Türkiyə və Venesuela ortaq mövqe sərgiləyir

post-img

Dünən Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Venesuela Prezidenti Nikolas Maduro ilə görüşüb. 

Diplomat Fələstinə verdiyi güclü dəstəyə görə Venesuela lide­rinə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəkkürünü çatdı­rıb. Eyni zamanda Türkiyə dövlət başçısının Venesuelaya gözlənilən səfəri müzakirə olunub.

Türkiyə diplomatik idarəsinin rəhbəri vurğulayıb ki, Ankara Vene­suelaya qarşı birtərəfli sanksiyaları qəbuledilməz hesab edir və bu ölkənin gələcəyini təyin etmək hüququnun yalnız Venesuela xalqına məxsus olması mövqeyindən çıxış edir. Fidan Karakas hökumətinin mübahisələrin dialoq və diplomatiya yolu ilə həlli istiqamətində atdığı addımlardan məmnunluğunu ifadə edib.

Görüş zamanı iki ölkə arasında iqtisadiyyat, ticarət və turizm sahələrində əməkdaşlıq məsələləri də müzakirə edilib. Bildirilib ki, Türkiyə ilə Venesuela arasında ikitərəfli ticarətin həcmini strateji əhə­miyyətli sektorlara investisiyalar cəlb etmək hesabına artırmaq müm­kündür. İki ölkə arasında enerji sahəsində əməkdaşlıq məsələsinə də toxunulub.

Venesuela Prezidenti isə ölkələr arasında əlaqələrin uğurla inkişaf etməkdə olduğunu bildirib və Türkiyə liderinin Venesuelaya səfərinin Ankara ilə Karakas arasında əməkdaşlığa böyük töhfə verəcəyinə əminliyini ifadə edib: “Prezident Ərdoğanın Fələstin məsələsində mövqeyi bütün dünya üçün nümunədir. Onun Fələstin xalqı naminə cəsarəti və ədaləti müdafiə etməsi təqdirəlayiqdir”, – deyə Maduro qeyd edib. 

Onun fikrincə, Fələstin xalqına qarşı törədilən cinayətlərə son qo­yulmalı, bütün müsəlman ölkələri, eləcə də Karib hövzəsi və Latın Amerikası dövlətləri Fələstin xalqını qorumaq üçün birləşməlidirlər.

Türkiyə xarici işlər naziri Venesueladan sonra Meksikaya səfər edəcək.

Ə.PAŞA
XQ

Dünya