“AzərGold”un Daşkəsəndə kartofçuluğa töhfəsi

post-img

“AzərGold” Qapalı Səhmdar Cəmiyyətinin təşkilatçılığı və Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə “Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsinin icrası uğurla başa çatdırılıb. 

Bu münasibətlə rayonda yerləşən Çov­dar İnteqrəolunmuş Regional Emal Sahə­sində layihədə iştirak etmiş kartofçuluq təsərrüfatı sahiblərinin təltifolunma məra­simi keçirilib. Tədbirdə “AzərGold” QSC, Kənd Təsərrüfatı və İqtisadiyyat nazirlik­ləri, Daşkəsən Rayon İcra Hakimiyyəti, Tərəvəzçilik Elmi- Tədqiqat İnstitutunun nümayəndələri, eləcə də layihəyə cəlb edilmiş mütəxəssis və kartofçu fermerlər iştirak ediblər.

Mərasimdə layihənin “AzərGold” QSC tərəfindən korporativ sosial məsu­liyyət fəaliyyəti çərçivəsində Daşkəsən­də ənənəvi kənd təsərrüfatı sahələrindən hesab olunan kartofçuluğun inkişaf etdi­rilməsi, sahibkarlıq növü kimi təşviqi və dəmyə üsulu ilə kartof istehsalının artı­rılmasına töhfə vermək məqsədilə həyata keçirildiyi bildirilib. Layihəyə “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi”ndə qeydiyyatda olan, əkinə yararlı minimum 1 hektar torpaq sahəsinə malik Quşçu və Zəylik kənd fermerlərinin cəlb edildiyi diqqətə çatdırılıb.

Layihə çərçivəsində fermerlərə Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən nəzəri və prakti­ki təlimlərin keçirildiyi, həmçinin 10 hek­tar sahəyə yerli iqlim şəraitinə uyğun “Tel­man”, “Əmiri 600” toxumlarının səpildiyi, müvafiq aqro-texniki qulluğun göstərildiyi bildirilib. Qeyd olunub ki, mövsüm ər­zində havanın qeyri-sabit keçməsinə bax­mayaraq, təsərrüfatlardan 100 tona yaxın məhsul yığılıb. Layihə çərçivəsində yığıl­mış məhsulun 85 faizi fermerlərə ayrılıb. Məhsulun 15 faizi isə Daşkəsən rayonunda yaşayan aztəminatlı ailələr arasında bölüş­dürülüb.

Diqqətə çatdırılıb ki, strateji məhsul­lardan sayılan kartof istehsalının artırılma­sı üçün əkin sahələrinin genişləndirilməsi, təsərrüfatların inkişaf etdirilməsi dövlət səviyyəsində daim diqqətdə saxlanılır. Kartofçuluq rayonlarında belə stimullaşdı­rıcı layihələrin icrasının ümumi işə əlavə töhfələr verdiyi vurğulanıb. 

Sonda təlim və praktiki məşğələləri uğurla tamamlayan kartofçu fermerlər ser­tifikatlarla təltif ediliblər.

İqtisadiyyat