Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş rəsm sərgisi təşkil olunub. Naxçıvan şəhərində təşkil edilən sərgidə muxtar respublikanın istedadlı gənclərinin soyqırımına həsr olunmuş 65 rəsm əsəri nümayiş etdirilib.
Faciə qurbanlarının və Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Naxçıvan Muxtar Respublikasının gənclər və idman nazirinin müavini, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Məcid Seyidov bildirib ki, gənc nəslin Vətənə məhəbbət, dövlətçiliyə sədaqət ruhunda böyüməsi ölkəmizdə gənclər siyasətinin ana xəttini təşkil edir. Bu istiqamətdə nazirlik tərəfindən davamlı tədbirlər keçirilir, layihələr icra olunur. Xocalı faciəsinə həsr olunmuş sərgi də bu sahədə görülən işlərin davamıdır.
Gənclərdən Aytac Allahyarova Xocalı qurbanlarının qisasının tarixi zəfərimizlə alındığını, Xocalını azad və firavan həyat gözlədiyini vurğulayıb.
Səbuhi HƏSƏNOV,
XQ-nin bölgə müxbiri