Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 225 Bakı şəhəri, 8 iyul 2023-cü il

“Qida təhlükəsizliyi sahəsində risklərin təhlili qaydası”­nın təsdiq edilməsi haqqında

“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası­nın 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 26 yanvar tarixli 267 nömrəli, “Yeyinti məhsul­ları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edil­məsi ilə bağlı əlavə tədbirlər barədə” 2003-cü il 23 oktyabr tarixli 969 nömrəli fərmanlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 iyun tarixli 1723 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsə­dilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Qida təhlükəsizliyi sahəsində risklərin təhlili qaydası” təs­diq edilsin (əlavə olunur).

2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Preziden­tinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”­nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 8 iyul 

tarixli 225 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

 

 

Qida təhlükəsizliyi sahəsində risklərin təhlili

 

 

QAYDASI

 

 

1. Ümumi müddəalar

 

 

 

 

 

1.1. Qida təhlükəsizliyi sahəsində risklərin təhlili qaydası (bundan sonra – Qayda) “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 6.2-ci maddəsinə uyğun olaraq hazırlanmışdır, qida və yem məhsulları (bundan sonra – məhsullar) üzrə risklərin qiymətləndirilməsi, idarə edilməsi və risklər haqqında məlumatlandırma mərhələlərindən ibarət risklərin təhlili ilə bağlı məsələləri tənzimləyir.

1.2. Qida təhlükəsizliyi sahəsində tətbiq olunan risklərin təhlilinin əsas məqsədi insan və heyvan həyatının və sağlamlığının (bundan sonra – həyat və sağlamlıq) məhsulların yarada biləcəyi təhlükədən aşağıdakı yollarla qorunmasıdır: 

1.2.1. qida təhlükəsizliyi baxımından risklərin müəyyən edilməsi və bu sahədə effektiv və səmərəli tədbirlərin həyata keçirilməsi, eləcə də maraqlı şəxslərin risklər və həyata keçiriləcək tədbirlər barədə məlumatlandırılması;

1.2.2. qida təhlükəsizliyi sahəsində sanitar mühafizənin zəruri səviyyəsini təmin etmək məqsədilə mövcud qida təhlükəsizliyi göstəricilərinin təkmilləşdirilməsi və ya yeni göstəricilərin müəyyən edilməsi vasitəsilə texniki normativ hüquqi aktların təkmilləşdirilməsi, yeni tənzimləyici tədbirlərin müəyyən edilməsi.

1.3. Həyat və sağlamlığın mühafizəsini təmin etmək məqsədilə qida təhlükəsizliyi sahəsində dövlət tənzimlənməsi elmi sübutlardan və Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş standartlardan, tövsiyələrdən və qaydalardan istifadə etməklə risklərin təhlili prinsipinə əsaslanır.

 

 

2. Əsas anlayışlar

 

  2.1. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

  2.1.1. risk profili - qida təhlükəsizliyi sahəsində mövcud olan problemlər və onların yaranmasına təsir edən amillər haqqında ilkin təsəvvür yaradan, risklərin qiymətləndirilməsi və idarə olunması mexanizmlərini müəyyən etməyə imkan verən təsvir; 

  2.1.2. qeyri-müəyyənlik - qida təhlükəsizliyi sahəsində mövcud olan problemlə bağlı məlumatların və təhlillərin olmaması və ya onların qeyri-müəyyən olması, həmçinin kəmiyyətcə ifadə edilə bilməməsi;

  2.1.3. dəyişkənlik - risklərin qiymətləndirilməsi zamanı məlu-matların və ya xüsusiyyətlərin fərqliliyi, həmçinin müxtəlifliyi səbəbindən nəticələr arasında fərqlərin olması;

  2.1.4. təhlükənin müəyyən edilməsi - məhsulların insan orqanizminə yarada biləcəyi təhlükələrin aşkarlanması;  

  2.1.5. təhlükənin xarakterizə edilməsi - bioloji, kimyəvi və fiziki təsirlərlə əlaqədar məhsulların, habelə qida mənbəyi olan heyvanların, bitkilərin insan orqanizminə yarada biləcəyi təhlükələrin kəmiyyət və keyfiyyət baxımından qiymətləndirilməsi;

2.1.6. təhlükəyə məruzqalma ehtimalının qiymətləndirilməsi - müəyyən olunmuş hər bir mümkün təhlükəyə səbəb olan bioloji, kimyəvi və fiziki maddələrin məhsullar vasitəsilə insanlar və ya heyvanlar tərəfindən qəbulu səviyyəsinin dəyərləndirilməsi; 

  2.1.7. risklərin xarakterizə edilməsi - təhlükənin müəyyən və xarakterizə edilməsi, təhlükəyə məruzqalma ehtimalının qiymətlən-dirilməsinə əsaslanaraq həyat və sağlamlığa mövcud, habelə potensial mənfi təsirlərin başvermə ehtimalının və intensivliyinin kəmiyyət və keyfiyyət baxımından qiymətləndirilməsi;

  2.1.8. maraqlı şəxslər - risklərin təhlili çərçivəsində həyata keçirilən fəaliyyətin təsir etdiyi (edə biləcəyi) şəxslər, o cümlədən dövlət orqanları (qurumları), qida zənciri subyektləri və istehlakçılar. 

  2.2. Bu Qaydada istifadə olunan digər anlayışlar Qanunda və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulan mənaları ifadə edir.

 

 

 

 

 

 

 

 

3. Risklərin təhlilinə dair ümumi tələblər

 

 

  3.1. Risklərin təhlili qida təhlükəsizliyi üzrə dövlət nəzarətinin tərkib hissəsi olmaqla risklərin qiymətləndirilməsi, idarə edilməsi və risklər haqqında məlumatlandırma kimi bir-biri ilə qarşılıqlı əlaqəli olan fəaliyyətlər tətbiq edilməklə həyata keçirilir.

  3.2. Bu Qaydaya əsasən risklərin qiymətləndirilməsi Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (bundan sonra – İnstitut) vasitəsilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (bundan sonra – Agentlik), risklərin idarə edilməsi və risklər haqqında məlumatlandırma isə Agentlik tərəfindən həyata keçirilir.

3.3. Risklərin təhlili zamanı risklərin qiymətləndirilməsi, idarə edilməsi və risklər haqqında məlumatlandırma həyata keçirilərkən şəffaflığın təmin edilməsi məqsədilə bu proseslər ardıcıl, tam və qərəzsiz icra edilərək sənədləşdirilir, həmçinin əldə edilməsi qanunla məhdudlaşdırılan məlumatlar istisna olmaqla, sənədləşmənin bütün maraqlı şəxslər üçün açıq və əlçatan olması Agentliyin rəsmi internet səhifəsində yerləşdirilməsi yolu ilə təmin edilir. 

3.4. Risklərin təhlili mərhələsində maraqlı şəxslərin iştirakı təmin edilir.

3.5. Risklərin təhlili aparılarkən məhsulların istehlakı (istifadəsi) həcminə dair statistik məlumatlar və qida mənşəli xəstəliklər üzrə məlumatlar nəzərə alınmalıdır.

3.6. Risklərin idarə edilməsi tədbirləri zamanı təhlükənin xarakteri, dəyişkənliklər və qeyri-müəyyənliklər nəzərə alınmalıdır.

3.7. Risk təhlili çərçivəsində ilkin olaraq qida təhlükəsizliyi sahəsində mövcud olan problem müəyyənləşdirilir, risk profili hazırlanır, risk qiymətləndirilməsinin aparılmasına ehtiyacın olub-olmaması dəqiqləşdirilir və risklərin təhlili çərçivəsində risklərin qiymətləndirilməsi barədə bu Qaydanın əlavəsinə uyğun olaraq sorğu tərtib edilir. Sorğu mövcud elmi məlumatlar, qiymətləndirilmənin aparılması üçün tələb olunan vaxt və resurs, risklərin idarə edilməsi tədbirlərinin tətbiqinin təcili olub-olmaması və analoji risklərə dair tətbiq edilən risklərin idarə edilməsi tədbirlərinin mövcudluğu ilə bağlı amillər nəzərə alınmaqla Agentlik tərəfindən aşağıdakı hallarda İnstituta göndərilir: 

3.7.1. təhlükə və risklərə dair beynəlxalq təcrübə mövcud olmadıqda; 

3.7.2. qida təhlükəsizliyi göstəricilərinin müəyyən edilməməsi məhsullarda təhlükə və risk yaratdıqda; 

3.7.3. həyat və sağlamlığa mümkün təhlükənin qarşısının alınması üçün tətbiq olunan müvəqqəti tədbirlərin təsirinin qiymətləndirilməsinə ehtiyac olduqda;

3.7.4. risklər, o cümlədən onların həyat və sağlamlığa təsirləri haqqında məlumatlar tam və dəqiq olmadıqda;

3.7.5. yeni tənzimləyici tədbirlərə ehtiyac yarandıqda.

 

4. Risklərin qiymətləndirilməsi

 

 

  4.1. Bu Qaydaya əsasən risklərin qiymətləndirilməsi Agentlik tərəfindən göndərilən risklərin qiymətləndirilmə sorğusu əsasında İnstitut tərəfindən həyata keçirilir. 

  4.2. Risklərin qiymətləndirilməsi aşağıdakı mərhələlərdən ibarətdir:

4.2.1. təhlükənin müəyyən edilməsi;

4.2.2. təhlükələrin xarakterizə edilməsi;

4.2.3. təhlükəyə məruzqalma ehtimalının qiymətləndirilməsi;

4.2.4. risklərin xarakterizə edilməsi, eləcə də risklərin qarşısının alınması, azaldılması (məhdudlaşdırılması) və aradan qaldırılması tədbirlərinə dair təkliflərin verilməsi.

4.3. Risklərin qiymətləndirilməsi aparılarkən İnstitut tərəfindən aşağıdakılar təmin edilir: 

4.3.1. bu sahədə mövcud olan beynəlxalq standartlardan, tövsiyələrdən və qaydalardan istifadə edilməsi;

4.3.2. beynəlxalq təşkilatların istinad etdiyi etibarlı mənbələrdən müvafiq təhlükələr və risklər, habelə risklərin qarşısının alınması və nəzarət tədbirləri barədə məlumatların əldə edilməsi, o cümlədən digər ölkələr və beynəlxalq təşkilatlar tərəfindən aparılmış risklərin qiymətləndirilməsi nəticələrindən istifadə edilməsi;

4.3.3. məhsulların istehlakı (istifadəsi) və həcminin müəyyən edilməsi ilə bağlı sorğuların hazırlanması və bu barədə məlumatların əldə olunaraq emal edilməsi;

4.3.4. risklərin qiymətləndirilməsi zamanı aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq edilməsi. 

4.4. Məhsulların həyat və sağlamlığa yarada biləcəyi təhlükələrə dair İnstitut tərəfindən risklərin qiymətləndirilməsi aşağıdakı tələblərə uyğun həyata keçirilməlidir:

4.4.1. risklərin qiymətləndirilməsi müstəqil və obyektiv şəkildə elmi əsaslarla həyata keçirilməli, iqtisadi, siyasi, hüquqi, ekoloji və digər məsələlərin risklərin qiymətləndirilmə nəticələrinə təsir göstərməsinə yol verilməməlidir; 

4.4.2. həyat və sağlamlığa qısamüddətli və ya uzunmüddətli (kumulyativ toksik təsiri daxil olmaqla) təsir göstərən risklər nəzərə alınmalıdır;

4.4.3. mövcud elmi məlumatlardan, müvafiq ilkin istehsal, istehsal və ya emal üsullarından, yoxlama, monitorinq və auditin nəticələrindən, laboratoriya tədqiqatı üsullarından, konkret xəstəlik-lərin yayılma dərəcəsi ilə bağlı məlumatlardan istifadə etməklə müstəqil, qərəzsiz və şəffaf şəkildə aparılmalıdır.

4.5. Risklərin qiymətləndirilməsi aparılarkən məhdudiyyətlərin, qeyri-müəyyənliklərin və ehtimalların risklərin qiymətləndirilməsinə təsiri göstərilməli və risklərin qiymətləndirilməsi hesabatında ətraflı təsvir edilməlidir.

4.6. Risklərin qiymətləndirilməsinin nəticələri kəmiyyət və (və ya) keyfiyyət baxımından təsvir olunmalı və risklərin qiymətlən-dirilməsi risklərin təhlili məqsədləri ilə uzlaşmalıdır.

4.7. Risklərin qiymətləndirilməsi prosesi tamamlandıqdan sonra nəticələri barədə hesabat risklərin idarə edilməsi məqsədilə Agentliyə təqdim edilməlidir.

 

 

5. Risklərin idarə edilməsi

 

 

  5.1. Risklərin idarə edilməsinin əsas məqsədi milli qanunveri-ciliyin və (və ya) beynəlxalq standartların tələblərinə uyğun olaraq həyat və sağlamlığın qorunması üçün risklərin qarşısının alınması, azaldılması (məhdudlaşdırılması) və aradan qaldırılması üzrə müvafiq tədbirlər görməkdir.

  5.2. Risklərin idarə edilməsi, risklərin idarə edilməsi tədbirlərinin dəyərləndirilməsi, seçilməsi və həyata keçirilməsi, monitorinqi və nəticələrin qiymətləndirilməsi, həmçinin seçilmiş risklərin idarə edilməsi tədbirlərinin mövcud risklərə təsiri barədə məlumatların əldə olunması mərhələlərini özündə ehtiva edir.

  5.3. Mövcud məlumatların təhlilindən sonra həyat və sağlamlığa təhlükə ehtimalı müəyyən olunduqda, lakin elmi qeyri-müəyyənlik davam etdikdə daha ətraflı risklərin qiymətləndirilməsinin aparılması üçün əlavə elmi məlumatlar əldə edilənədək Agentlik tərəfindən həyat və sağlamlığın qorunması məqsədilə risklərin idarə edilməsi üzrə qeyri-müəyyən subyektlər dairəsinə Qanunun 7-ci maddəsinə uyğun olaraq müvəqqəti tədbirlər həyata keçirilə bilər.

  5.4. Agentlik tərəfindən ölkədə qida təhlükəsizliyi sahəsində risklərin idarə edilməsi tədbirləri müəyyənləşdirilərkən aşağıdakılar nəzərə alınmalıdır:

  5.4.1. risklərin idarə edilməsi üzrə hər bir tədbirin müsbət və mənfi cəhətləri;

  5.4.2. həyat və sağlamlığın qorunmasında eyni dərəcədə təsirə malik olan fərqli risklərin idarə edilməsi üzrə tədbirlərin qida zəncirində fəaliyyətə və iqtisadiyyata potensial təsirləri;

  5.4.3. risklərin idarə edilməsi tədbirlərində qeyri-müəyyənliklər və həmin tədbirlərin icrasının mümkünlüyü.

  5.5. Oxşar xarakterli müxtəlif risklərin idarə edilməsində vahid yanaşma tətbiq olunur. 

5.6. Risklərin qiymətləndirilməsinin nəticəsindən və riskin səviyyəsindən asılı olaraq Agentlik tərəfindən risklərin idarə edilməsi planının hazırlanmasına ehtiyacın olub-olmaması müəyyənləşdirilir. Risklərin idarə edilməsi planına ehtiyac olduqda Agentlik tərəfindən risklərin qarşısının alınması, azaldılması (məhdudlaşdırılması) və aradan qaldırılması məqsədilə risklərin idarə edilməsi planı hazırlanır və təsdiq olunaraq icra edilir.

  5.7. Risklərin idarə edilməsi çərçivəsində verilən qərarların və onların icrasının aktuallığının, effektivliyinin və təsirlərinin yoxla-nılması məqsədilə Agentlik tərəfindən risklərin səviyyəsindən asılı olaraq monitorinq həyata keçirilir. Monitorinqin nəticələrinə və yeni elmi məlumatlara əsasən daha əvvəl verilmiş qərarlara yenidən baxılır və onların icra vəziyyəti təhlil edilir. Bununla bağlı bu Qaydaya əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan plan üzrə (növbəti) və plandankənar (növbədənkənar) yoxlama tədbirləri “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

 

 

6. Risklər haqqında məlumatlandırma

 

 

6.1. Risklər haqqında məlumatlandırma risklərin effektiv idarə edilməsi üçün tələb olunan bütün məlumatların nəzərə alınmasını təmin etməlidir.

6.2. Risklər haqqında məlumatlandırmanın məqsədləri aşağıdakılardır:

6.2.1. risklərin qarşısının alınması, azaldılması (məhdudlaş-dırılması) və aradan qaldırılmasına nail olunmasına dəstək vermək;

6.2.2. risklərin təhlilinin ümumi effektivliyini və səmərəliliyini artırmaq;

6.2.3. şəffaflığı təmin etmək;

6.2.4. risklərin təhlili prosesinə etimadın möhkəmləndirilməsi,  istehlakçıların düzgün mühakimələr etməyə təşviq edilməsi, təhrif olunmuş məlumatların yayılmasına qarşı mübarizə məqsədilə maraqlı şəxslərin məlumatlılığını artırmaq və qarşılıqlı fəaliyyəti gücləndirmək.

6.3. Risklər haqqında məlumatlandırma aşağıdakı tələblər nəzərə alınmaqla həyata keçirilməlidir:

6.3.1. bütün maraqlı şəxslərin iştirakının təmin edilməsi;

6.3.2. şəffaflıq, açıqlıq və operativlik prinsipləri əsasında məlumatların dəqiq və tam şəkildə bütün maraqlı şəxslərə vaxtında çatdırılması və müzakirələrin aparılması;

6.3.3. risklərin idarə edilməsi tədbirlərinin müəyyənləşdiril-məsində şəffaflığın və ardıcıllığın təmin edilməsi;

6.3.4. risklərin idarə edilməsi barədə verilən qərarların hamı üçün anlaşılan olması;

6.3.5. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq konfidensiallıq prinsipləri nəzərə alınmaqla aidiyyəti məlumatların prosesdə birbaşa iştirak etməyən və ya elmi məlumatı olmayan şəxslər də daxil olmaqla ictimaiyyətə aydın, əlçatan və açıq olması. 

6.4. Risklər haqqında məlumatlandırma tədbirləri çərçivəsində Agentlik internet informasiya ehtiyatından və mümkün kommunikasiya vasitələrindən istifadə etməklə məhsullarla bağlı mövcud və potensial təhlükələr, habelə həmin təhlükədən irəli gələn risklər barədə maraqlı şəxslərə vaxtında, düzgün və ətraflı məlumat verilməsini təmin etməlidir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                                                                      “Qida təhlükəsizliyi sahəsində            

                                                                                    risklərin təhlili qaydası”na 

                                                                                                   

                                                                                    əlavə

 

Risklərin qiymətləndirilməsi üzrə

 

SORĞU FORMASI

 

Sorğunun nömrəsi 
 
Sorğunun tarixi 
 
Qida təhlükəsizliyi sahəsində mövcud olan problem
 
Potensial təhlükənin növü
 
Sorğunun cavablandırılma müddəti
 
 

Cavablandırılmalı suallar

 

1.

2.

3.

4.

5.
 

Məhsul və təhlükə barədə mövcud məlumatlar və risk profili

 

 
 
 
 

 Qeyd.

 

 

 

 
 

 

Nazirlər kabinetinin qərarları