Xocalını azad görmək xoşbəxtlikdir

post-img

Xocalı indi azaddır, bir vaxtlar erməni işğalçılarının qanlı çəkmələrinin tapdaladığı o torpaqlar əsl sahiblərinə qayıdıb. Bu yerlərə yenidən həyat qayıdır, xocalılar bundan sonra öz doğma el-obalarında yaşayacaqlar. Amma Xocalı soyqırımı hər zaman hafizələrdə qalacaq. Çünki o, hər zaman bizimlə yaşayacaq bir ağrıdır. 

Bu ağrını-acını uzun illər ürəyində daşıyan soydaşlarımız­dan biri də Azərbaycan Tibb Universitetinin operativ cərrahlıq və topoqrafik anatomiya kafedrasına 20 il rəhbərlik etmiş tibb elmləri doktoru, professor Loğman Məmmədovdur. Anım günü ərəfəsində Loğman müəllimlə görüşüb onun Xocalıya həsr et­diyi taxtadan hazırlanmış çoxfiqurlu kompoziyası barədə söh­bət etdik. 

– Loğman müəllim, Xocalı soyqırımına həsr etdiyiniz bu çoxfiqurlu kompozisiya barədə məlumat verməyinizi xahiş edirik. Bu əsərinizi necə xarakterizə edərdiniz? 

– Xocalı soyqırımı iki yüz ildən artıq müddətdə erməni mil­lətçi qəsbkarlarının Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir. Bu faciə sinəmizə çəkilmiş dağdır. Xocalı soyqırımı, sadəcə, faciə de­yil, erməni millətçilərinin, ekstremistlərinin qeyri-insaniliyinin göstəricisidir. Bu kompoziyada hər birimizə bir çağırış var. Bir yumruq kimi birləşib torpaqlarımızı, Xocalını işğaldan azad et­məyə çağırış, ümid əks olunub. Şükür, indi Qarabağ azaddır. Xocalıya, digər azad olunmuş ərazilərimizə həyat qayıdır. 44 günlük müharibədə xalqımız Zəfər qazanmaqla Xocalı soyqırı­mı qurbanlarının ruhunu şad etdi. Xocalını azad görmək mənə də qismət oldu. Bu kompozisiya da hədəfinə çatdı.

– İndi Xocalı yeni dövrə qədəm qoyur, bu mövzuda hər hansı bir kompozisiya hazırlamağı düşünürsünüzmü?

– Kompozisiyanın altına qara lent bağlanıb. O dövrdə Xo­calı işğal altında idi. Arzum o idi ki, Xocalı işğalçılardan təmiz­lənsin, həmin qara lenti açıb yuxarı hissəsində qırmızı lent bağlayacağam. Tələbələrimə də demişdim ki, Xocalının geri alındığı günü görməsəm, bu kompozisiyanı qəbrimin üstünə qoyarsınız. Xocalı işğalçılardan azad edildikdən sonra həmin qara lenti qırmızı lentlə əvəz edərsiniz ki, ruhum şad olsun. Çox şükür edirəm bu günə, Azərbaycan ərazi bütövlüyünü bər­pa etdi, digər azad olunmuş ərazilərdə olduğu kimi, bu gün Xocalıda da üçrəngli bayrağımız dalğanır. 

Bu qələbəni bizə yaşadan müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə, Qalib Ordumuzun hərbçilərinə min­nətdarlığımı bildirirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Qa­zilərimizə də möhkəm cansağlığı arzulayıram.

Hazırladılar:
Anar TURAN,
Səbuhi MƏMMƏDOV,
Elşən AĞALAR (foto)
XQ

Qan yaddaşı