8 ayda aqrar sektorda 8,7 milyard manatlıq məhsul istehsal edilib
Son illər Azərbaycanda aqrar sahənin potensialından səmərəli istifadə olunması məsələsi getdikcə daha çox aktuallıq kəsb edir. Təsadüfi deyil ki, ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi, bu sahədə fəaliyyətin təşviq edilməsi məqsədilə çoxşaxəli dəstək tədbirləri həyata keçirilir.
Bu baxımdan iqtisadiyyatın mühüm sahələrindən sayılan kənd təsərrüfatının modernləşdirilməsi, aqrar sektorun inkişafını ləngidən problemlərin həllinə sistemli və kompleks yanaşılması, dövlətin inzibati və maliyyə resurslarından səmərəli istifadə olunması istiqamətində reallaşdırılan tədbirlər diqqət çəkir. Ötən müddətdə dövlətin bu sahədə həyata keçirdiyi ünvanlı, konkret hədəflərə yönələn stimullaşdırıcı tədbirləri aqrar sektorda təşəbbüskarlığa geniş meydan açıb. Məhz bunun nəticəsidir ki, son illər iri biznes qruplarının, eləcə də kiçik və orta sahibkarların kənd təsərrüfatı sektorunda xüsusi fəallığı müşahidə olunur.
Azərbaycan əhalisinin, təqribən, yarısının yaşadığı regionlarda kənd təsərrrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən istənilən tədbir yerlərdə məşğulluğun təminatına mühüm töhfə verir. İqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirən fermerlər daxili bazarda məhsul bolluğuna şərait yaratmaqla yanaşı, ölkənin ixrac potensialının artırılmasında da yaxından iştirak edirlər. Bu da ölkədə bitkiçilik və heyvandarlıq məhsullarının istehsalına, ümumi ixracda kənd təsərrüfatı mallarının payının artmasına səbəb olur.
Aqrar sektorda müşahidə olunan müsbət dinamika 2024-cü ilin ötən dövründə də davam edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar–avqust aylarında Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 8 milyard 723 milyon manat təşkil edib. Bu isə əvvəlki ilin eyni dövrünə nisbətən 0,8 faiz çoxdur. Ümumi məhsulun 4 milyard 528 milyon manatı bitkiçilik, 4 milyard 195 milyon manatı isə heyvandarlıq məhsullarının payına düşüb. Bitkiçilik və heyvandarlıq məhsullarının istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 0,3 faiz və 1,3 faiz artıb.
Komitənin məlumatına əsasən, sentyabrın 1-nə qədər tarlalardan qarğıdalı da daxil olmaqla 3 milyon 26 min ton və ya ötən ilin eyni dövrünə nisbətən 0,8 faiz çox dənli və dənli paxlalı bitkilər, 1 milyon 498,2 min ton (0,8 faiz çox) tərəvəz, 503,4 min ton (1,7 faiz çox) meyvə və giləmeyvə, 482,3 min ton (11,9 faiz çox) bostan məhsulları, 25,8 min ton (14,9 faiz çox) günəbaxan, 24,5 min ton (2,7 dəfə çox) şəkər çuğunduru, 3,3 min ton (56,6 faiz çox) tütün, 901,4 ton (1,8 faiz çox) yaşıl çay yarpağı yığılıb. Bununla belə, hesabat dövründə kartof, pambıq və üzüm tədarükündə azalma qeydə alınıb.
Bu ilin 8 ayında ölkədə quş əti də daxil olmaqla diri çəkidə 379,2 min ton ət, 1 milyon 489,2 min ton süd, 1572,5 milyon ədəd yumurta, 14,5 min ton yun və 239,4 ton barama istehsal olunub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 1 faiz, süd istehsalı 0,5 faiz, yumurta istehsalı 6,2 faiz artıb. Hesabat dövründə yun istehsalı 1,8 faiz, barama istehsalı isə 32,9 faiz azalıb.
Kənd təsərrüfatı məhsulları ixracının son bir neçə ildən etibarən başlayan yüksək artım dinamikası cari ilin ötən dövründə də müşahidə olunub. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bu ilin yanvar–iyul aylarında Azərbaycan 540 milyon ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulları ixrac edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 faiz çoxdur. Nazirliyin məlumatına əsasən, hazırda Azərbaycandan Avropa ölkələrinə ixrac olunan kənd təsərrüfatı və ərzaq məhsullarının, təqribən, 90 faizini fındıq ləpəsi, az bir hissəsini isə nar şirəsi təşkil edir.
Bununla belə, aqrar sahə üzrə ixracyönümlü meyvəçilik sahələri kimi fındıqçılıq və narçılığın daha da genişləndirilməsi üçün potensial olduqca yüksəkdir. Son illər, həmçinin gilas, albalı, nektarin, gavalı, ərik kimi çəyirdəkli meyvələrin də ixracında yüksək dinamika müşahidə olunur. Bu məhsulların istehsalının artırılmasına nail olmaqla ənənəvi Rusiya ilə yanaşı, Çin və digər Asiya ölkələrinin bazarlarına da çıxmaq mümkündür.
Göründüyü kimi, aqrar sahədə mövcud potensialdan səmərəli istifadə olunması, əkin sahələrinin genişləndirilməsi, eləcə də heyvandarlığın inkişaf etdirilməsi üçün göstərilən dövlət dəstəyi ölkənin ərzaq təhlükəsizliyinin təminatı ilə yanaşı, ixrac potensialının da artırılmasına mühüm töhfələr verir. Gələcəkdə isə kənd təsərrüfatının hər il orta hesabla 4 faiz artacağı proqnozlaşdırılır. Elə Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasında da aqrar sektor, sənaye və xidmət sahələrində müasir texnologiyaların tətbiqi ilə məhsuldarlığın artacağı, həmçinin yeni iş yerlərinin yaradılacağı qeyd olunub.