Fransa Ermənistanı yeni təxribatlara sürükləyir

post-img

Münxen Təhlükəsizlik Konfransında Fransa Prezidenti Emmanuel Makronun çıxışı ciddi müzakirələrə səbəb olub. Çıxışında, az qala, bütün dünyaya qarşı ağır ittihamlar irəli sürən Makron, Rusiyanı xüsusilə sərt tənqid edib. 


Maraqlıdır ki, Rusiyanı hədəf alan Makron Kremlin Cənubi Qafqazdakı forpostu, onun tarixi əlaltısı olan Ermənistana açıq dəstək ifadə edib. Fransa Prezidenti bildirib ki, onlar bundan sonra da Ermənistanın yanında yer almaqda davam edəcəklər: “Bu gün bizim vəzifəmiz Rusiyanın təkcə Ukraynada deyil, Qafqazda, Yaxın Şərqdə, Afrikada qeyri-sabitlik və xaos yayan qüvvə olduğunu izah etməyimizdir. Neokolonial Rusiyanın Qafqazdakı çətinliklərin öhdəsindən gələ biləcəyinə necə inanmaq olar? Mən bunu dostum, Baş nazir Nikol Paşinyanın yanında deyirəm: onun və Ermənistanın yanında dayanmağa davam edəcəyik”.
Makronun Ermənistana dəstək nitqi rəsmi Parisin beynəlxalq siyasi kursunun nə qədər yanlış və təhlükəli olduğunu bir daha ortaya qoyub. 


***


Parisin bu gün də ölkəmizə qarşı mina terrorunu davam etdirən Ermənistana verdiyi bu dəstək, Fransa hakimiyyətinin terrorçu mahiyyətindən, onun anti-bəşəri xüsusiyyətindən xəbər verir. Bu fakt sübut edir ki, Fransa bu gün terror və terrorçulara dəstək verən, qlobal terrorizmin əsas himayədarı rolunda çıxış edir. Bu isə Parisi erməni terrorizmindən belə daha təhlükəli edir.
Fransa hazırda erməni terrorizminin ilham mənbəyi, faktiki müdafiəçisi və təlimatçısıdır. Paris terrorçu Ermənistana təbii müttəfiqi kimi yanaşmaqda, onu geosiyasi oyunlarında əsas alətlərindən biri hesab etməkdədir. Makronun Paşinyanı “dostum” adlandırması, onun və Errmənistanın yanında yer alacaqlarını söyləməsi faktı bu gerçəyi sübut edir. Makronun Münxen Təhlükəsizlik Konfransındakı çıxışı göstərir ki, Rusiyanı neokolonist adlandıran Paris, Ermənistanla əməkdaşlıq fonunda qlobal terror şəbəkəsi formalaşdırmaqda, bu şəbəkənin fəaliyyətini koordinasiya etməkdədir. Başqa sözlə desək, bu gün bütün dünya erməni terrorizmi ilə yanaşı, həm də terrora siyasi himayədarlıq edən “Makron sindromu” ilə üz-üzə qalmaqdadır. 


Makronun dəstəyi arxasında nə dayanır?


Şübhəsiz, Makronun Ermənistana aşkar şəkildə qahmar çıxması, gələcəkdə də terror dövlətinin yanında olacağını bəyan etməsi heç də məqsədsiz və ya təmənnasız deyil. Fransanın erməni sevdasının arxasında ilk növbədə onun Cənubi Qafqaz regionuna gəlməsi istəyi dayanır. Fransa Cənubi Qafqaz regionundakı mövcudluğunu məhz Ermənistanın hesabına təmin edir ki, bu da rəsmi Paris üçün həm iqtisadi, həm də siyasi baxımdan böyük qazancdır. Əsrlərdir ki, Rusiya faktorunun birmənalı şəkildə üstünlük təşkil etdiyi, heç bir Avropa dövlətinin müdaxilə edə bilmədiyi Cənubi Qafqaz bölgəsi, bu gün Ermənistanın “dabanyalayan” siyasəti nəticəsində Fransa üçün açıq hala gəlib. Artıq Avropa İttifaqının müşahidə missiyası  qismində gələn həftə öz jandarmeriyalarını Cənubi Qafqaza göndərəcək Fransa, regionda hərbi mövcudluğunun təmini istiqamətində də zəmin formalaşdırmaq imkanı əldə edib. Hansı ki, gələcəkdə Fransanın regiondakı mövcudluğunu genişləndirəcəyi ehtimalı kifayət qədər böyükdür.
Fransanın “Ermənistan qapısından” keçərək regiona daxil olması Paris üçün iqtisadi baxımdan da müəyyən dividendə səbəb olacaq. Belə ki, Fransa bu yolla iqtisadi müstəqillikdən məhrum olan Ermənistan üzərində siyasi baxımdan olduğu kimi, iqtisadi baxımdan da ağalığa nail olacaq, bu üstünlükdən öz maraqlarının təminində gen-bol istifadə edəcək. 
Rəsmi Parisin regiona gəlişində məqsəd, həm də Fransanın Cənubi Qafqazda siyasi baxımdan da möhkəmlənmək arzusu ilə bağlıdır. Makron hakimiyyəti ümid edir ki, Fransanın Ermənistandakı mövcudluğu ölkəsinin Cənubi Qafqazda söz sahibi olmasına əhəmiyyətli dərəcədə təsir göstərəcək. Məhz bütün bu amillər səbəbi ilə Fransa Ermənistanı himayə etməkdə, onun bütün cinayətlərinə göz yummaqda, beləliklə də bu cinayətlərə şərik olmaqdadır. 
Makronun Münxen Təhlükəsizlik Konfransında Ermənistana verdiyi dəstək rəsmi İrəvan üçün sevindirici olmaqla yanaşı, onu yeni təxribatlara sürükləməkdədir. Belə ki, Fransa və digər ermənipərəst qüvvələrin dəstəyi nəticəsində bugünə qədər Azərbaycanla sülh sazişi imzalamaqdan yayınan Ermənistanın, Münxen Təhlükəsizlik Konfransından mənəvi güc alacağı şübhəsizdir. Çünki məhz Fransa və oxşaq qüvvələrin Ermənistana dəstəyi rəsmi İrəvanı yeni təxribatlara həvəsləndirməkdədir. Münxendə Fransanın Ermənistanın yanında yer aldığını bildirən Makronun məlum çıxışı İrəvanı qeyri-konstruktiv siyasətini gücləndirməyə, terror fəaliyyətini genişləndirməyə sövq edəcək ki, bu da regionda yeni gərginliklərin meydana çıxması deməkdir. 


Parisin oyunu İrəvanı məhv edəcək


Fransanın İrəvana dəstəyi Ermənistan tərəfindən sevinc və ümidlə qarşılansa da, bu dəstək erməni toplumuna uğurdan daha çox problem və faciə gətirəcək. Belə ki, İrəvanın birmənalı şəkildə Fransanın kölgəsinə sığınması, onu bölgəyə gətirməsi ilk növbədə Rusiya-Ermənistan münasibətlərində bərpası mümkün olmayan çatlar yaradacaq. Cənubi Qafqaz məsələsinə hər zaman həssas yanaşan Rusiyanın baş verənlərdən sonra Ermənistanı cəzalandırmaq istiqamətində həm iqtisadi, həm də siyasi baxımdan ciddi addımlar atması ehtimalı böyükdür. Bu isə tarixən Rusiyanın dəstəyi ilə var olan Ermənistan üçün qorxunc nəticə və arzuedilməz aqibət deməkdir. 
Fransanın bölgəyə gəlişi və İrəvana verdiyi təxribatçı dəstək Ermənistan-İran münasibətlərinə də təsirsiz ötüşməyəcək. Çox güman ki, Fransa bölgədəki mövcudluğundan istifadə edərək, Ermənistan ərazisindən İranı müşahidə üçün plasdarm kimi istifadə edəcək. Bunun isə Qərblə ənənəvi ziddiyyətdə  olan İran tərəfindən təqdirlə qarşılanmayacağı şübhəsizdir.
Ən əsası, Fransa Ermənistandakı mövcudluğundan istifadə edərək, Azərbaycan və Türkiyəyə qarşı düşmənçilik siyasətini daha açıq formada ortaya qoyacaq, Ermənistanı bu düşmənçiliyin əsas cəbhəsinə çevirəcək. Bu isə nicatı Azərbaycan və Türkiyə ilə normal əməkdaşlıqdan keçən Ermənistan üçün məhv olmaq, bir dövlət olaraq öz mövcudıluğunu itirmək deməkdir. Çünki Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, erməni faşizminin baş qaldırmasına, Ermənistanın yenidən region üçün təhlükəyə çevrilməsinə imkan verməyəcək. 
Bütün bu faktlar onu göstərir ki, Fransanın dəstəyi mahiyyət etibarı ilə Ermənistanı dirçəltmək əvəzinə məhv etməyə xidmət edir və nə qədər ki, gec deyil Ermənistan bu dəstəkdən imtina etməli, Azərbaycanın tələblərinə boyun əyməklə sülh sazişinə imza atmalıdır. Ermənistan üçün ikinci xilas yol yoxdur və bundan sonra da olmayacaq.

 

Seymur ƏLİYEV

Siyasət