Ötən müddətdə burada 10,5 min yeni iş yeri açılıb
İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonaları və parkları ölkədə qeyri-neft sektorunun inkişafına mühüm töhfələr verir. Ölkənin sənaye zonalarında indiyədək ümumi investisiya dəyəri 8 milyard manat olan 151 sahibkarlıq subyektinə rezident statusu verilib. Sahibkarlar sənaye zonalarına 6,8 milyard manat investisiya yatırıb və 10 min 500-dən çox daimi iş yeri yaradıblar.
Pirallahı Sənaye Parkının fəaliyyəti də bu baxımdan diqqət çəkir. Cari ilin birinci yarısında 7,5 milyon manatlıq məhsul satılıb. Ümumilikdə isə, fəaliyyətə başladığı vaxtdan indiyədək sənaye parkının rezidentləri 53 milyon manatlıq satış həyata keçiriblər. İqtisadi Zonaların İnkişafı Agentliyindən verilən məlumata görə, hazırda Pirallahı Sənaye Parkında rezidentlər tərəfindən müasir texnologiyaların tətbiqi ilə yüksək keyfiyyətli, beynəlxalq standartlara cavab verən dərmanların istehsalı həyata keçirilir.
Sənaye parkında şpris (1, 2, 5, 10, 20, 50 ml), sterilləşmiş damardaxili kateter, sterilləşmiş infuziya dəsti, lateks steril cərrahi əlcək, diabeton MR və s. məhsullar buraxılır. İstehsal prosesində istifadə olunan texnologiyalar isə, əsasən, Almaniya, İtaliya Türkiyə, İsveçrə kimi qabaqcıl ölkələrə məxsusdur. Növbəti mərhələdə isə rezidentlər tərəfindən burada şəkəri təyin edən cihazlar, birdəfəlik üçkomponentli şprislər, 42 adda müxtəlif doza və qablaşdırma olmaqla, ümumilikdə, 7 növdə (tablet, kapsul, jelatin kapsul, toz suspenziya, sirop və s.) dərman məhsulları, bioloji aktiv qida əlavələri və digər dərman vasitələri istehsal ediləcək.
Müəssisədə istehsal olunan məhsullar, əsasən, daxili bazarın tələbatının ödənilməsinə yönəldilib. Gələcəkdə isə sənaye parkının istehsalı olan müxtəlif növ məhsulların Rusiya, Türkiyə, Qazaxıstan, Gürcüstan, Qırğızıstan, Belarus, İran və s. ölkələrə ixracı nəzərdə tutulur. Son zamanlar sahibkarların Pirallahı Sənaye Parkına marağının getdikcə artması müşahidə olunur. Müraciətlər isə, əsasən, dərman istehsalı sahəsi ilə bağlıdır. Parkın rezidenti olmaq istəyən sahibkarlar tərəfindən təqdim edilən bir çox layihələrə İqtisadi Zonaların İnkişafı Agentliyində baxılır.
İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Pirallahı Sənaye Parkı ölkə Prezidenti İlham Əliyevin 2016-cı il 14 sentyabr tarixli sərəncamına əsasən yaradılıb. Sənaye parkının yaradılmasında məqsəd ölkədə qeyri-neft sənaye sahələrinin davamlı inkişafının təmin edilməsi, bu sahədə sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi, qabaqcıl texnologiyalara əsaslanan rəqabət qabiliyyətli və innovativ sənaye müəssisələrinin yaradılması, əczaçılıq məhsullarının idxalından asılılığın azaldılması, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsində yerli istehsalın təşviq edilməsindən, eləcə də istehsal sahəsində əhalinin məşğulluğunun artırılmasından ibarətdir. 30 hektar ərazidə yaradılmış sənaye parkında sahibkarlar üçün zəruri infrastruktur (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılıb.
Pirallahı Sənaye Parkı fəaliyyətə başladığı vaxtdan etibarən ölkədə əczaçılıq sənayesinin inkişafına, əhalinin dərman vasitələrinə olan tələbatının ödənilməsinə, yerli istehsalın və məşğulluğun təşviqinə mühüm töhfələr verib. İndiyədək sənaye parkında investisiya kapitalı 121 milyon manatdan çox olan 7 sahibkarlıq subyekti rezidentlik statusu alıb. Artıq onlardan 2-si istehsal fəaliyyətinə başlayıb. Ümumilikdə isə, rezidentlər tərəfindən sənaye parkına indiyədək 40 milyon manatdan artıq investisiya yatırılıb. Bunun da nəticəsində 140-dan artıq daimi iş yeri yaradılıb. Növbəti mərhələdə isə mövcud layihələr üzrə sənaye parkına əlavə olaraq 80 milyon manatdan çox investisiyanın qoyulması, 400-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Bu gün ölkəmizin bütün sənaye parklarının qarşısına innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişaf etdirilməsi, xidmətlərin göstərilməsi üçün münbit şəraitin yaradılması və bu sahədə sahibkarlığın dəstəklənməsi mühüm vəzifə kimi qoyulub. Bütün bunlarla yanaşı, iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun davamlı inkişafının gerçəkləşdirilməsi, ölkənin yerli və xarici investisiyalar üçün əlverişliliyinin yüksəldilməsi, əmək qabiliyyətli əhalinin istehsal sahəsində məşğulluğunun artırılması kimi məsələlərə xüsusi önəm verilib.
Qanunvericiliyə uyğun olaraq, sənaye parklarında indiyədək bir sıra stimullaşdırıcı tədbirlər tətbiq olunub. Məsələn, Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” Qanuna uyğun olaraq, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 10 il müddətinə gömrük rüsumlarından azad olunurlar.