Paşinyan və Ermənistanın legitimliyi məntiqi

post-img

Yaxud keçmişin “kupça söhbəti”nə yeni yanaşma 

Ermənistanın baş naziri Nikol Paşinyan Ədliyyə Nazirliyinin son bir ildəki fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı maraqlı məqama toxunub. Ölkəsinin Azərbaycanla sərhədlərin demarkasiyası ilə bağlı komissiyasının işinə sözügedən nazirliyin də cəlb edildiyini, prosesin strateji əhəmiyyətinin olduğunu, durumun çox ciddi siyasi, sosial-psixoloji aspektlərinin mövcudluğunu dilə gətirən hökumət rəhbəri bildirib ki, Ermənistanın təhlükəsizliyinin təməl daşı legitimlikdir.

Qeyd edək ki, N.Paşinyanın bu tərz­də fikir bildirməsi heç də yenilik deyil. O, ötənilki açıqlamalarının birində de­mişdi ki, məqsədi Ermənistan üçün şə­hadətnamə almaqdır. Yəni, baş nazirin sözlərindən belə çıxmışdı ki, keçmiş SSRİ-nin süqutundan sonrakı Ermənis­tanın mövcudluğunda legitimlik yoxdur. Başqa sözlə desək, hamı belə bir döv­lətin adını eşidib, onu qəbul edib, ancaq bu qəbuletmənin hansı sərhədlər və pa­rametrlər daxilində olduğu bilinmir. 

Əslində, N.Paşinyan, kifayət qədər, sərt reallıqlardan söz açmışdı. Onun fi­kirləri avantürist erməni ictimai rəyində, bir növ, şapalaq effekti yaratmışdı. Ölkə­nin müxtəlif başıpozuq dairələri baş na­ziri təhqir etmiş, onu dövlətin mənafeyini satmaqda günahlandırmışdılar və möv­cud xüsusda hazırkı müzakirələrdən tam uzaq düşmüş Qarabağ məsələsi gün­dəmə gəlmişdi. Bildirilmişdi ki, Nikol böl­gəni Azərbaycana təhvil verməyə çalışır. İndi isə həmin başıpozuqlar Paşinyanı dövləti məhv etmək cəhdində günahlan­dırmaqdadırlar. Halbuki, hökumət rəh­bərinin vurğuladığı məsələ, həqiqətən aktualdır. Çünki Ermənistan adlı dövlət hazırda, faktiki olaraq, legitim deyil. 

Əlbəttə, N.Paşinyan ara-sıra belə fi­kirlər səsləndirməklə, daha doğrusu, oxu atıb yayı gizlətməklə, erməni cəmiyyə­tini qəflət yuxusundan ayıltmağa və re­allıqlara düzgün prizmadan yanaşmağa çağırışlar səsləndirir. O, hər şeyi açıq formada bildirməyə cəsarət edə bilməz və bu, müəyyən mənada, təbii sayılma­lıdır. Ancaq Nikolun dilə gətirdiklərinin ayrı-ayrı cəhətlərinə diqqət yetirəndə, bu adamın hansı məqamlardan söz açdığı­nı sezmək mümkündür. 

Məsələn, Paşinyan Ədliyyə Nazir­liyinin hesabat müzakirəsi gedişində vurğulayıb ki, ermənilər yüksək sürətlə və gözlənilməz istiqamətlərdə dəyişən dünyada yaşayırlar. Bəs bu konfiqura­siyadakı legitimlik nədir? Suala Nikolun kələkötür cavabı belədir: “Bu o deməkdir ki, biz vəzifəni çox aydın şəkildə forma­laşdırmalıyıq. Biz qarşımıza Ermənistan Respublikasının, beynəlxalq səviyyədə tanınmış ərazisində, onun hüquqi, de­mokratik dövlət kimi yaradılması və in­kişafı vəzifəsini qoyuruq. Bu zaman isə ölkəmizin gələcəyinə dair strateji təsəv­vür olmalıdır. Ermənistan Respublikası suveren, hüquqi, demokratik və sosial dövlətə çevrilməlidir”. 

Yeri gəlmişkən, N.Paşinyanın əvvəlki şəhadətnamə məntiqini əsaslandırmaq üçün vurğuladıqları fikirlərdə bir məqam diqqəti cəlb etmişdi. O demişdi ki, məqsədi Ermənistan üçün, belə demək mümkünsə, “kupça” almaqla, mövcudiy­yəti gələcək nəsillərə miras kimi saxla­maqdır. Nikolun fikirlərindən anlaşılan budur ki, hazırkı Ermənistanın gələcək nəsillərə qalma ehtimalı ya yoxdur, ya da çox zəifdir. 

Bəli, Ermənistanda bəlkə hamıdan çox Nikol Paşinyan yaxşı anlayır ki, ha­zırkı erməni dövlətçiliyi quramadır və onun gələcək baxımından oturuşmuş gerçək mahiyyəti və perspektivi yoxdur. Sadəcə, o, bir erməni, hətta, bir qədər şişirdilmiş formada desək, vətənpər­vər erməni kimi indiki axarı dəyişmək niyyətindədir. Problem isə ondadır ki, Ermənistanda Nikolu anlayacaq baş­lar yoxdur, yaxud da belə başların sayı olduqca azdır. Əksinə, avantüristlər və reallıq hissini itirmişlər çoxluq təşkil et­məkdədir. Belə bir situasiyada Paşinyan, əlbəttə ki, subliminal mesajlarla və ey­hamlarla kifayətlənməli olur. Yəni, o, gah reallığa doğru açıq formada gedir, gah da geri çəkilərək, avantüristlərin cəb-həsinə qoşulur ki, linç olub hakimiyyəti əldən verməsin. Əlbəttə, Nikol mövcud ampluanın heç də hər zaman davamlı ola bilməyəcəyini anlayır. Ona görə qey­ri-müəyyən sual ünvanlayır: “Ermənistan Respublikasının ərazisi nədir? Əslində, bir daha qeyd etmək istəyirəm ki, bu su­ala cavab axtarmaq lazım deyil. Sadəcə olaraq, mövcud cavabı rəflərdən götürüb masaya qoymaq lazımdır. İndi mənim üçün neçə il əvvəl olduğunu söyləmək çətin olacaq, lakin Ermənistan Respub­likasının suveren ərazisinin ölçüsü onun torpaq balansında çoxdan qeydə alınıb”.

Paşinyan bu fikirləri ilə, sanki, özü­nü sığortalamaqdadır. Yəni, o deyir ki, Ermənistanın ərazisi ilə bağlı şüurlara hakim kəsilmiş fikirlərlə, onun mövcud olduğu torpaqlar arasında fərq var. Bu, həqiqətən doğru yanaşmadır. Məsələ burasındadır ki, erməni avantürizmi Azərbaycan torpaqlarının bir hissəsini də Ermənistan kimi təsəvvürə gətirir, üstəlik Türkiyənin torpaqlarını müəyyən kəsimi­ni də. Hələ bu avantürizmin Gürcüstana qarşı da ərazi iddiası var. Belə bir yolve­rilməz “yanaşma” ölkənin ideoloji xəttini təşkil etməkdədir və Paşinyan vurğulayır ki, mövcud təfəkkür tərzi onun hakimiy­yətindən əvvələ aiddir: “Ermənistan Res­publikası hökuməti vaxtaşırı Ermənistan Respublikasının torpaq balansını qəbul edir. Bu, 2018-ci ildən əvvəl, 2018-ci il­dən sonra idi. Biz də sonda bunu bəyan etməli və buna və məntiqə əsaslanaraq legitimliyimizi, haqlı məsələlərimizi, göz­ləntilərimizi vurğulamalıyıq”.

Bəs, Paşinyan vəziyyətdən gerçək çıxış yolunu nədə görür? Yəni, gözlənti nədən ibarət olmalıdır? Əlbəttə, onun söylədiklərini söz oyunu kimi qiymətlən­dirmək mümkündür. Ancaq bəzi nüanslar var ki, həmin nüanslara nəzərən demək olar ki, Nikol fikirlərində ardıcıl təsir ba­ğışlayır. Məsələn, məlumdur ki, Ermə­nistanın hakimiyyət nümayəndələrinin anti-Azərbaycan ritorikasındakı başlıca yeri, öz ölkələrinin demokratik obraz­da təqdimat xətti təşkil etməkdədir. Bu, dünyanın bəzi qütblərinin Azərbaycana münasibətdəki ikili yanaşmalarından və qərəzindən qaynaqlanmış, daha doğru­su, həmin qərəzli motivlərə hesablanmış təqdimatdır. İrəvan rəsmiləri ölkələrinin, guya, demokratik olduğunu gözə sox­maqla, öz aləmlərində Azərbaycandan daha üstün mövqedə dayandıqlarını dü­şünürlər. Elə 44 günlük müharibəyə də məhz bu düşüncə ilə rəvac vermişdilər. Yəni, baş nazir Nikol Paşinyan Xankən­dinin mərkəzi meydanında “Qarabağ Er­mənistandır nöqtə” bəyanatını verərkən belə fikirləşmişdi ki, dünya birliyi demok­ratik Ermənistanı Azərbaycana qarşı sa­vaşda dəstəkləyəcək, yaxud Azərbayca­nın güc nümayişinə imkan verməyəcək. Amma gözləntilər özünü doğrultmadı. Müharibə Ermənistan və onun “şanlı de­mokratiyası” üçün də bir növ, gilyotinə çevrildi. 

O da məlumdur ki, 44 günlük mü­haribədən sonra Ermənistan əvvəlki “kursuna” sadiqdir. Paşinyan və koman­dası indinin özündə də, az qala, hər bey­nəlxalq tribunada Ermənistanın hüquqi və demokratik dövlət obrazını yaratmaq­la məşğuldur. Hazırkı konkret mövzu­muz Nikolun Ermənistanın Ədliyyə Na­zirliyinin fəaliyyəti haqqında hesabatın müzakirəsində dedikləridirsə, bildirək ki, o, yenə də köhnə məsələləri gündəmə gətirir. Ancaq bu dəfə həmin məsələlə­ri haqqında söz açdığımız legitimlik müstəvisində qiymətləndirmək yolu tutur. “Baxın, biz təhlükəsizlik dedikdə adətən ordunu, silahlı qüvvələri, diplomatiyanı nəzərdə tuturuq. Hər şey düzgündür, yəni burada heç bir problem yoxdur, la­kin biz təhlükəsizliyin təmin edilməsində legitimliyi unuduruq. Təminat funksiya­sını, ilk növbədə, hüquq ictimaiyyətimiz daşıyır. İstəyirəm ki, özümüzü elə bir işə hazırlayaq ki, bu mərhələdə təhlükəsizli­yin təmin edilməsinin səmərəliliyini əhə­miyyətli dərəcədə artıraq”.

Deməli, eyni zamanda, aydın olur ki, Paşinyan Azərbaycanla sərhədin demar­kasiyası fonunda Ermənistanın dövlət maraqlarının qorunmasında tarixi yox, hüquqi aspektə söykənilməsini əsas gö­türür. Bu isə heç şübhəsiz, manipulyativ gedişdir və reallıqların təhrifinə, hansısa qeyri-real durumu reallıq kimi təqdim etməyə hesablanıb. Və deməli, Nikolun ölkənin legitimliyinin qəbulu məntiqi siya­si saxtakarlıqdan başqa bir şey deyil. 

Ə.CAHANGİROĞLU
XQ

Siyasət