Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibə verib.
Dövlətimizin başçısı müsahibədə ABŞ-a işgüzar səfərinin mühüm nəticələri, o cümlədən Prezident Donald Tramp ilə görüşü və Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə İşçi Qrupunun yaradılmasına dair sənədin imzalanmasının əhəmiyyəti, eləcə də Azadlığa Dəstək Aktına 907-ci düzəlişin ləğvinin tarixi önəmi barədə sualları cavablandırıb.
Dövlətimizin başçısı, həmçinin Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin paraflanması, iki ölkənin liderlərinin Vaşinqton görüşünə dair Birgə Bəyannamənin imzalanması, ATƏT-in Minsk qrupunun ləğvi və sülh danışıqları ilə bağlı növbəti addımlar barədə fikirlərini bölüşüb.
Azərbaycan Prezidenti müsahibədə “Exxon” və SOCAR arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması, ölkələrimizin enerji sahəsində əməkdaşlığının yeni mərhələyə qədəm qoyması, Azərbaycanın daha güclü mövqelərə malik tranzit ölkəyə çevrilməsi istiqamətində atdığı addımlar barədə də danışıb.
AZƏRTAC