Xocalı qətliamı ilə əlaqədar ən çox nümayiş olunan mərhum telejurnalist Çingiz Mustafayevin ürək ağrısı və sızıltı ilə təqdim etdiyi kadrlar var. Həmin kadrlarda qar üstündə qətlə yetirilmiş məsum görkəmli azyaşlı qızın ürəkparçalayan təsviri var.
– O qız qardaşım qızı 4 yaşlı Lalədir, - deyə Xocalı sakini Tacirə Xəlilova söhbət açır. Lalə çox şirin, hamının sevimlisi olan bir uşaq idi. Mənə elə gəlir ki, ən daşürəkli adam da həmin şəklə biganə qala bilməz. Həmin gecə qulaqbatıran atəş səsləri altında qardaşımgil evdən çıxıb soyuq qış gecəsində Qarqar çayını keçərək Naxçıvanik istiqamətində şumluqla yol gediblər. Sakinlərin dediyinə görə, gecə saat 4-5 arası yaxınlıqdan keçən UAZ markalı maşında olan ermənilər onları görüblər. Gözlərini qan tutmuş erməni quldurları qarlı çöllərdən keçib canlarını qurtarmaq istəyən Xocalı sakinlərini avtomatla gülləbaran ediblər. Lalənin atası Tahir, anası Zərifə qətlə yetirilsə də, özü təsadüfən sağ qalıb. Həmin ərazinin yaxınlığındakı təpənin arxasında gizlənən sakinlər onu görüblər. O, ətrafda gülləbaran edilmiş adamların üstündəki pal-paltarı gətirib anası Zərifənin üstünü örtürmüş. Həmkəndliləri təpənin arxasından ona nə qədər əl etsələr, nə qədər çağırsalar da, anasını qoyub onlara tərəf gəlməyib. Sonra onun sağ olduğunu görən quldurların bu günahsız körpəyə atəş açmağa da əli gəlib...
Hadisədən üç ay əvvəl – 1991-ci ilin noyabrında Tacirənin həyat yoldaşı Rəşid onu iki körpə uşağı ilə birlikdə Bərdə rayonunun Yeni həyat kəndində yaşayan bacısıgilə aparıb. O, həmin gecə Xocalıda olmasa da, şahidlərdən eşitdiklərini danışır: “Qaladərəsi məhəlləsində qoşa bulağın yanında ata evimiz var idi. Atam həmişə deyirdi ki, ermənilər Xocalıya hücum etsələr, evimizə od vurub çıxacağam. Hətta butulkaya benzin doldurub hazır vəziyyətdə qoymuşdu. Lakin gecə hücum o qədər gözlənilməz və qəfil başlayıb ki, bunu etməyə də imkan olmayıb.
Hər tərəfdən qulaqbatırıcı atəş, atışma səsləri eşidən ailə üzvləri doğma yurdu tərk edərək Dəhraz kəndinə doğru üz tutublar. Atam Qaçay, anam Həsrət, qayınatam Hüseyn, qayınanam Zinyət, qardaşım Tahir, həyat yoldaşı Zərifə, qızları Həmayil, Lalə və Xəyalə camaatla birlikdə xilas yolu axtarmağa başlayıblar. Qardaşımın 23 günlük körpə qızı Xəyalə anasının qucağında olub. Yolda anası süd verəndən sonra anam uşağı şalla belinə şəlləyib. Böyük qızı 6 yaşlı Həmayil isə atasının əlindən tutaraq gəlirmiş.
Qulaq tutulan atəş səslərindən, dəhşətli gecədə baş verən qəfil hücumdan özünü itirən şəhər sakinləri qarlı düzlərə səpələnərək pərən-pərən düşüblər. Gecəni yol gəlib şumluğa çıxandan sonra erməni vandallarının hədəfinə tuş gəliblər. Qardaşım Tahir aldığı dörd erməni gülləsindən ağır yaralanıb. Arxadan gələn kənd sakinləri ona kömək edərək özləri ilə aparmaq istəsələr də, razılıq verməyib. O, qızı Həmayili aparmağı xahiş edib. Hadisənin şahidləri danışırlar ki, ata ilə balanın həmin ayrılıq səhnəsi çox dəhşətli idi...”
Onun kədər dolu xatirələri həmin günləri bir daha göz önündə canlandırır: “Anam danışırdı ki, 2 kişi, 10 qadın olmaqla 4 saat kolluqda, suyun içində qaldıq. Bizdən irəlidə gedən 70-dən çox sakini ermənilər girov götürmüşdülər. Uşaq ağlayanda bizimlə birlikdə kolluqda gizlənənlər narahat oldular ki, onun səsi erməniləri duyuq salacaq. Hətta onu boğub öldürməyi təklif edənlər də olub. Anam uşağın bələyini açaraq onu təzədən belinə sarıyıb. Bundan sonra uşaq səsini kəsib. Oradan çıxandan sonra çöllərə-düzlərə səpələnmiş meyitlərin yan-yörəsindən adlayaraq çox böyük çətinliklə Ağdama gəlib çıxıblar”.
Bunlar ailənin itkilərinin heç də hamısı deyil. Tacirənin həyat yoldaşı Rəşid Hüseynov, bibisi oğlu Hidayət Eyvazov şəhid olub, əmisi oğlu Cavan 16 yaşında itkin düşüb. Onun qardaşı Tahirin qayınatası Zəkara, qayınanası Şura, qayınları Taleh, Əkbər və onların övladları Samir və Sevinc, bacanağı Novruz, onun oğlu Mahir həmin gecədən sağ çıxmayıblar.
“Əlbəttə, bu dərdi daşımaq çətindir. O boyda ailədən indi sağ qalan mən, övladlarım və qardaşım Tahirin iki qızıdır. 7 yaşlı nəvəm babası Rəşidin adını daşıyır. Qızım Azadənin isə iki övladı var. Tahirin qızları Həmayil və Xəyaləyə valideynlərini itirdiklərinə görə Ramanıda ev veriblər, hərəsinin iki övladı var. Əslində, onlar elə mənim nəvələrimdir, babaları yox, nənələri yox...”, - deyə Tacirə Xəlilova köks ötürür.
Süleyman QARADAĞLI
XQ