20 Yanvar – faciənin müstəqil dövlətçilik yaşantısı

post-img

Hər bir xalqın taleyində dövlətçilik ruhunun sübutu kimi qiymətləndirilən ağır hadisə və proseslərin yaşanması, müəyyən mənada, məntiqi qanunauyğunluq sayıla bilər. Bu mənada 20 Yanvar faciəsi birləşdirici faktordur. Millətimizi birləşdirən tarixi yaşantıdır. Elə bir yaşantı ki, qürur və fəxarət mənbəyimizdir. 

Bəli, 20 Yanvar faciəsi nə qədər dəhşətli xarakter daşısa da, xalqı sanki cilalayır, onda bütövləşmək əzmi yara­dır. Bu əzm dövlətçilik çırpıntımızın, ob­razlı desək, ilk qaranquşudur.

Qətiyyətlə demək olar ki, 20 Yanvar faciə yaşantımızın dövlət müstəqilliyi ruhuna kökləndiyi şanlı tariximizdir. Mə­tanət, mübarizə və dirəniş salnaməmi­zin nəsillərə örnək qalacaq müqəddəs nümunəsidir.

20 Yanvar həm də ölümün ölümsüz­lük zirvəsidir. Şəhidlərimiz bu günümü­zün, sabahımızın qəlblərdə yaşayacaq əbədi varlıq simvollarıdır. Onlar bizim üçün əbədi var olacaq, əbədi yaşaya­caqlar. 

Tarixə qanla yazılan 20 Yanvar faciəsi Vətəni, azadlığı uğrunda ölü­mün gözünə dik baxan Azərbaycan övladlarının varlığını bir daha dünya­ya tanıtmaqla yanaşı, SSRİ adlanan nəhəng imperiyanın çöküşündə əsas amillərdən biri oldu. Tarixi prizmadan yanaşdıqda, aydın olur ki, 20 Yanvara aparan yol 1988-ci ilin ziddiyyətli ha­disələrindən başlanır. Keçmiş imperiya rəhbərliyinin “xeyir-duası” ilə Ermənis­tanın Azərbaycana qarşı başladığı əra­zi iddiaları nəticə etibarilə xalqımızın milli müstəqillik və istiqlaliyyət uğrunda mübarizəsinə impulslar verdi.

Azərbaycanın informasiya bloka­dasına alındığı bir şəraitdə baş vermiş həqiqətləri operativ surətdə dünya icti­maiyyətinə çatdırmaq zərurəti yaran­mışdı. Dəhşətli faciəyə kəskin etiraz olaraq 1990-cı il yanvarın 21-də ailə üzvləri ilə birgə Azərbaycanın Mosk­vadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirən ulu öndər Heydər Əliyev hadisəyə operativ və düzgün qiymət verən ilk vətənpərvər lider oldu. "Buraya ən əvvəl ona görə gəlmişəm ki, Azərbaycanın Moskvada kiçik parçası olan daimi nümayəndə­liyində, böyük itkilərə səbəb olmuş fa­ciə ilə bağlı bütün Azərbaycan xalqına başsağlığı verim. İkinci tərəfdən, bu məsələyə öz münasibətimi bildirmək istəyirəm. Azərbaycanın Moskvadakı nümayəndəsindən xahiş edirəm ki, mə­nim sözlərimi, kədərimi, başsağlığımı Azərbaycan xalqına çatdırsın. Hazırda başqa imkanım olmadığı üçün təəs­süf hissi keçirirəm. Azərbaycanda baş vermiş hadisələrə gəlincə, mən onları hüquqa, demokratiyaya yabançı, hu­manizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm" - deyən Ulu öndərin bu qətiyyətli mövqeyi respublikamızın informasiya blokadasına alındığı çətin günlərdə totalitar rejimə ağır və sarsı­dıcı zərbə oldu. Böyük öndər üzləşdiyi hərbə-zorbalara məhəl qoymadan, öz cəsarəti, yenilməzliyi ilə Azərbaycana sədaqətini növbəti dəfə nümayiş etdir­di. Totalitar rejimin "repressiya maşını"­nın sərtliklə işə düşdüyü bir zamanda keçmiş SSRİ rəhbərliyini, konkret ola­raq M.Qorbaçovu, Ə.Vəzirovu baş ver­miş hadisəyə görə kəskin ittiham etmək böyük risk idi. 

Ədəbiyyatda itirilmiş nəslin nəhəng nümayəndəsi kimi tanınan görkəm­li ABŞ yazıçısı Frensis Skot Ficeral­dın qəribə fikri var – mənə qəhrəmanı göstərin, sizə faciə yazım. Yazıçının dəst-xəttinə bələd olduğumuzdan onun qəhrəman kimi təsəvvür etdiyi şəxsə faciə sonluğunu yaraşdırmasında mən­tiq görmüşəm.

Azərbaycan xalqı və 20 Yanvar. Görünür, faciə ssenarisi də məntiqi idi. Çünki xalq qəhrəmana çevrilmişdi. Ancaq 20 Yanvar başqa faciələrə bən­zəmədi. Bədii təxəyyüllərdəki qəhrə­manlar üçün faciə hər şeyin sonudursa, 20 Yanvar başlanğıc idi. Bizləri dövlət millətinə çevirən, müstəqilliyə aparan yoldakı böyük başlanğıc. Buna görə də 20 Yanvar qəhrəmanlıq salnaməmizin, dövlətçilik tariximizin mühüm səhifəsi­dir. Bu səhifənin yazılmasında qanını mürəkkəbə çevirən Vətən övladlarının müqəddəs ruhları qarşısında baş əyir, onların şücaətindən qürur duyuruq! 

Allah şəhidlərimizə rəhmət eləsin! 

Əflatun AMAŞOV,
baş redaktor





Qan yaddaşı