyib. Ölkə başçısı bildirib ki, Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağa hazırıq. Bu gün Dövlət katibi Blinkenin qarşısında mən Ermənistandan olan həmkarıma bu barədə dedim. Lakin biz bunu o zaman edə bilərik ki, Rusiya vətəndaşı, cinayətkar oliqarx, Avropada çirkli pulların yuyulmasında əli olan şəxs – Vardanyan bizim ərazimizi tərk etsin.
Dövlət başçımız iclasda işlədilən “Dağlıq Qarabağ” ifadəsinə sərt reaksiya verərək xatırladıb ki, “Dağlıq Qarabağ” sözü artıq qüvvədən düşüb, Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur: “Ona görə də mən tərəfdaşlarımızdan xahiş etmək istərdim ki, Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət etsinlər. Azərbaycanda erməni əhalinin olduğu Qarabağ rayonu var. Beləliklə, bu iki istiqamətli həll, faktiki olaraq, bizim Ermənistanla danışıqlarımızı Qarabağdakı ermənilərlə əlaqələrimiz kimi daxili məsələlərimizdən ayırır. Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, azlıqdır. Azərbaycan çoxmillətli ölkədir və Azərbaycanda bütün azlıqlar mədəniyyət, dil, həmçinin təhlükəsizlik də daxil olmaqla, eyni hüquq və üstünlüklərdən faydalanırlar”.
Ermənistanın baş naziri Nikol Paşinyan isə iclasda həyasızcasına Laçın yolunun bağlı olduğunu, Qarabağın ermənilər yaşayan ərazilərində humanitar, eləcə də enerji və qaz böhranının baş verdiyini bildirib. Dünya mətbuatının fikri məlumdur, xarici KİV böhranın olmadığını video və fotofaktlarla sübut edirlər. Hətta xarici ölkələrin media nümayəndələri əraziyə gələrək, yolun açıq olduğunun şəxsən şahidi olublar. Ermənistan mətbuatına gəldikdə isə hətta, orada da yolun açıq olduğu yazılır. Ermənistanın rəsmi şəxsləri də zaman-zaman yolun açıq olmasını etiraf ediblər. Lakin Paşinyanın sərsəm açıqlaması Ermənistan hökumətinə hörmət qazandırmır, əksinə, gülünc vəziyyət yaradır. 
Milli Məclisin deputatı Rasim Musabəyov qəzetimizə açıqlamasında Münxen konfransının önəmindən, Azərbaycan Prezidentinin olduqca vacib məsələlərə toxunduğunundan danışdı: “Prezidentimiz bildirdi ki, Ruben Vardanyan Qarabağdan rədd olub getməyənə qədər Azərbaycan Qarabağ icması ilə hər hansı bir məsələni müzakirə edəsi deyil. O ki qaldı, ekoaksiyaya, onun əsasları var. Azərbaycanın icazəsi olmadan əraziyə yad ünsürlər gələ, oraya silah, texnika daşına bilməz. Bunların qarşısını almaq üçün müştərək nəzarətin qurulmasına da razıyıq”.


***


Ekoaksiyanın 72-ci günündə də Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillər azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil etdikləri aksiya ərazisindən maneəsiz keçirlər. Həmişə olduğu kimi, humanitar təyinatlı nəqliyyat vasitələrinin heç bir maneə olmadan ərazidən sərbəst keçmələri bir daha aksiyanın məramının dinc olduğunu nümayiş etdirir. Azərbaycanlı ekofəallar etirazların ilk günündən humanist prinsiplərə sadiqdirlər. Heç də siyasi xarakter daşımayan bu aksiya Qarabağ ərazisində faydalı qazıntı yataqlarının istismarına qarşıdır. Xatırladaq ki, dünən aksiyanın təşkil olunduğu ərazidən hər iki istiqamətə Rusiya sülhməramlılarına və BQXK-yə məxsus, ümumilikdə, 70-ə yaxın avtomobil maneəsiz hərəkət edib.


Rizvan FİKRƏTOĞLU, 
 “Xalq qəzeti”

Siyasət