Prezident İlham Əliyevin Münxen konfranslarındakı çıxışları beyin mərkəzlərinin təhlil predmetinə çevrilir

post-img

Münxen Təhlükəsizlik Konfransı (MTK) xarici siyasət və təhlükəsizlik sahəsində dünyanın ən mötəbər forumu sayılır. Forumda müzakirə edilən məsələlər, bir qayda olaraq, bəşəriyyəti narahat edən istiqamətləri, müxtəlif region və subregionlarda baş verən, lakin qlobal proseslərə təsir göstərən prosesləri əhatə edir. Forumda edilən çıxışlar, səsləndirilən fikirlər uzun müddət dünyanın nəhəng media resurslarının, nüfuzlu araşdırma mərkəzlərinin diqqət mərkəzində olur, qlobal proseslərin təhlili və proqnozlaşdırılması baxımından, ən mötəbər mənbə rolunu oynayır. Son illər, dünyada baş verən proseslərin inkişaf dinamikasına uyğun olaraq, foruma dəvət olunan qonaqların siyahısı, daha öncəki illərlə müqayisədə xeyli məhdudlaşdırılıb və Münxen Təhlükəsizlik Konfransının təşkilatçıları forumun işində iştirak etmək üçün ayrı-ayrı bölgələrdə və bütövlükdə dünyada baş verən geosiyasi və geoiqtisadi dəyişikliklərlə bağlı obyektiv və müstəqil baxış bucağına, analitik strateji düşüncəyə malik olan, təşəbbüsləri və ideyaları ilə qlobal problemlərin həllinə töhfə verə biləcək, eləcə geostrateji baxımdan qlobal önəm daşıyan bu və ya digər regionda baş verən proseslərin iştirakçısı olan dövlət və hökumət başçılarına dəvət göndərirlər. Bu xüsusda, Prezident İlham Əliyevin adının hər zaman olduğu kimi, Münxen Təhlükəsizlik Konfransının ən mötəbər qonaqlarının siyahısında yer alması, dövlətimizin başçısının konfransın əsas proqramındakı iki iclasda iştiraka dəvət edilməsi təsadüfi deyil və Azərbaycan Prezidentinin yüksək liderlik və natiqlik qabiliyyətinə, qlobal prosesləri obyektiv təhliletmə və proqnozlaşdırma məharətinə əsaslanır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.

Siyasi ekspert bildirib ki, Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik konfranslarında, müxtəlif iclaslar və debatlar çərçivəsində etdiyi çıxışlar, səsləndirdiyi fikirlər bir qayda olaraq, uzun müddət diqqət mərkəzində olur, dünyanın ən nüfuzlu media resurslarının, beyin mərkəzlərinin müzakirə və təhlil predmetinə çevrilir. Buna nümunə olaraq, Prezident İlham Əliyevin 2020-ci ilin fevralında Ermənistanın baş naziri Nikol Paşinyanla canlı debatını qeyd etmək, sözügedən debatda Azərbaycanın dövlət başçısının səsləndirdiyi fikirlərin bu gün də Cənubi Qafqazda cərəyan edən proseslərlə bağlı araşdırma yazılarında önəmli istinad mənbələrindən biri olduğunu vurğulamaq yetərlidir.

“Azərbaycan Prezidentinin həmin debatda Nikol Paşinyana verdiyi dərs, təkcə Ermənistanın deyil, bütövlükdə dünyanın hər yerində təşkilatlanmış, qlobal media resurslarında öz şəbəkələrini yaratmış, vahid mərkəzdən idarə olunan erməniliyin və onların çoxsaylı himayədarlarının uzun illərdən bəri dövlətimizə qarşı apardıqları siyasətin dünyanın gözü qarşısında darmadağın edilməsi kimi tarixə düşüb və Prezident İlham Əliyevin şəxsində liderin, dövlət başçısının öz xalqının maraqlarını necə məharətlə, qətiyyətlə müdafiə etməsinin bariz nümunələrindən biri kimi xatırlanır.

Prezident İlham Əliyev həmin konfransda “Qarabağ Azərbaycandır və nida işarəsi” dedi və yerinə yetirdi, sözü ilə əməlinin bir olduğunu bütün dünyaya nümayiş etdirdi, sözü və əməli ilə tarix yazdı. Bu gün Azərbaycan Prezidenti Münxen Təhlükəsizlik Konfransına tarixi ədaləti bərqərar edən, işğalçını döyüş meydanında və ləyaqətlə məğlubiyyətə uğradan bir dövlətin lideri kimi təmsil olunsa da, bəşər tarixində nadir nümunələrdən sayıla biləcək bir missiya – sülh gündəliyi ilə çıxış edəcək, regional və qlobal miqyasda sülhün, əmin-amanlığın qorunub saxlanılmasında, təhlükəsizliyin təmin olunmasında beynəlxalq hüququn norma və prinsiplərinin vacibliyini bir daha diqqətə çatdıracaq.

Azərbaycan Prezidentinin Münxen Təhlükəsizlik Konfransının daha öncəki toplantılarında qlobal sülhün və təhlükəsizliyin təmin olunmasına maneə yaradan amillər və bütün bunlardan çıxış yolları ilə bağlı səsləndirdiyi fikirlərin obyektivliyi bu gün dünyada baş verən proseslərin fonunda daha aydın görünür. Bu baxımdan, Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında, həm də ədalətli, obyektiv və qalib baxış bucağının sahibi kimi iştirak etdiyini istisnasız olaraq deyə bilərik.

Siyasət