Diri-diri yandırılan qızcığazın gözləri
O, Livanda məskunlaşıb. Özünü yazıçı-jurnalist kimi təqdim edir. David Xerdiyan Xocalıda soydaşlarının Azərbaycan türklərinin başına gətirdikləri müsibətləri “Xaç uğrunda” kitabında yazıb. Kitabın 19-76-cı səhifələri Xocalı soyqırımından bəhs edir. Hay müəllifin fəxrlə qələmə aldığı, ürəkparçalayan soyqırımı epizodlarından ikisini oxucunun nəzərinə çatdırırıq.
“Fevralın 26-da səhərin soyuğunda Daşbulaq yaxınlığındakı bataqlıqdan keçməli idik. Öldürülmüş xocalıların meyitlərindən körpü düzəltməli olduq. Əvvəlcə meyitlərin üstü ilə yerimək istəmədim. Mənim tərəddüdümü görən polkovnik-leytnant Ohanyan başı ilə işarə etdi ki, qorxmayım. Ayağımı 9-11 yaşlı qız uşağının sinəsinə basıb addımlamağa başladım. Ayaqqabılarım, şalvarım qan içində idi. Beləcə, həmin bataqlığı yüzdən çox meyiti tapdayıb keçdim”.
* * *
“Martın 2-də “Qaflan” erməni qrupu (meyitləri yandırmaqla məşğul olan xüsusi dəstə) iki minə yaxın alçaq monqolun (türklərin) cəsədini toplayıb Xocalının ətrafında, ayrı-ayrı yerlərdə yandırdı. Meyitləri gətirən sonuncu yük maşınında başından və qollarından yaralanmış təxminən 10 yaşında bir qız uşağını gördüm. Bir qədər yaxından baxanda gördüm ki, uşaq yavaş-yavaş nəfəs alır. Soyuğa, aclığa və ağır yaralanmasına baxmayaraq, o, hələ sağ idi. Ölümlə mübarizə aparan bu uşağın gözlərini heç vaxt yadımdan çıxarmayacam. Sonra Tiqranyan familiyalı bir erməni əsgəri onun qulaqlarından tutub üstlərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Bir qədər sonra meyit qalağına od vurub yandırdılar. Tonqaldan o qızcığazın qışqırığı, imdad səsi gəlirdi...”
...Nə bu hərəkətə, nə də onu edənə ad qoymaq mümkün deyil. Dünyanın ən qəddar, ən zalım cəlladının belə ürəyinə rəhm sala biləcək o səhnənin “qəhrəmanı” yalnız erməni ola bilərdi. Tanrı nədən millətimizin qarşısına adam kimi düşmənçilik etməyi bacarmayan vəhşi hayları çıxarıb? Biz bunlara necə dözmüşük? Amma, biz Xocalı soyqırımında üzləşdiyimiz o müsibəti heç düşmənimizə də arzulamırıq...
XQ