İnfeksionist: Sakinlər poliklinikalarda peyvənd oluna bilərlər

post-img

Hazırda ölkə ərazisində qızılcaya yoluxma sayında artım müşahidə olunur. TƏBİB-in məlumatına görə, hazırda bütün səhiyyə qurumları xəstəliyin yayılmasının profilaktikası, erkən aşkarlanması, xəstələrin müşahidəsi, zəruri hallarda stasionar müalicə ilə təmin olunması istiqamətində sıx əməkdaşlıq edirlər.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyi əhalini qızılcaya qarşı peyvənd olunmağa çağırıb. Təşkilatdan bildirilib ki, 2021-ci illə müqayisədə ötən il qlobal miqyasda qızılcaya yoluxma hallarının sayı 18 faiz, ölüm hallarının sayı isə 43 faiz artıb. Qeyd olunub ki, 2000-ci ildən 2022-ci ilə qədər qızılcaya qarşı peyvənd qlobal miqyasda 57 milyon insanın qızılcadan ölməsinin qarşısını alıb.

Məsələ ilə bağlı “Xalq qəzeti”nə danışan infeksionist Ləman Qalimova bildirdi ki, qızılca sürətlə yayılan xəstəlik olduğundan peyvəndlənmə ən vacib şərtdir. 

Onun sözlərinə görə, maska taxmaqla, insanların sıx olduğu yerlərdən kənarda qalmaqla özünüzü qoruya bilərsiniz: “Çünki xəstəlik hava-damcı yolu ilə yayıla bilir. İmmun sistemi aşağı olan və vaksin olunmayan insanlar bu xəstəliyə tez yoluxa bilirlər. Vaksin edilməsi mümkün olmayan xəstələr daha məsuliyyətli olmalıdırlar”. 

İnfeksionist xatırlatdı ki, Azərbaycanda 1-6 yaş aralığında olan uşaqlara qızılca peyvəndi vurulur. Sakinlər poliklinikalara yaxınlaşaraq peyvənd oluna bilərlər.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Səhiyyə