Numan Kurtulmuş: Azərbaycanın öz torpaqlarını 30 illik işğaldan azad etməsi tarixi zəfərdir

post-img

Dünən Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü. Əvvəlcə iki qardaş ölkənin parlament sədrləri arasında təkbətək görüş keçirildi. Sonra TBMM-in Sədri Heydər Əliyev xatirə zalındakı eksponatlarla tanış oldu, buradakı Xatirə kitabına ürək sözlərini yazdı. Daha sonra tərəflər arasında geniş tərkibdə görüş keçirildi.

S.Qafarova TBMM sədrini bu vəzifəyə seçilməsi münasibətilə təbrik etdi və Türkiyədə keçirilmiş seçkilərdə cənab Rəcəb Tayyib Ərdoğanın yenidən dövlət başçısı seçilməsinin Azərbaycanda da se­vinclə qarşılandığını bildirdi. Par­lamentin Sədri bu seçkilərdə Milli Məclisin deputatlarının da müşahi­dəçi qismində təmsil olunduqlarını diqqətə çatdırdı. 

Sədr qeyd etdi ki, dövlət baş­çılarımızın şəxsi dostluq müna­sibətləri Azərbaycan və Türkiyə qardaşlığının, birliyinin və strateji müttəfiqliyinin bugünkü yüksək səviyyəyə çatmasında mühüm rol oynayır. Vətən müharibəsindən sonra dost və qardaş ölkələrimizin dövlət başçıları tərəfindən Şuşa Bəyannaməsinin imzalandığını xatırladan S.Qafarova bu sənə­din imzalanması ilə bütün dünya bir daha Azərbaycan–Türkiyə qar­daşlığının şahidi olduğunu bildirdi. O, dövlətlərimizin və xalqlarımı­zın xoş gündə də, çətin gündə də bir-birinin yanında olduğunu qeyd edərək Türkiyədə baş vermiş zəl­zələ zamanı Azərbaycan dövləti­nin və xalqının Türkiyəyə öz qar­daş dəstəyini göstərməklə bunu bir daha sübut etdiyini diqqətə çatdırdı.

2023-cü ilin Azərbaycanda “Heydər Əliyev ili” elan edildiyini xatırladan S.Qafarova həmin vaxt Türkiyədə seçki dövrü olmasına baxmayaraq, parlamentin may ayında ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş iclasında Türkiyə nümayəndə heyətinin iştirak etməsini yüksək dəyərləndirdi: “Bununla yanaşı, iki ölkə arasında bütün sahələr­də olduğu kimi, parlamentlər ara­sında da geniş əlaqələr qurulub. Qanunverici orqanlar həm ikitərəfli formatda, həm də beynəlxalq təş­kilatlar çərçivəsində uğurla əmək­daşlıq edir” deyən S.Qafarova bu ilin aprel ayında Azərbaycan Milli Məclisi ilə Türkiyə Böyük Mil­lət Məclisi arasında imzalanmış Əməkdaşlıq haqqında sazişin ikitərəfli münasibətlərin inkişafına öz töhfəsini verəcəyinə əminliyi­ni ifadə etdi. Bu saziş Şuşa Bə­yannaməsinin parlamentlərarası əməkdaşlığa dair bəndinin həyata keçirilməsi və Azərbaycan–Tür­kiyə müttəfiqlik münasibətlərinin parlament səviyyəsində də əks etdirilməsi baxımından mühüm bir mexanizmdir.

Görüşdə yüksək qonağa işğal­dan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı qu­ruculuq və bərpa işləri, sülh pro­sesinin gedişi barədə də məlumat verildi. 

TBMM sədri kimi Azərbayca­na ilk səfərindən məmnunluğunu bildirən Numan Kurtulmuş qardaş Azərbaycan dövlətinin və xalqının mühüm bir tarixi dövr yaşadığını diqqətə çatdıraraq bildirdi: “Azər­baycanın öz torpaqlarını 30 illik işğaldan azad etməsi tarixi zəfər­dir. Bu, Cənubi Qafqaz regionunda ölkənizin gücünün göstəricisidir”. 

Qonaq qeyd etdi ki, bu gün Türkiyə də mühüm hədəflərə doğ­ru irəliləməkdədir və 100 ildə bö­yük inkişaf yolu keçib. TBMM sədri bu ilin fevral ayında Türkiyədə baş vermiş zəlzələ zamanı Azərbaycan dövlətinin və xalqının hər zaman olduğu kimi, Türkiyəyə qardaş dəstəyini yüksək qiymətləndirdi.

Ə.BƏDƏLOV, “Xalq qəzeti”

Siyasət