“Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsviri

post-img

Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli Qanunu ilə təsdiq edilmişdir

Maddə 1. Medalın ümumi təsviri

“Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra – medal) üzəri 999.9 əyarlı qızıl qatı ilə örtüləcək soyuq ştamplama üçün nəzərdə tutulmuş xüsusi tərkibli əlvan metaldan hazırlanan ümumi diametri 42 mm olan, bir-birinin üzərinə qoyulmuş iki səkkizguşəli ulduzdan ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfində hər bir guşəsi relyefli xətlərlə işlənmiş səkkizguşəli ulduzun üzərində guşələri ağ rəngli mina ilə işlənmiş səkkizguşəli ulduz yerləşdirilmişdir. Ağ minalı səkkizguşəli ulduzun üzərində xarici və daxili çevrələrlə konturlanmış, diametri 26 mm olan dairəvi lövhə yerləşdirilmişdir. Xarici və daxili çevrələrin arasında yuxarı qövs boyunca “HEYDƏR ƏLİYEV” sözləri, aşağı qövs boyunca “1923-2023” rəqəmləri yazılmışdır.

2.2. Daxili çevrənin içərisində, mərkəzdə Heydər Əliyevin barelyefi həkk olunmuşdur.

2.3. Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır, qızılı rəngdədir.

Maddə 3. Medalın arxa tərəfi

 

3.1. Medalın arxa tərəfi hamar səthlidir.

3.2. Medalın arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi göstərilir.

Maddə 4. Medalın elementləri

 

4.1. Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, yuxarı hissəsinə 34,5 mm x 1,5 mm ölçülü və aşağı hissəsinə 34,5 mm x 7,5 mm ölçülü, üzərində dəfnə yarpaqlarından ibarət çələng həkk olunmuş qızılı rəngli hamar lövhə bərkidilmiş, 31,5 mm x 15 mm ölçülü xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.

4.2. Xara lentin üzərində hər birinin eni 10,5 mm olan, Azərbaycan Respublikası Dövlət Bayrağının rənglərini əks etdirən yaşıl rəngli, qırmızı rəngli və mavi rəngli şaquli zolaqlar əks olunmuşdur.

4.3. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş, 31,5 mm x 9 mm ölçülü qəlib əlavə olunur.

Rəsmi xronika