Özəl xəstəxanalara göndəriş qaydaları asanlaşdırılıb

post-img

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yeni qərarına əsasən “İcbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqələrinin verilməsi Qaydası”nda dəyişiklik edilib. Əsas dəyişiklik vətəndaşların vaxt, maliyyə vəsaiti itirmədən öz yaşadığı inzibati ərazi daxilində və ya tibbi ərazi bölməsi (TƏB) ərazisində dövlət və ya özəl tibb müəssisəsində xidmətdən yararlanmasını təmin etməkdir.

Öncə qeyd edək ki, ölkə ərazisində, ümumilikdə 14 TƏB var. TƏB Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyinə verilən dövlət tibb müəssisələ­rinin inzibati ərazi vahidləri üzrə qruplaş­dırılmasıdır. Bir TƏB-ə bir neçə şəhər, rayon üzrə dövlət tibb müəssisəsi daxil edilib. Məsələn, Şəki–Zaqatala TƏB-inə Şəki, Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ rayonları daxildir. Əvvəlki qayda­ya görə vətəndaşa öz ərazisindəki dövlət tibb müəssisəsində xidmətin göstərilməsi mümkün olmadıqda digər TƏB-də yer­ləşən, həmin xidməti göstərə bilən dövlət tibb müəssisəsinə göndərilirdi.

Yeni qaydaya görə isə şəxsə həmin ərazidə və ya TƏB-in daxilindəki dövlət tibb müəssisəsində xidmətin göstərilməsi mümkün olmadıqda pasiyentin seçiminə əsasən agentliklə müqaviləsi olan özəl tibb müəssisəsinə göndəriş verilir.

Yəni əvvəlki qaydadan əsas fərq və üstünlük ondan ibarətdir ki, vətəndaşa xidməti TƏB daxilindəki dövlət xəstəxa­nasında göstərmək mümkün deyilsə, ona seçim hüququ verilir. Belə ki, vətəndaş ya TƏB-dən kənarda yerləşən dövlət tibb müəssisəsini, yaxud da özünün aid oldu­ğu TƏB-in ərazisindəki müqaviləli özəl tibb müəssisəsini seçir.

Bununla yanaşı, Qaxda yaşayan vətəndaş seçdiyi digər TƏB-dəki dövlət tibb müəssisəsində, məsələn, Mingəçe­virdə tibbi xidmətdən yararlana bilmirsə, bu zaman müalicə həkimi tərəfindən hə­min TƏB-in ərazisində yerləşən agent­liklə müqaviləsi olan özəl tibb müəssisə­sinə göndərilir. Yəni vətəndaş yenidən öz yaşadığı əraziyə qayıtmadan xidmətdən yararlanır.

Zərifə HÜSEYNOVA
XQ

Səhiyyə