“Dayan-dincəl”: nə dayanmaq olur, nə də dincəlmək...

post-img

Son illər Azərbaycanda bir-birindən gözəl xeyli yol, körpü, yol qovşağı salınıb. Bu, əlbəttə, gözəllikdir, rahatlıqdır. Bəs yol kənarları necə, sürüçü və sərnişinləri, turistləri razı salırmı? Təəssüf ki, bu sahədə problemlər var və nədənsə, onların həlli yolları müvafiq qurumları bir o qədər də narahat etmir. 

Bizi maraqlandıran yol boyu istirahət yerlərinin olmamasıdır. Daha doğrusu, istirahət yerləri var, amma hələ də isti­fadəyə verilməyib. Belə bir vəziyyət isə sürücülərin dincini almadan mənzil başı­na birbaşa getməsi ilə nəticələnir, qəza riskini artırır.

Xatırladaq ki, ''Yol Hərəkətinin Təh­lükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı''nda avtomagistralların kənarında pit-stoplar (texniki dayanacaq­lar) tikilməsi nəzərdə tutulub. Təqribən üç il əvvəl belə layihələrin icrasına başlanıb. Pit-stopların sayının isə ümumilikdə 50 ədəd olması və bu məkanlarda istirahət, qidalanma və turistik məlumatlandırma yerləri nəzərdə tutulub.

Hələ bir neçə il əvvəl tez-tez getdiyim Bakı–Ələt–Gəncə magistral yolunda da bu tip istirahət məkanlarının salındığını görüb sevinmişdim. Lakin hər dəfə həmin obyektlərin hazır olmasına baxmayaraq, yiyəsiz, nəzarətsiz olduğunu görüb həm təəssüflənmiş, həm də təəccüblənmiş­dim. Necə yəni, dövlətin milyonlarla ma­nat vəsaiti xərclənsin, qapılarından qıfıl asılsın və hamının gözü qarşısında da­ğılıb getsin?!

Bu dəfə Gəncəyə gedərkən düşüb yol kənarlarındakı yiyəsiz obyektlərə baxdım. Hamısının ətrafını kol-kos ba­sıb, keşikçi sığınacaqları olsa da, orada heç kim yoxdur, tam nəzarətsizdir. Sa­nitar qovşaqları bağlıdır, avtomobillə­rin burada dayanması üçün yer ayrılıb, amma qarşısına məftil sədlər çəkilib. Yeri gəlmişkən, bu cür ayrılmış yerlərdən is­tifadə edə bilməyən sürücülər nəqliyyat vasitələrini düz magistralın kənarında saxlayırlar ki, bu da olduqca təhlükəlidir. 

Maraqlıdır, bəs, bütün bunlara kim cavabdehdir, istifadəyə verilməmiş da­ğılıb gedən vacib obyektlərə görə kim məsuliyyət daşıyır? Nə qədər qəribə olsa da, gözəgörünməz şirkəti tapmaq müşkülə çevrilib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bildirir ki, bu “da­yan-dincəl”lərin bizə heç bir aidiyyəti yox­dur, onları hansısa özəl şirkət tikir. Əslin­də, bu da qənaətləndirici cavab deyil. Yol salasan və bilməyəsən ki, yol kənarında obyektləri salan kimdir...

Öyrəndiyimə görə, Azərbaycanda Latviyanın özəl memarlıq şirkəti tərəfin­dən hazırlanan layihə dövlət inkişaf inf­rastrukturu sahəsində bir ilkdir. Layihənin məqsədi şəhərlərarası hərəkət keyfiy­yətinin artırılması, eyni zamanda qonşu ölkələrdən turistlərin cəlb edilməsidir. Amma nə olsun, 2021-ci ildə təhvil veril­məsi gözlənilsə də, tikilib hazır vəziyyətə gətirilən bu məntəqələr hələ də istifa­dəyə verilməyib. Baxımsızlıq isə milyon­lar xərclənən komplekslərin bərbad hala düşməsinə gətirib çıxarır. 

Məlum olduğu kimi, Azərbaycan Pre­zidenti Respublikada 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmə­si haqqında sərəncam imzalayıb. Gələn il COP29 kimi mötəbər bir tədbirin Azər­baycanda keçirilməsi isə mühüm tarixi ha­disədir. İndidən bu böyük tədbirə ciddi ha­zırlıqlar başlanıb. Ümid edirik ki, yuxarıda haqqında söhbət açdığımız vacib məsələ ilə bağlı müvafiq qurumlar təcili tədbirlər görəcək, yol kənarlarındakı istirahət mə­kanları nəinki tezliklə istifadəyə veriləcək, həm də yaşıllığa qərq olunacaq.

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri

(Fotolar müəllifindir)



Sosial həyat