Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 267 Bakı şəhəri, 4 avqust 2023-cü il

“Aqrarkredit” Qapalı Səhmdar Cəmiy­yəti Bank olmayan Kredit Təşkilatı tərəfin­dən “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən alınmış problemli aktivlərin əvəzində mövcud qanunvericiliyə uyğun olaraq əldə edilmiş və balansında olan, balans dəyəri 1 (bir) milyon manatdan çox olan əmlakların, yerli və xarici aktivlərin və ya onlar üzrə borcların tələb hüquqlarının satılması və kənar idarəçilərə idarəetməyə verilməsi üzrə Müsabiqə Komissiyasının ya­radılması barədə 

“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhm­lərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azər­baycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 nömrəli Fərmanının 5.2-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respub­likası İqtisadi Şurasının 2022-ci il 24 noyabr tarixli Qərarının (protokol № 18) 5-ci, 6-cı və 7-ci hissələrində qeyd olunanları nəzərə ala­raq “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının idarəetmə­sinə verilmiş problemli aktivlər üzrə ödənil­məmiş borcların əvəzində mövcud qanunveri­ciliyə uyğun olaraq əldə edilmiş və balansında olan, balans dəyəri 1 (bir) milyon manatdan çox olan əmlakların, yerli və xarici aktivlərin və ya onlar üzrə borcların tələb hüquqlarının satılması və kənar idarəçilərə idarəetməyə verilməsi prosesində şəffaflığın təmin edil­məsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 

1. “Aqrarkredit” Qapalı Səhmdar Cəmiy­yəti Bank olmayan Kredit Təşkilatı (bundan sonra - “Aqrarkredit” QSC) tərəfindən “Azər­baycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən (bundan sonra - “Azərbaycan Beynəlxalq Bankı” ASC) alınmış problemli aktivlərin (borcların) əvəzində əldə edilmiş və balansında olan, Azərbaycan Respublikasının ərazisində və Azərbaycan Respublikasının hü­dudlarından kənarda yerləşən, balans dəyəri1 (bir) milyon manatdan çox olan əmlakların, yerli və xarici aktivlərin və ya onlar üzrə borc­ların tələb hüquqlarının hərrac və müsabiqə yolu ilə satılması və kənar idarəçilərə idarəet­məyə verilməsi, habelə ödənişində ciddi prob­lemlər olan və ümidsiz hesab edilən yerli və xarici aktivlər üzrə borcların tələb hüquqla­rının (bundan sonra - problemli əmlaklar və onlar üzrə tələb hüquqları) kollektor və hüquq şirkətlərinə, eləcə də ayrı-ayrı hüquqi və ya fiziki şəxslərə satılması, habelə investisiya layihələrinə iştirak payı kimi qoyulması və həmin payın sonradan satılması və ya profes­sional idarəedən hüquqi şəxslərə idarəetməyə verilməsi üzrə əqdlərin bağlanılması barədə qərarların qəbul edilməsi məqsədilə aşağıda­ki tərkibdə Problemli aktivlərin (əmlakların) və onlar üzrə tələb hüquqlarının satılması, idarəetməyə verilməsi və iştirak payı kimi qoyulması üzrə Müsabiqə Komissiyası yara­dılsın:

Komissiyanın sədri

Azər Bayramov - Azərbaycan Respublika­sı maliyyə nazirinin müavini

Komissiyanın üzvləri:

Malik Vəliyev - Azərbaycan Respubli­kası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini, sədr vəzifəsini icra edən Emil Məmmədov - Azər­baycan Respublikası Kənd Təsərrüfatı Nazir­liyinin maliyyə və təminat şöbəsi müdirinin müavini

Rəşad Zalov - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirli­yinin Strateji planlaşdırma və innovasiyalar şöbəsi müdirinin müavini

Natiq Quliyev - Azərbaycan Respubli­kası Mərkəzi Bankının Təhlükəsizlik Depar­tamentinin problemli aktivlərlə iş şöbəsinin rəisi.

2. “Problemli aktivlərin (əmlakların) və onlar üzrə tələb hüquqlarının satılması, idarəetməyə verilməsi və iştirak payı kimi qo­yulması üzrə Müsabiqə Komissiyasının fəa­liyyət qaydası” təsdiq edilsin (əlavə olunur).

3. Problemli aktivlərin (əmlakların) və on­lar üzrə tələb hüquqlarının satılması, idarəet­məyə verilməsi və iştirak payı kimi qoyulması üzrə Müsabiqə Komissiyasına (bundan sonra - Müsabiqə Komissiyası) tapşırılsın ki:

3.1. “Aqrarkredit” QSC-nin əsaslandırıl­mış təklifləri əsasında:

3.1.1. problemli əmlakların və onlar üzrə tələb hüquqlarının hərrac və müsabiqə yolu ilə satılması, kollektor və hüquq şirkətlərinə, elə­cə də ayrı-ayrı hüquqi və fiziki şəxslərə satıl­ması, idarəetməyə verilməsi, habelə investisi­ya layihələrinə iştirak payı kimi qoyulması və həmin payın sonradan satılması və ya profes­sional idarəedici hüquqi şəxslərə idarəetməyə verilməsi barədə qərarlar qəbul etsin;

3.1.2. problemli əmlaklar və onlar üzrə tələb hüquqlarının hər hansı biri barədə satış qərarı qəbul edildikdə müvafiq əmlak üzrə seçilmiş nüfuzlu müstəqil qiymətləndirici­nin rəyi nəzərə alınmaqla, əmlakın ilkin satış qiyməti barədə qərar qəbul etsin, habelə mü­sabiqə vasitəsilə satıldıqda müsabiqənin şərt­lərini müəyyən etsin;

3.1.3. əmlakların açıq hərraclarda satışı məqsədilə ixtisaslaşdırılmış hərrac təşkilat­larının seçilməsini təmin etsin, əmlak müsa­biqə vasitəsilə satıldıqda müsabiqə haqqında elanların mediada yayılmasını təşkil etsin və müsabiqə qalibini müəyyən etsin;

3.1.4. əmlakların kənar idarəçilərə idarəetməyə verilməsinin üsullarını (birbaşa müqavilə və ya müsabiqə əsasında), şərtlərini, tələblərini və müddətini, habelə müsabiqə qa­libini müəyyən etsin;

3.1.5. əmlakların növündən və mürək­kəbliyindən asılı olaraq, onların satılması və ya kənar idarəçilərin idarəetməsinə verilməsi zamanı muzdla kənar məsləhətçinin cəlb edil­məsi barədə qərar qəbul etsin;

3.2. ipoteka (girov) predmeti olan və borc tələbi yönəldilmiş əmlakların satılması vəziy­yəti ilə bağlı “Aqrarkredit” QSC-nin məlu­matlarına baxsın və tövsiyələrini versin;

3.3. işini bu Qərarın 2-ci hissəsi ilə təsdiq edilmiş Müsabiqə Komissiyasının fəaliyyət qaydasına uyğun olaraq təşkil etsin və zərurət yarandıqda öz işinə dair reqlamentlər, həmçi­nin digər tənzimləyici qərarlar qəbul etsin.

4. “Aqrarkredit” QSC-yə tapşırılsın:

4.1. problemli əmlakların və onlar üzrə tələb hüquqlarının satılması, idarəetməyə ve­rilməsi və pay kimi qoyulması məqsədilə zə­ruri təşkilati və hazırlıq işləri aparsın, həmin əmlakların qiymətləndirilməsi və satışı üçün müstəqil qiymətləndirici, ekspert, əmlakın nö­vündən və mürəkkəbliyindən asılı olaraq isə kənar məsləhətçi cəlb edilməsi ilə bağlı təd­birlər həyata keçirsin;

4.2. hər bir əmlakın satışı üzrə tələb olu­nan məlumatları, o cümlədən əmlakın tərkibi, vəziyyəti, texniki parametrləri və ilkin satış qiymətinin formalaşmasına dair digər əsaslan­dırılmış göstəriciləri (qiymətləndirmə hesa­batları daxil olmaqla) Müsabiqə Komissiyası­na təqdim etsin;

4.3. ipoteka (girov) predmeti olan və borc tələbi yönəldilmiş əmlakların satılması vəziy­yəti ilə bağlı mütəmadi olaraq Müsabiqə Ko­missiyasına məlumat versin;

4.4. problemli əmlakların və onlar üzrə tələb hüquqlarının satılması, idarəetməyə ve­rilməsi və pay kimi qoyulması zamanı qanun­vericiliyə uyğun olaraq tələb olunan hüquq­müəyyənedici sənədlərin hazırlanmasını təmin etsin, zərurət yarandıqda bu məqsədlə kənar hüquq məsləhətçilərini cəlb etsin;

4.5. Müsabiqə Komissiyasının iclaslarının çağırılmasını və keçirilməsini təşkil etsin, ic­lasların nəticələrinin rəsmiləşdirilməsinə dair katiblik funksiyalarını həyata keçirsin.

5. Müsabiqə Komissiyası və “Aqrarkre­dit” QSC bu Qərardan irəli gələn məsələləri həll etsinlər.

6. Müsabiqə Komissiyası ildə bir dəfə gö­rülmüş işlər barədə Azərbaycan Respublikası­nın Nazirlər Kabinetinə hesabat təqdim etsin.

7. “Aqrarkredit” Qapalı Səhmdar Cəmiy­yəti Bank olmayan Kredit Təşkilatı tərəfin­dən “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən alınmış problemli aktivlərin əvəzində mövcud qanunvericiliyə uyğun olaraq əldə edilmiş və rəsmiləşdiril­miş əmlakların satılması və kənar idarəçilərə idarəetməyə verilməsi üzrə Müsabiqə Ko­missiyasının yaradılması barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 22 iyun tarixli 252 nömrəli Qərarı (Azərbay­can Respublikasının Qanunvericilik Toplusu 2016, № 6, maddə 1223) ləğv edilsin. 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

 

Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 avqust 

tarixli 267 nömrəli Qərarı ilə 

təsdiq edilmişdir.

 

Problemli aktivlərin (əmlakların) və onlar üzrə tələb hüquqlarının satılması, idarəetməyə verilməsi və iştirak payı kimi qoyulması üzrə Müsabiqə Komissiyasının fəaliyyət

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. “Problemli aktivlərin (əmlakların) və onlar üzrə tələb hüquqlarının satılması, idarəetməyə verilməsi və iştirak payı kimi qoyulması üzrə Müsabiqə Komissiyasının fəaliyyət Qaydası” (bundan sonra - Qayda) “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 nömrəli Fərmanından irəli gələn vəzifələrin icrası ilə əlaqədar “Aqrarkredit” QSC-nin idarəetməsinə verilmiş problemli aktivlər üzrə ödənilməmiş borcların əvəzində mövcud qanunvericiliyə uyğun olaraq əldə edilmiş və balansında olan, Azərbaycan Respublikasının ərazisində və Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən balans dəyəri  1 (bir) milyon manatdan yuxarı olan əmlakların, yerli və xarici aktivlərin və ya onlar üzrə borcların tələb hüquqlarının (bundan sonra – problemli aktivlər (əmlaklar) və onlar üzrə tələb hüquqları) hərrac və müsabiqə yolu ilə satılması və kənar idarəçilərə idarəetməyə verilməsi, habelə ödənişində ciddi problemlər olan və ümidsiz hesab edilən yerli və xarici aktivlər üzrə borcların tələb hüquqlarının kollektor və hüquq şirkətlərinə, eləcə də ayrı-ayrı hüquqi və fiziki şəxslərə satılması, habelə investisiya layihələrinə iştirak payı kimi qoyulması və həmin payın sonradan satılması və ya professional idarəedici hüquqi şəxslərə idarəetməyə verilməsi üzrə əqdlərin bağlanılması prosesində bir sıra məsələlərin tənzimlənməsi məqsədilə yaradılmış Problemli aktivlərin (əmlakların) və onlar üzrə tələb hüquqlarının satılması, idarəetməyə verilməsi və iştirak payı kimi qoyulması üzrə Müsabiqə Komissiyasının (bundan sonra – Müsabiqə Komissiyası) fəaliyyət qaydasını müəyyən edir. 

1.2. Müsabiqə Komissiyası Azərbaycan Respublikasının ərazisində yerləşən problemli aktivlərin (əmlakların) idarə edilməsi ilə bağlı məsələlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və bu Qaydanı rəhbər tutur, Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən aktivlərin idarə edilməsi ilə bağlı məsələlərə isə həmin problemli aktivlərin (əmlakların) yerləşdiyi xarici ölkələrin qanunvericiliyinə əsasən baxır.

1.3.  Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən problemli aktivlərin (əmlakların) və onlar üzrə tələb hüquqlarının satılması, idarəetməyə verilməsi və iştirak payı kimi qoyulması, habelə investisiya layihələrinə iştirak payı kimi qoyulması və həmin payın sonradan satılması və ya professional idarəedən hüquqi şəxslərə idarəetməyə verilməsi üzrə əqdlərin bağlanılmasına bu Qaydanın tələbləri nəzərə alınmaqla həm yerli həm də xarici şirkətlər cəlb edilə bilər. Bu zaman həmin şirkətlər aktivin (əmlakın) təyinatına uyğun idarə edilməsi sahəsində təcrübəyə malik olmalıdır.

1.4. Müsabiqə Komissiyasının katiblik funksiyaları, o cümlədən kargüzarlığının, təsərrüfat işlərinin və fəaliyyəti ilə bağlı digər işlərin təşkili “Aqrarkredit” QSC tərəfindən həyata keçirilir.

 

2. Müsabiqə Komissiyasının fəaliyyət qaydası

 

2.1.Müsabiqə Komissiyasının tərkibi Azərbaycan Respub-likasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

2.2. Müsabiqə Komissiyası üzvlərinin sayı 5 (beş) nəfərdən ibarətdir. Komissiya üzvləri ictimai (əvəzi ödənilmədən) əsaslarla fəaliyyət göstərir.

2.3. Müsabiqə Komissiyası problemli aktivlər ( əmlaklar) və onlar üzrə tələb hüquqlarının satılması, idarəetməyə verilməsi və iştirak payı kimi qoyulması ilə bağlı müvafiq təklifləri müzakirə edərək və aşağıdakı sənədlərə, eləcə də onlarla əlaqəli digər sənədlərə baxaraq müvafiq qərarlar qəbul edir: 

2.3.1. əmlakların ilkin satış qiyməti barədə əsaslandırılmış təklif və müstəqil qiymətləndiricinin rəyi;

2.3.2. əmlakların açıq hərraclarda satışı məqsədilə ixtisaslaşdırılmış təşkilatların seçilməsi, əmlakın kənar idarəçilərə idarəetməyə verilməsinin üsulları (birbaşa müqavilə və ya müsabiqə əsasında), şərtləri, tələbləri və müddəti barədə əsaslandırılmış təklif və qərar layihəsi;

2.3.3. əmlakların növündən və mürəkkəbliyindən asılı olaraq, onların satılması və ya kənar idarəçilərin idarəetməsinə verilməsi zamanı muzdla kənar məsləhətçinin cəlb edilməsi barədə qərar layihəsi;

2.3.4. hər bir əmlakın satışı və ya kənar idarəçilərin idarəetməsinə verilməsi üzrə tələb olunan məlumatları, o cümlədən əmlakın tərkibinə dair siyahını, texniki parametrləri və ilkin satış qiymətinin formalaşmasına dair digər əsaslandırılmış göstəriciləri;

2.3.5. hər bir əmlak üzrə həmin əmlakın əldə edilməsini rəsmiləşdirən sənəd əlavə olunmaqla, onun satılması və ya idarəetməyə verilməsi barədə əsaslandırılmış təklif və qərar layihəsi;

2.4. Müsabiqə Komissiyası müstəqil qiymətləndiricinin müəyyən etdiyi bazar dəyəri nəzərə alınmaqla əmlakın ilkin satış qiymətini təsdiq edərək onun həmin qiymətlə hərrac vasitəsilə satışı barədə müvafiq qərar qəbul edir. Bundan sonra həmin əmlak “Aqrarkredit” QSC tərəfindən hərraca çıxarılır.

2.5.    Əmlakların satılması üzrə hərrac aşağıdakı qaydada keçirilir:

2.5.1.     hərrac təşkilatı hərracın keçirilməsinə ən geci 30 (otuz) gün qalmış hərracın keçirilməsi barədə öz internet səhifəsində və mediada hərracın keçirilməsi barədə elan verir;

2.5.2. hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac baş tutmadıqda bütün sifarişçilərin, habelə hərrac baş tutduqda qalib gəlməyən iştirakçıların behi geri qaytarılır. Hərracın qalibi ilə müqavilə bağlanıldıqda, onun ödədiyi behin məbləği bağlanılmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir;

2.5.3. hərracın baş tutmuş hesab edilməsi üçün hərracda  ən azı 2 (iki) iştirakçı olmalıdır. Ən yüksək qiyməti təklif etmiş hərrac iştirakçısı hərracın qalibi elan olunur; 

2.5.4.  hərracın iştirakçılarının sayı 2-dən az olduqda və ya qalib gəlmiş iştirakçı əmlakı almaqdan imtina etdikdə hərrac baş tutmamış hesab edilir və əmlak növbəti (ikinci) hərraca çıxarılır. Bu zaman qalib gəlmiş iştirakçının ödədiyi beh geri qaytarılmır. Növbəti (ikinci) hərrac ilk hərracın keçirildiyi gündən sonra 15 (on beş) gün ərzində keçirilməlidir. Müsabiqə Komissiyası istisna hallarda (əmalkın növü, əhəmiyyəti, məbləği və s.) bu müddətin artırılması barədə qərar qəbul edə bilər. Bu halda hərrac təşkilatı təkrar hərracın keçirilməsi barədə elan verməlidir. Elan bu yarımbənd nəzərə alınmaqla müəyyən edilmiş qaydada verilir və bu zaman hərracın növbəti (ikinci) hərrac olması qeyd edilir;

2.5.5.növbəti (ikinci) hərracda əmlak hərraca ilkin satış qiymətindən 10 % aşağı qiymətlə çıxarılır. İkinci hərracın baş tutmuş hesab edilməsi üçün hərracda ən azı 1 (bir) iştirakçı olmalıdır. İkinci hərracda iştirakçı olmadıqda və ya qalib gələn iştirakçı əmlakı almaqdan imtina etdikdə hərrac baş tutmamış hesab edilir, bu zaman qalib gəlmiş iştirakçının ödədiyi beh geri qaytarılmır.Bundan sonra əmlak ikinci hərracın keçirildiyi gündən sonra 15 (on beş) gün ərzində sonuncu (üçüncü) dəfə hərraca çıxarılır və  hərrac təşkilatı bu  müddətdə son (üçüncü) hərracın keçirilməsi ilə bağlı  elan verməlidir;

2.5.6.   son (üçüncü) hərracda əmlak ilkin satış qiymətindən     30 % aşağı qiymətlə hərraca çıxarılır. Son (üçüncü) hərracda azı          1 (bir) iştirakçı iştirak etdikdə hərrac baş tutmuş hesab olunur və həmin iştirakçı əmlakı alaraq hərracın qalibi elan edilir;

2.5.7.   hərracın qalibi və hərrac təşkilatı hərracın keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar və bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracın qalibi olmuş iştirakçı protokolu imzalamaqdan imtina etdikdə ödədiyi beh geri qaytarılmır. Protokolu imzalamaqdan imtina edən hərrac təşkilatı hərracın qalibinə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərrac qalibinə və “Aqrarkredit” QSC-yə dəyən zərərin əvəzini ödəməlidir;

2.5.8.   son (üçüncü) hərracda iştirakçı olmadıqda və ya hərracın qalibi əmlakı almaqdan imtina etdikdə əmlak hərracdan çıxarılır və əmlakın digər formalarda (müsabiqə və s.) satılması və ya idarəetməyə verilməsi həyata keçirilir;

2.5.9.   hərrac təşkilatı hərracların (o cümlədən növbəti (ikinci) və son (üçüncü ) hərracın təşkili, keçirilməsi və nəticələrinə dair hesabat hazırlamalı və “Aqrarkredit” QSC-yə təqdim etməlidir.

         2.6.Əmlak hərracda satılmadıqda görüləcək tədbirlər:

2.6.1.   aktiv (əmlak) bu Qaydanın 2.4.-cü bəndində nəzərə tutulmuş formada hərracda satılmadıqda Müsabiqə Komissiyası “Aqrarkredit” QSC-nin əsaslandırılmış təklifləri əsasında aşağıdakılar barədə qərar qəbul edir:

2.6.2.    əmlakın müsabiqə yolu ilə birbaşa müqavilə əsasında üçüncü şəxslərə satılması;

2.6.3.   əmlakın hissə-hissə bölünərək müsabiqə yolu ilə birbaşa satılması (bu hal yalnız bölünməsi və ya ayrılması mümkün olan aktivlərə şamil olunur);

2.6.4.   əmlakın kənar idarəçiyə idarəetməyə verilməsi;

2.6.5.   əmlakın investisiya layihələrinə iştirak payı kimi qoyulması.

2.7.   Əmlakın hissə-hissə satılması onun tərkibindən əmlakların bölünərək və ya ayrılaraq birbaşa müqavilə əsasında satılmasını nəzərdə tutur. Bu zaman aktivin tərkib hissələrinin qiymətləndirilməsi həmin əmlakın qiymətləndirilməsi hesabatına əsasən aparılır, bu mümkün olmadıqda isə bu Qaydanın 2.3.1-ci yarımbəndi ilə müəyyən edilmiş qaydada qiymətləndirilir.

2.8. Müsabiqə Komissiyası “Aqrarkredit” QSC-nin təklifi ilə hərrac vasitəsilə satılmayan aktivin (əmlakın)  bu Qaydanın 2.6.2-ci və 2.6.3-cü yarımbəndlərinə uyğun daha aşağı qiymətə, lakin əmlakın lkın qiymətləndirmə dəyərinin 50 %-dən az olmamaq şərtilə müsabiqə yolu ilə üçüncü şəxslərə satılması barədə qərarlar qəbul edir. Bu zaman Müsabiqə Komissiyası:

2.8.1. hər bir müsabiqənin şərtlərini müəyyən edir;

2.8.2. müsabiqədə iştirak etmək üçün verilmiş təklifləri qiymətləndirir;

2.8.3. müsabiqənin qalibini müəyyən edir və onunla “Aqrarkredit” QSC arasında müqavilənin imzalanması barədə qərar qəbul edir;

2.8.4. müsabiqədə iştirak etmək niyyətində olan fiziki və hüquqi şəxslər (bundan sonra – iddiaçı) müəyyən edilmiş müddətdə forması Müsabiqə Komissiyası tərəfindən təsdiq olunan ərizəni “Aqrarkredit” QSC-yə təqdim etməli və müsabiqənin şərtlərini yerinə yetirmək üçün öhdəliklər götürməlidirlər;

2.8.5. iddiaçı müsabiqənin şərtlərinə uyğun olaraq hazırladığı təklifləri müsabiqənin keçirilməsi haqqında məlumatda göstərilən müddət ərzində qapalı zərfdə “Aqrarkredit” QSC-yə təqdim etməlidir;

2.8.6. bir iddiaçı müsabiqədə iştirak etmək üçün yalnız bir ərizə verə bilər;

2.8.7. iddiaçı Müsabiqə Komissiyasına yazılı bildiriş verməklə ərizələrin qəbul müddəti bitənədək ərizəsini geri götürə bilər. Bu halda ərizənin geri götürülməsi Müsabiqə Komissiyası tərəfindən qeydə alınmalıdır;

2.8.8. müsabiqənin keçirilməsi haqqında məlumat müsabiqənin keçirildiyi gündən ən azı 30 (otuz) gün əvvəl mediada dərc edilməlidir; 

2.8.9.müsabiqənin keçirilməsi haqqında məlumatda aşağıdakılar göstərilir:

1. əmlakın tam rəsmi adı, hüquqi və faktiki ünvanı və nizamnamə kapitalının həcmi (satış qiyməti, dəyəri);

2. əmlakın yerləşdiyi torpaq sahəsi və onun üzərində yerləşən tikililərin yüklülük vəziyyəti (əgər mövcuddursa);

3. qeyri-maddi aktivlərin (patent, ticarət markası və s.) həcmi;

4. istehsal olunan məhsulların (görülən iş və göstərilən xidmətlərin) əsas nomenklaturası;

5. işçilərin sayı;

6. müsabiqə iştirakçıları qarşısında irəli sürülən şərtlər;

7. kreditor və debitor borcların həcmi;

8. iddiaçılardan ərizələrin qəbulunun başlanması və bitməsi müddəti (günü və saatı), qəbul yerlərinin ünvanı (əlaqə nömrələri və qəbul vaxtları göstərilməklə);

9. iddiaçılar tərəfindən müsabiqədə iştirak üçün verilən sənədlərin siyahısı və onların tərtibatı üçün müəyyən edilmiş tələblər;

10. Müsabiqə Komissiyası tərəfindən müsabiqə qalibinin müəyyən edilməsi tarixi, saatı və yeri;

11. əmlakla, onun növü və parametrləri ilə bağlı sənədlərlə tanış olma qaydası və müddəti.

2.9. Müsabiqə Komissiyası tərəfindən müsabiqənin qalibinin müəyyən edilməsi barədə qərarın qəbulu ilə müsabiqə yekunlaşmış hesab olunur.

2.10. Müsabiqənin iştirakçısı olmadıqda və ya qalib gələn şəxs müqavilə bağlamaqdan imtina etdikdə Müsabiqə Komissiyası əmlakın birbaşa müqavilə üsulu ilə kənar idarəçilərə idarəetməyə verilməsi barədə qərar qəbul edə bilər.

 2.11.Əmlaklar birbaşa müqavilə üsulu ilə kənar idarəçilərə idarəetməyə verilərkən Müsabiqə Komissiyası:

2.11.1. hər bir əmlakın idarəetməyə verilməsi şərtlərini müəyyən edir;

2.11.2. kənar idarəçi ilə müqavilənin bağlanılması barədə qərar qəbul edir.

2.12. Əmlaklar bu Qaydanın 2.6.4-cü yarımbəndinə uyğun olaraq onların istifadə olunacağı sahədə təcrübəyə malik olan və əmlakı idarəetmək potensialı olan kənar idarəçi hüquqi və fiziki şəxslərə idarəetməyə verilə bilər.

2.13. Əmlak yalnız investisiya proqramı əsasında kənar idarəçiyə idarəetməyə təqdim edilir.

2.14. İnvestisiya proqramında ən azı aşağıdakı məlumatlar öz əksini tapmalıdır:

2.14.1. kənar idarəçinin sahə üzrə təcrübəsini və idarəetmə potensialını müəyyən etməyə imkan verən məlumatlar;

2.14.2. investisiya qoyuluşlarının istiqamət, müddət və məbləğləri göstərilən investisiya planı;

2.14.3. idarəetməyə verilmiş əmlak üzrə öhdəliklərin yerinə yetirilməsi qrafiki;

2.14.4. idarəetməyə verilmiş əmlakın təklif olunan idarəetmə və təşkilati strukturu;

2.14 5. maliyyə proqnozları;

2.14.6. risklər və onların idarə edilməsi alətləri.

2.15. İnvestisiya proqramında göstərilən məlumatlar “Aqrarkredit” QSC-nin özü və ya onun müvəkkil etdiyi kənar qiymətləndirici tərəfindən qiymətləndirilməli və Müsabiqə Komissiyasına rəsmi rəy təqdim olunmalıdır.

2.16. Əmlakların idarəetməyə verilməsi onların üzərində mülkiyyət hüququnun kənar idarəçiyə keçməsinə əsas hesab olunmur və əmlakın mülkiyyət hüququ “Aqrarkredit” QSC-də qalır.

2.17. Aşağıdakı hallarda Müsabiqə Komissiyasının qərarı ilə  əmlakın idarəetməyə verilməsi üzrə müqavilə şərtlərinə uyğun olaraq idarəetməyə verilən əmlak onu idarə edən idarəçiyə satıla bilər:

2.17.1. idarəetmədə olan müddətdə əmlak üzrə “Aqrarkredit” QSC-yə olan borc öhdəlikləri tamamilə ödənildikdə;

2.17.2. idarəetməyə verilən əmlakın kənar şəxsə satılması və ya başqa kənar idarəçiyə verilməsi mümkün olmadıqda.

2.18. Əmlaklar aşağıdakı müddətlərə idarəetməyə verilir:

2.18.1. qısa müddətə - 5 (beş) ilədək;

2.18.2. orta müddətə - 5 (beş) ildən 10 (on)  ilədək;

2.18.3. uzun müddətə - 10 (on) ildən 20 ilədək .

2.19. Hər bir halda əmlakların idarəetməyə verilməsinin konkret müddəti tərəflər arasında bağlanılmış müqavilədə qarşılıqlı razılaşma ilə müəyyən edilir və investisiyaların özünü ödəmə müddətindən asılıdır.

2.20. Əmlakların idarəetməyə verilməsi Müsabiqə Komissiyasının qərarına əsasən “Aqrarkredit” QSC ilə kənar idarəçi arasında bağlanılmış müqavilə ilə rəsmiləşdirilir. 

2.21. Əmlak yalnız investisiya proqramı əsasında iştirak payı kimi qoyula bilər. İnvestisiya proqramında göstərilən məlumatlar Müsabiqə Komissiyasının özü və ya onun müvəkkil etdiyi kənar qiymətləndirici tərəfindən qiymətləndirilməlidir. Bu zaman qiymətləndirici tərəfindən  Müsabiqə Komissiyasına rəsmi rəy təqdim olunmalıdır.

2.22. Müsabiqə Komissiyasının iclaslarının gündəliyi və növbəliliyi “Aqrarkredit” QSC tərəfindən hazırlanaraq  Müsabiqə Komissiyasının sədri ilə razılaşdırılır.

2.23. Müsabiqə Komissiyası bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş məsələlərlə bağlı Müsabiqə Komissiyası üzvlərinə məlumatlar təqdim edildikdən sonrakı 20 (iyirmi) iş günü ərzində iclasda həmin məsələlərə baxaraq, müvafiq qərarlar qəbul edir.

2.24. Müsabiqə Komissiyası üzvlərinin ən azı 4 (dörd) üzvü iclasda iştirak etdikdə, komissiyanın iclasları səlahiyyətli hesab olunur. Komissiyanın qərarları açıq səsvermə və iştirakçıların sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, Müsabiqə Komissiyasının sədrinin səsi həlledici hesab olunur.

2.25. Müsabiqə Komissiyasının qərarı iclasda iştirak edən bütün üzvlər tərəfindən imzalanır. Qərarla razı olmayan komissiya üzvü öz imzası qarşısında qeyd etməklə, xüsusi rəyini qərara əlavə edir.

2.26. Müsabiqə Komissiyasının iclasları müvafiq qaydada protokollaşdırılır, sədr və katib tərəfindən imzalanır.

2.27.  Müsabiqə Komissiyasının sədri:

2.27.1. Müsabiqə Komissiyasının fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

2.27.2. Müsabiqə Komissiyasının iclaslarına sədrlik edir;

2.27.3. Müsabiqə Komissiyasının iclaslarının protokollarını, Komissiyanın qəbul etdiyi reqlamentləri və digər tənzimləyici qərarları imzalayır.

2.28. Müsabiqə Komissiyası fəaliyyəti barədə ildə 1 (bir) dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə hesabat təqdim edir.

 

3.  Müqavilə öhdəliklərinin yerinə yetirilməsinə nəzarət

 

3.1. “Aqrarkredit” QSC aktivlərin (əmlakların) idarəetməyə verilməsi və iştirak payı kimi qoyulması ilə əlaqədar müvafiq şəxslərlə bağlanılan müqavilələrdə öhdəliklərin icrasına nəzarəti həyata keçirir və bununla əlaqədar həmin qurumlar tərəfindən “Aqrarkredit” QSC-yə 6 (altı) aydan bir müəyyən edilmiş formada müstəqil audit hesabatını təqdim edir.

3.2. “Aqrarkredit” QSC-nin tələbi ilə kənar auditor tərəfindən hesabata öhdəliklərin yerinə yetirilməsini təsdiq edən digər sənədlər də əlavə olunmalıdır.

3.3. Hesabatda qeyd olunan məlumatların doğruluğuna əmlakları idarəetməyə götürən (investisiya kimi cəlb edən) şəxs  və auditor məsuliyyət daşıyır.

3.4. Əmlakları idarəetməyə götürən (investisiya kimi cəlb edən) şəxs tərəfindən müqavilə üzrə nəzərdə tutulan öhdəliklər və investisiya proqramı tam yerinə yetirildikdən sonra həmin şəxs bütün müqavilə müddətini əhatə edən və müstəqil auditor tərəfindən təsdiq olunan yekun hesabat hazırlayır və “Aqrarkredit” QSC-yə təqdim edir.

3.5. “Aqrarkredit” QSC-nin təqdimatı ilə yekun hesabat Müsabiqə Komissiyasında müzakirə edilərək məqsədəuyğun hesab olunduqdan sonra həmin şəxslərin təklifi ilə “Aqrarkredit” QSC tərəfindən əmlak üzərində mülkiyyət hüququnun onların adına rəsmiləşdirilməsinə dair müvafiq tədbir görülür.

 

4.   Aktivlər üzrə borcların tələb hüquqlarının satılması
 

4.1.           Aktivlər üzrə borcların tələb hüquqlarının müsabiqə yolu ilə  satılması barədə qərar “Aqrarkredit” QSC-nin əsaslandırılmış təklifi əsasında Müsabiqə Komissiyası tərəfindən qəbul edilir.  

4.2.    “Aqrarkredit” QSC aktivlər üzrə borcların tələb hüquqlarının satılması barədə Müsabiqə Komissiyasının qərarını əsas götürərək müsabiqənin keçirilməsi ilə bağlı bildiriş hazırlayır və müsabiqənin keçirilmə tarixindən azı 30 (otuz) gün əvvəl mediada dərc etdirir. 

4.3.     Müsabiqəyə çıxarılmış aktiv üzrə borcun tələb hüququnun ilkin satış qiyməti həmin aktivin balans dəyəri ilə müəyyən olunur. 

4.4.     Birinci müsabiqədə satışa çıxarılmış aktivlər üzrə borcların tələb hüquqları onların  ilkin  satış qiymətinin 70%-dən aşağı olmamaqla satıla bilər .

4.5.    İkinci müsabiqədə satışa çıxarılmış aktivlər üzrə borcların tələb hüquqları  onların ilkin  satış qiymətinin 50%-dən aşağı olmamaqla  satıla bilər.

4.6.    Aktiv üzrə borcun tələb hüququnun birinci və ikinci müsabiqədə satılması mümkün olmadıqda və aktivlər üzrə borcların qaytarılması perspektivi aşağı olduqda,  bu  borcların heç bir təminatı olmadıqda,tələb hüquqlarının icra olunma imkanları zəif olduqda Müsabiqə Komissiyası “Aqrarkredit” QSC-nin əsaslandırılmış təklifi əsasında həmin aktivlər üzrə borcların tələb hüquqlarının son (üçüncü) müsabiqədə bu Qaydaların 4.4-cü və 4.5-ci bəndlərində göstərilənlərdən fərqli qaydada satılması barədə qərar qəbul edə bilər.

4.7.    Müsabiqədə iştirak etmək niyyətində olan  fiziki və hüquqi şəxslər (bundan sonra - iddiaçı) müsabiqənin keçirilməsi ilə bağlı bildirişdə müəyyən edilmiş müddətdə sənədləri bağlı və möhürlənmiş zərfdə “Aqrarkredit” QSC-yə təqdim etməlidirlər.   

4.8.     Təkliflərlə bağlı zərflərin açılması və həmin təkliflərin qiymətləndirilməsi bildirişdə göstərilmiş tarixdə və vaxtda Müsabiqə Komissiyasının iclasında aparılır.

4.9.     Müsabiqə iddiaçıların təqdim etdiyi zərflərin açılması və təkliflərin qiymətləndirilməsi yolu ilə keçirilir.  

4.10.        Aktivlər üzrə borcların tələb hüquqlarının alınması üçün təqdim edilən təkliflərdə göstərilən məbləğ, onun ödənilmə şərtləri və müddəti  qiymətləndirilir və müsabiqənin keçirildiyi gün qalib elan edilir. 

4.11.   Müsabiqənin iştirakçılarının sayı 2 (iki) nəfərdən az olduqda və ya qalib elan edilən şəxs 30 (otuz) gün müddətində müqaviləni imzalamadıqda müsabiqə baş tutmamış hesab edilir və aktivlər üzrə borcların tələb hüquqları növbəti (ikinci) müsabiqəyə çıxarılır. İkinci müsabiqə ilk müsabiqənin keçirildiyi gündən 30 (otuz) gün ərzində keçirilməlidir. İkinci müsabiqədə ən azı 2 (iki) iştirakçı olmalıdır. Son (üçüncü) müsabiqə ikinci müsabiqənin keçirildiyi gündən 20 (iyirmi) gün ərzində keçirilməlidir. Son (üçüncü) müsabiqədə ən azı 1 (bir) iştirakçı olmalıdır və aktiv üzrə borcun tələb hüququnun satış qiyməti  bu Qaydanın 4.6-cı bəndinin tələbləri nəzərə alınmaqla müəyyən edilir.

 

5.            Yekun müddəalar

 

 5.1. Müsabiqə Komissiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə ləğv edilir.

5.2. Müsabiqə Komissiyası ləğv edildikdən sonra onun fəaliyyəti ilə bağlı sənədlər qanunvericiliklə müəyyən olunmuş qaydada  Dövlət Arxivinə təhvil verilir.

Nazirlər kabinetinin qərarları