Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 5 Bakı şəhəri, 11 yanvar 2024-cü il

“Azərbaycan Respublikası Mül­ki Məcəlləsinin 422-ci maddəsində nəzərdə tutulmuş halların satınalma müqaviləsinə təsirinin qiymətləndi­rilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

“Dövlət satınalmaları haqqında” Azər­baycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 avqust tarixli 2307 nömrəli Fərmanının 2.2.16-cı ya­rımbəndinin icrasını təmin etmək məqsə­dilə Azərbaycan Respublikasının Nazir­lər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsində nəzərdə tutulmuş halların satınalma müqaviləsinə təsirinin qiymətləndirilməsi Qaydası” təs­diq edilsin (əlavə olunur).

2. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsində nəzərdə tutulmuş halların satınalma müqaviləsinə təsirinin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 18 mart tarixli 107 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunve­ricilik Toplusu, 2019, № 3, maddə 541 (Cild I) ləğv edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 11 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsində nəzərdə tutulmuş halların satınalma müqaviləsinə təsirinin qiymətləndirilməsi

QAYDASI

1. Ümumi müddəalar

1.1. Bu Qayda “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 42.2-ci maddəsinə uyğun olaraq hazırlan-mışdır və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsində nəzərdə tutulmuş şəraitin əhəmiyyətli dərəcədə dəyiş-məsi hallarının satınalan təşkilatla təchizatçı arasında imzalanmış müqaviləyə təsirinin qiymətləndirilməsi qaydasını tənzimləyir.

1.2. Bu Qayda satınalan təşkilatla təchizatçı arasında imzalanmış müqavilədə nəzərdə tutulan və ya onun mahiyyətindən irəli gələn ayrı qaydalarla bağlı hallara şamil olunmur.

1.3. Bu Qayda yalnız şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi baş verən vaxt icrası başa çatmamış müqavilələrə şamil olunur.

2. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinin satınalma müqaviləsinə təsirinin qiymətləndirilməsi barədə 

məsələ qaldırılması

2.1. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi satınalma predmetinin qiymətlərinin azalmasına səbəb olduqda - satınalan təşkilat dəyişikliyin baş verdiyi gündən 20 (iyirmi) iş günü müddətində təchizatçı qarşısında qiymətlərə yenidən baxılması barədə məsələ qaldırır.

2.2. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi satınalma predmetinin qiymətlərinin artmasına səbəb olduqda - təchizatçı dəyişikliyin baş verdiyi gündən 20 (iyirmi) iş günü müddətində satınalan təşkilat qarşısında qiymətlərə yenidən baxılması barədə məsələ qaldıra bilər.

2.3. Qiymətlərə yenidən baxılması barədə məsələ ilə bağlı tərəflər öz qərarı barədə 10 (on) iş günü müddətində qarşı tərəfə rəsmi məlumat verir.

3. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinin satınalma müqaviləsinə təsirinin qiymətləndirilməsi

3.1. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinin satınalma müqaviləsinə təsiri yalnız satınalma predmetinin təchizatı qrafiki üzrə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinin baş verdiyi tarixdən sonra təchiz ediləcək satınalma predmeti üzrə qiymətləndirilir.

3.2. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinin satınalma müqaviləsinə təsirinin qiymətləndirilməsi məqsədilə satınalan təşkilat şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinin baş verdiyi tarixdən sonra təchiz ediləcək satınalma predmetinin ehtimal olunan qiymətini satınalma predmetinin ehtimal olunan qiymətinin hesablanması üsullarından birinə uyğun hesablayır. 

3.3. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi qiymətlərin artımına səbəb olduqda, təchizatçının günahı ucbatından vaxtında təchiz olunmamış satınalma predmeti üzrə qiymətləndirmə aparılmır.

3.4. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi qiymətlərin azalmasına səbəb olduqda, təchizatçının günahı ucbatından vaxtında təchiz olunmamış satınalma predmeti üzrə də qiymətləndirmə aparılır.

4. Yekun müddəalar

4.1. Satınalan təşkilatla təchizatçı arasında imzalanmış müqavilənin icrası zamanı şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi üçün əsas olan sənədlər “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 40.5-ci maddəsində nəzərdə tutulmuş müddətdə satınalan təşkilatda saxlanılır.

4.2. Satınalan təşkilatla təchizatçı arasında imzalanmış müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlinmədiyi hallar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.2-ci maddəsi ilə tənzimlənir.

Nazirlər kabinetinin qərarları