Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 200  Bakı şəhəri, 4 aprel 2024-cü il

“Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası  Nazirlər  Kabinetinin 2008-ci il 25 yanvar  tarixli 14 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, 
№ 1, maddə 44 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1.1. preambula aşağıdakı redaksiyada verilsin:

“Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, ezamiyyə xərclərinin normalarını müəyyən etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:”;

1.2. 1-ci hissənin birinci abzasında “Bakı şəhərində 90,0 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 70,0 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 65,0 manat” sözləri “Bakı şəhərində 125,0 manat, Naxçıvan şəhərində 100 manat, Gəncə və Sumqayıt şəhərlərində 95,0 manat, digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 90,0 manat” sözləri ilə əvəz edilsin; 

1.3. 1-ci hissənin ikinci abzasında “80” rəqəmləri “70” rəqəmləri ilə əvəz edilsin;

1.4. 3-cü hissədə “Rəhbər işçilərin xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar ezamiyyə” sözləri “Ezamiyyə” sözü ilə əvəz edilsin;

1.5. 4-cü hissə aşağıdakı redaksiyada verilsin: 

“4. Müəyyən edilsin ki, ezamiyyə xərclərinin 1 günlük normasına mehmanxana xərcləri və gündəlik xərclər (yemək, şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlərlə bağlı xərclər) daxildir.”;

1.6. 6-cı hissədə “daşıyan,” sözləri “daşıyan və ya” sözləri ilə, ikinci halda “və” sözü “yaxud” sözü ilə, “15,0” rəqəmləri “20,0” rəqəmləri ilə əvəz edilsin;

1.7. 7-ci hissənin üçüncü abzasından “öz sərəncamlarında qalan mənfəət hesabına” sözləri çıxarılsın;

1.8. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları” yeni redaksiyada verilsin (əlavə olunur);

1.9. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Rəhbər işçilərin xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərclərinin 1 günlük normasına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin kateqoriyası” üzrə: 

1.9.1. adında “Rəhbər işçilərin xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar ezamiyyə” sözləri “Ezamiyyə” sözü ilə əvəz edilsin; 

1.9.2. cədvəlin 2-ci hissəsinə “Azərbaycan Respublikasının Ali Məhkəməsi sədrinin müavinləri” sözlərindən sonra “, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimləri” sözləri əlavə edilsin;

1.9.3. cədvəlin 3-cü hissəsindən “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin,” sözləri çıxarılsın;

1.9.4. “Qeydlər”in 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“1. Cədvəlin 1-ci və 2-ci hissələrində göstərilən şəxslərə xidməti ezamiyyətlər zamanı ezamiyyə xərclərinin 1 (bir) günlük normasının 10 faizi məbləğində hər gün üçün nümayəndəlik xərcləri ödənilir. Həmin şəxslərə və Azərbaycan Respublikası xarici işlər nazirinin müavinlərinə, fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi olan xüsusi tapşırıqlar üzrə səfir vəzifəsində çalışan şəxslərə, Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlardakı diplomatik nümayəndəliklərinin (Baş konsulluqlar daxil olmaqla) Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilən  rəhbərlərinə, eləcə də Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılmış hökumətlərarası komissiyaların tərkibinə daxil olan şəxslərə nəqliyyat xərcləri təyyarə üçün “biznes klass”, dəmiryol qatarları üçün “biznes klass” və ya “2 yerli kupeli yumşaq vaqon” tarifləri ilə ödənilir. Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının və mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan orqanların rəhbərlərinin müavinlərinə, mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin rəhbərlərinə ezamiyyətə getdiyi zaman fasiləsiz uçuş müddəti 5 (beş) saatdan artıq olduğu aviareyslər üzrə nəqliyyat xərcləri “biznes klass” tarifləri ilə ödənilir. Bütün digər hallarda nəqliyyat xərcləri təyyarə üçün “ekonom klass”, dəmiryol qatarları üçün “4 yerli kupeli vaqon” tarifləri ilə ödənilir.”. 

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etsinlər.

Əli Əsədov,
Azərbaycan Respublikasının Baş naziri

 

Nazirlər kabinetinin qərarları