"Azərbaycan tarixinin unudulmaz yarası, azərbaycanlıların soyqırımının törədildiyi Xocalı hadisələrindən 33 il ötür. Uzun illər Qarabağ haqqında danışanda çətinlik çəkir, soyqırımını Xocalıdan kənarda anırdıq. Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan ordusunun qazandığı şanlı qələbədən sonra Qarabağ barədə qürurla danışa bilirik. Artıq doğma torpaqlarımıza qayıtmışıq. İndi Xocalıda Azərbaycan bayrağı dalğalanır. Soyqırımı gününü Xocalıda günahsız qurbanların xatirəsini anaraq qeyd edə bilirik. Əminəm ki, indi şəhidlərimizin ruhu şaddır”.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ”ın prezidenti Tahir Gözəl klubun rəsmi saytına açıqlamasında deyib.
Funksioner dünya tarixinin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımını heç vaxt unutmayacaqlarını bildirib: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən soyqırımında 63-ü uşaq, 106-sı qadın, 70 – i yaşlı olmaqla 613 günahsız insan vəhşicəsinə qətlə yetirilib, 150 insan itkin düşüb, 1000-dən çox insan girov götürülüb. Bunları yaddan çıxara bilmərik. Bu, tək Azərbaycanın deyil, bütün bəşəriyyətin faciəsidir. Həmin gecə yaşananları hər kəs düşünməli, biganə qalmamalıdır. Dünya dövlətlərinin Xocalıda baş verənlərə hüquqi qiymət verəcəyinə ümid edirik ".
"Qarabağ"ın torpaqlarımızın işğal altında olduğu dövrdə məcburi köçkünlərimizin təsəllisi olduğunu söyləyən Tahir Gözəl klubun fərqli məsuliyyət və missiya daşıdığını vurğulayıb: “Bu ad bizi həm meydanda, həm də meydandan kənarda daha məsuliyyətli olmağa, qatıldığımız bütün yarışlarda layiqincə mübarizə aparmağa vadar edib. Biz Qarabağ adını Avropada layiqli şəkildə təmsil etməyə, ucaltmağa çalışmışıq. Komandamız üçün qazandığı nəticələrdən daha çox, meydanda göstərdiyi qələbə ruhu, mübarizə əzmi və sərgilədiyi xarakter önəm daşıyır. Elə qarşılaşmalar olub ki, biz məğlub olmuşuq, amma döyüşkənliyimizi və iradəmizi heç vaxt itirməmişik. Bu əzmin arxasında Qarabağ adı və xalqımızın bizə olan inamı, sevgisi dayanır. Azərbaycan futbolunun liderinə çevrilən komandamız avrokuboklardakı nəticələri ilə həm azarkeşlərimizi sevindirib, həm də Qarabağ adını yüksək səviyyədə təmsil edib. Hədəfimiz və məramımız dəyişmir: bundan sonra da Qarabağ adını Avropada layiqincə təmsil etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik”.