Azərbaycanın Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Xocalı faciəsi qurbanlarının qisası alınıb

post-img

Dövlət Sərhəd Xidmətinin (DSX) bütün hərbi hissələrində və bölmələrində Azərbaycan xalqının tarixində ən qanlı faciələrdən biri olan Xocalı soyqırımının 31-ci ildönümünə həsr edilmiş tədbirlər keçirilir.

Bu barədə AZƏRTAC-a DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

DSX-in Aparatında keçirilmiş tədbirdə hərbi qulluqçular əvvəlcə Xocalı faciəsinin dəhşətlərini əks etdirən fotosərgi ilə tanış olub, mərasimin rəsmi hissəsi Xocalıda qətlə yetirilmiş soydaşlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxışçılar erməni millətçiləri tərəfindən xalqımıza qarşı yüzilliklər boyu məqsədyönlü şəkildə aparılmış etnik təmizləmə və təcavüzkarlıq siyasətinin davamı kimi 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilmiş soyqırımın XX əsrdə bəşəriyyətin şahid olduğu ən dəhşətli hadisələrdən olduğunu qeyd ediblər. Qanlı hadisə zamanı 613 nəfər, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın xüsusi qəddarlıqla qətlə yetirilməsi, 1275 nəfərin isə əsir götürülməsi, 8 ailənin isə tamamilə məhv edilməsi bəşəriyyət tarixində silinməz səhifə kimi qalacağı bildirilib.

Qanlı təcavüzə dövlət səviyyəsində əsl siyasi-hüquqi qiymətin verilməsi ilə bağlı ilk təşəbbüsün Ulu Öndər Heydər Əliyev tərəfindən irəli sürülməsi, soyqırımı qurbanlarının adlarının əbədiləşdirilməsi, fevralın 26-nın “Xocalı soyqırımı günü” elan edilməsi və bununla bağlı bir sıra fərman və sərəncamların imzalanması qeyd olunub.

Faciənin faktlarının və erməni millətçilərinin əsl simalarının geniş beynəlxalq ictimaiyyətə çatdırılmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük xidmətlər göstərməsi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” beynəlxalq təbliğat kampaniyasının bu istiqamətdə aparılan mühüm işlərdən biri olması diqqətə çatdırılıb.

Tədbirdə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Silahlı Qüvvələrinin həyata keçirdikləri əks-hücum əməliyyatları nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu, Xocalı faciəsi qurbanlarının qisası alındığı və şəhidlərimizin qanının yerdə qalmadığı xüsusi olaraq vurğulanıb.

Tədbirin sonunda Xocalı soyqırımına həsr olunmuş “Bir insanlıq utancı - Xocalı soyqırımı” sənədli filmi nümayiş etdirilib.

Qan yaddaşı