8 ayda ölkədə 19 milyard 235,4 milyon kVt/saat alternativ güc yaradılıb
Energetika Nazirliyi mətbuat xidmətinin məlumatına görə, cari ilin yanvar–avqust aylarında respublikada elektrik enerjisinin istehsalı 19 milyard 235,4 milyon kVt/saat olub. Bu dövrdə elektrik enerjisi istehsalı İstilik Elektrik Stansiyalarında (İES) 16 milyard 463,6 milyon kVt/saat, Su Elektrik Stansiyalarında (SES) 2 milyard 138,4 milyon kVt/saat, digər mənbələr üzrə isə 633,4 milyon kVt/saat təşkil edib.
Yanvar–avqust aylarında külək elektrik stansiyalarında 37,9 milyon kVt/saat, günəş elektrik stansiyalarında 424,3 milyon kVt/saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 171,2 milyon kVt/saat elektrik enerjisi istehsal olunub. Beləliklə, “yaşıl” enerji mənbələri üzrə elektrik enerjisi istehsalı ötən ilin müvafiq dövrünə (1 milyard 531,1 milyon kVt/saat) nisbətən 1 milyard 240,7 milyon kVt/saat artaraq 2 milyard 771,8 milyon kVt/saat təşkil edib.
Bu müddətdə elektrik enerjisinin istehsalı “AzərEnerji” ASC üzrə 16 milyard 975 milyon kVt/saat (İES-lərdə 14 milyard 989 milyon kVt/saat, SES-lərdə 1 milyard 986 milyon kVt/saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 334,5 milyon kVt/saat (İES-lərdə 151,7 milyon kVt/saat, SES-lərdə 139,7 milyon kVt/saat, Günəş ES-də 43,1 milyon kVt/saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 28,5 milyon kVt/saat, müstəqil elektrik stansiyaları üzrə isə 1 milyard 897,4 milyon kVt/saat təşkil edib. Hesabat dövründə elektrik enerjisinin ixracı 858,9 milyon kVt/saat, idxalı isə 125,5 milyon kVt/saat olub.
Qeyd edək ki, cari ilin avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 milyard 966,3 milyon kVt/saat olub. Bu dövrdə elektrik enerjisinin ixracı 338 milyon kVt/saat, idxalı isə 13,4 milyon kVt/saat təşkil edib.
Yeri gəlmişkən, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) 2024-cüil üzrə hesabatına əsasən, Azərbaycan 2014-2023-cü illər ərzində “Yaşıl enerji” ehtiyatlarını 567 meqavat artıraraq 1688 meqavata çatdırıb. Sənədə görə, 2023-cü ildə respublikada hidroenergetika gücü 2014-cü illə müqayisədə 224 meqavat artaraq 1302 meqavata çatıb. Hesabat dövründə külək enerjisinin gücü 2014-cü ildəki 3 meqavatdan 2023-cü ildə 67 meqavata, günəş enerjisi 2 meqavatdan 282 meqavata yüksəlib. “Yaşıl enerji”nin digər hissəsi isə bərk bioyanacaq, bərpa olunan tullantılar, bioqazla işləyən güclərdən alınan bərpaolunan ehtiyatın payına düşüb.
Azərbaycanın enerji sistemində bərpaolunan enerji mənbələrinin (o cümlədən su elektrik stansiyaları) payı 2014-cü ildəki 15,2 faizdən 2023-cü ilin sonuna 20,3 faizə yüksəlib.
Bütün bu göstəricilər deməyə əsas verir ki, respublikamızda reallaşdırılan sosial-iqtisadi inkişaf strategiyası ətraf mühitin mühafizəsi istiqamətində ardıcıl və səmərəli tədbirlərin görülməsinə əlverişli şərait yaradır. Bunun nəticəsidir ki, hazırda ölkəmizdə “yaşıl” enerji növləri uğurla gerçəkləşdirilir və “yaşıl” enerjinin dünya bazarlarına nəqli enerji siyasətinin yeni prioritet istiqaməti kimi diqqətdə saxlanılır.
Təmiz ekoloji mühitin gerçəkləşdirilməsi məqsədilə mövcud təbii resursların dayanıqlı və səmərəli istifadəsi, tullantıların idarə edilməsi ilə bağlı infrastrukturun yaradılması istiqamətində də davamlı layihələr gerçəkləşdirilir. Azərbaycanın 2050-ci ilə qədər istixana effekti yaradan qazların emissiyası həcminin 40 faizə qədər azaldılmasının, habelə düşməndən təmizlənən ərazilərimizdə “təmiz 0” emissiya zonasının yaradılmasının şərti hədəf kimi götürülməsi də bunun bariz ifadəsidir.
Son illər ölkəmizdə sözügedən sahədə bir sıra mühüm layihələr reallaşdırılıb. Məsələn, MDB-də ən böyük və Xəzər dənizi regionunda ilk sənaye miqyaslı günəş elektrik stansiyası – 230 MVt-lıq Qaradağ Günəş Elektrik Stansiyası (GES) istismara verilib. Eyni zamanda, həmin stansiyanın açılışı zamanı digər yeni layihələrin də əsası qoyulub: “Masdar” şirkəti ilə Neftçalanın Bankə qəsəbəsində 315 MVt-lıq, Biləsuvarda isə 445 MVt-lıq GES və Abşeron-Qaradağ rayonları ərazisində 240 MVt-lıq külək elektrik stansiyasının (KES) tikintisi ilə bağlı, ümumilikdə, 1 qiqavat bərpaolunan enerji mənbəyinin istismara buraxılmasını özündə ehtiva edən 3 yeni layihə imzalanıb. Bərpaolunan enerjinin payı isə hazırda 17 faizə yüksəlib.
Respublikada “yaşıl enerji”nin reallaşdırılması ilə bağlı qısa müddətdə normativ hüquqi bazanın formalaşdırılması ilə bağlı da xeyli iş görülüb. “Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında” qanundan irəli gələn 4 alt qanunvericilik aktı təsdiqlənib. “Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası” əsasında bağlanan müqavilələr və keçiriləcək hərraclarla bağlı hüquqi çərçivə müəyyənləşdirilib. Bununla da investorların səmərəli fəaliyyətinə əlverişli zəmin yaradılıb. Eyni zamanda, fəal istehlakçıların dəstəklənməsi və “yaşıl” sertifikatlarla bağlı qaydalar təsdiqlənib. Bütün bunlarla bərabər, bərpaolunan enerji mənbələri üzrə informasiya sistemi formalaşdırılaraq artıq istifadəyə verilib.
Hazırda ölkəmizdə “yaşıl” enerjidən istifadənin genişləndirilməsi məqsədilə Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlıq layihələri, o cümlədən dənizdə külək enerjisi üzrə Yol Xəritəsi, elektrik enerjisi şəbəkəsinin gücləndirilməsi və bərpaolunan enerji ixracı planları, “yaşıl” enerjinin Xəzərdən Avropaya və Naxçıvandan Türkiyəyə ixracı, enerji keçidi, enerji effektivliyi, “yaşıl” hidrogen, elektromobillik və digər məsələlər haqqında danışıqlar aparılır. Ümumiyyətlə, “yaşıl” inkişaf və qlobal iqlim hədəflərinə uyğun olaraq layihələrin vaxt itirmədən və səmərəli şəkildə həyata keçirilməsi məsələsi daim diqqətdə saxlanılır.