2023-cü ildə Dövlət Məşğulluq Agentliyi tərəfindən 118 min 398 şəxs münasib işlə təmin olunub. 17 min 362 nəfər isə özünüməşğulluq proqramına cəlb edilib. Proqramın əhatə dairəsi daha da genişləndirilərək 13 yeni zərf yaradılıb. 18 zərfin tərkibi isə dəyişdirilərək təkmilləşdirilib. Bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli ötən ilin yekunları ilə bağlı XQ-nin suallarını cavablandırarkən bildirdi. Qurum rəhbəri daha sonra dedi:
– Ötən il özünüməşğulluq tədbirlərini dəstəkləyən yerli və beynəlxalq tərəfdaşlarla “Məşğulluğa dəstək layihəsi”, “Özünüməşğulluğa dəstək”, “Səyyar kofe evləri”, həmkarlar ittifaqları ilə özünüməşğulluğa dəstək, “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması”, “Kəndlərdə heyvandarlıq sahəsində ailə biznesinin və özünüməşğulluğun inkişafı”, “Potensial ABAD-çılara dəstək”, “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı – 2023”, “Qarabağ KOB-ları” layihələri icra edilib.
Dövlət–özəl tərəfdaşlığı əsasında peşə hazırlığı kurslarının əhatəsi də ötən il genişləndirilib, əməkdaşlıq edilən müəssisələrin sayı 130-a çatıb. İllik 960 nəfərin peşə kursu keçməsinə imkan verən Qarabağ Peşə Hazırlığı Mərkəzi istifadəyə verilib: “Bununla da agentliyin peşə hazırlığı mərkəzlərinin sayı 4-ə çatıb. Peşə hazırlığına cəlb edilən 9 min 518 nəfərin 81 faizi işlə təmin olunub. Bakı və bölgələrdə, ümumilikdə, 129 əmək yarmarkası keçirilib. 1809 işəgötürən 22 mindən çox iş yeri təqdim edib. İl ərzində 281 min 539 şəxsə peşəyönümü məsləhət xidmətləri göstərilib. İkinci dəfə Peşələr festivalı, Karyera İnkişaf Forumu və İnsan Resursları Zirvəsi keçirilib”.
M.Abbasbəyli əməkhaqqının birgə maliyyələşməsi proqramından söz açaraq 315 işəgötürənlə əməkdaşlıq müqaviləsinin imzalandığını, 1198 şəxsin işlə təmin olunduğunu diqqətə çatdırdı:
– Keçən il 8 min 370 şəxsə işsizlikdən sığorta ödənişi təyin edilib. Qeyd edim ki, işsizlikdən sığorta ödənişinin təyin olunması şərtləri ötən ilə nisbətən bir qədər də yumşaldılıb. Belə ki, müddətli əmək müqaviləsinin bitməsi səbəbindən işdən azad olunan şəxslər üçün tələb olunan sığorta stajının müddəti 30 aydan 24 aya endirilib. Məşğulluq sahəsində xidmətlərin rəqəmsallaşdırılması davam etdirilib. 2022-ci ilin may ayında istifadəyə verilən “Əmək və məşğulluq” altsistemi ötən il yenilənib. “Məzunların məşğulluq reytinqi” platforması istifadəyə verilib. Ölkənin 11 aparıcı universitetinin məzun məlumatları altsistemdə yerləşdirilib. İşsizlikdən sığorta ödənişi almaq hüququ olanların elektron reyestri yaradılıb və altsistemə daxil edilib.
Qurum rəhbəri Böyük Qayıdış proqramına uyğun olaraq, agentliyin gördüyü işlər barədə də məlumat verdi:
– İlkin mərhələdə işğaldan azad edilmiş ərazilərə köçürülməsi nəzərdə tutulan 129 min 300 nəfərin siyahısı üzrə təhlillər aparılıb. Artıq köç etmiş şəxslərdən 1138 nəfərin məşğulluğu təmin edilib. Həmin ərazilərdə fəaliyyət göstərən 250-dən çox işəgötürənlə əlaqələr qurulub. 70-dək işəgötürənin kadr ehtiyaclarının ödənilməsinə dəstək göstərilib, 2 işəgötürənin əməkdaşlarının əməkhaqları birgə maliyyələşdirilib.
Ötən ilin noyabr ayından həmin ərazilərdə əmək yarmarkalarının təşkilinə də başlanıb. İlk əmək yarmarkası Füzulidə təşkil olunub. Orada 20 işəgötürən tərəfindən 200 vakansiya təqdim edilib. Laçında keçirilən əmək yarmarkasında isə 16 işəgötürən tərəfindən 200 vakansiya təqdim edilib. Bu aktiv məşğulluq tədbiri işğaldan azad olunan digər ərazilərimizdə də keçiriləcək.
Postmüharibə dövründə şəhid ailə üzvləri və müharibə iştirakçılarından ibarət 20 min 596 şəxs aktiv məşğulluq proqramlarına, o cümlədən 10 min 354 nəfər özünüməşğulluq proqramına cəlb edilib. Ötən il agentliyin beynəlxalq əməkdaşlıq əlaqələri daha da genişlənib, qurum 2 beynəlxalq təşkilata üzv seçilib, “Business Awards UK” müsabiqəsinin qalibi və bir beynəlxalq müsabiqənin (“SDC Awards”) isə finalçısı olub.
Agentliyin sədri sonda cari ildə də qurumun 27 funksional fəaliyyət istiqamətini özündə birləşdirən 5 sahə üzrə işlərin davam etdiriləcəyini, fəaliyyət istiqamətlərinin daha da təkmilləşdiriləcəyini vurğuladı.
Zərifə BƏŞİRQIZI
XQ