Mediya əlaqələri Türk Dünyasını daha güclü edər

post-img

İzmirdə çalışan həmkarlarımla – jurnalistlərlə görüşmək qərarım bu dəfə də onların həyat və ya­radıcılığı ilə tanış olmaq, Azərbaycan haqqında fikirlərini öyrənmək baxımından maraqlı oldu. Uzun illərdir ki, tanıdığım və İzmirin məşhur xəstəxanalarında rəhbər vəzifələrdə çalışan həkim dostum Zəki Hozərin dəvəti ilə “Gözləm” və “Yeni gün” qəzetlərini ziyarətim olduqca maraqlı təəsürat yaratdığı kimi, həm də Türkiyə mətbuat haqqında fikirlərimə yeni qatqıları ilə yadımda qaldı. Qeyd edim ki, İzmirdə 10-dan çox qəzet nəşr edilir. Burada 100-dən çox yaşı olan “Yeni əsr” də, həyata yeni qədəm qoyan 3-5 yaşlı qəzetlər də var. “Yeni Gün” qəzeti isə gənc olmasa da, yaşlılar sırasına da aid edilmir. 

Müsahibim qəzetin imtiyaz sahibi Məsud Şimşək bu barədə deyir:

- İzmir mərkəzli olaraq Egey bölgəsində fəaliyyət göstərən “Yeni Gün” qəzeti 2005-ci ildə tarix səhnəsinə çıxıb. İzmirin məşhur jurnalistlərindən Hamdi Türkmən bu köklü qəzetin qurucularındandır. Hamdi Türkmən İzmir mətbuatının önəmli və hörmətli jurnalistlərindən biri olmaqla həm peşəkar həyatı, həm də cəmiyyətə verdiyi töhfələrlə İzmirin tanınmış simalarından olmuşdur.  Uzun illər boyu mətbuat sahəsində mühüm vəzifələrdə çalışmış, bir çox yerli qəzet və media orqanlarındakı fəaliyyəti ilə özünü tanıtmış, İzmirin jurnalistika həyatının inkişafına töhfə vermiş və bu sahədə mühüm izlər qoymuşdur. “Yeni Gün” qəzetinin yaradılması və jurnalistika səhəsindəki fəaliyyəti bir uğur hekayəsidir. Qəzet yalnız xəbərlər yaymaqla kifayətlənməmiş, həm də cəmiyyətdə baş verən  hadisələri dərindən analizlər edərək ictimaiyyətin şüurlu münasibətini formalaşdırmaqda mühüm bir rola sahiblənmişdir. Eyni zamanda jurnalistikanın etik dəyərlərinə sadiq qalmış, düzgün və tərəfsiz xəbər anlayışının tərəfdaşı olmuşdur.   İzmir, Manisa, Aydın, Balıkesir, Muğla, Dənizli və Uşak  vilayətlərində gündəlik olaraq oxucularına çatdırılır, bölgənin populyar qəzetləri sırasındadır. Az bir zamanda biz buna nail olmuşuq. Beş il əvvəl qəzeti alanda, olduqca böyük borc var idi və şükürlər olsun ki, problemləri aradan qaldıra bildik.  Rəqəmsal platformada  xidmət edərək internet üzərindən xəbərləri oxuculara çatdırırıq. 

- Fəaliyyətiniz sizi qane edirmi? İndiki zamanda xəbər yaymaq və qəzet nəşr etmək o qədər çətinləşib ki...

- Bir az əvvəldə dediyim kimi, böyük borcları olan bu məşhur qəzeti alanda da bu çətinlikləri bilirdik. Haqlısınız ki, sosial mediyanın belə sürətlə inkişaf etdiyi bir dövürdə oxucunuya təzə xəbər vermək, onu razı salmaq çətindir. Amma fəaliyyətimiz göstərdi ki, risklərimiz hədər getməyib. Nə qədər problemlər və çətinliklər olsa belə qəzetçilik çəmiyyətə hələ çox gərəklidir. İnsanların dürüst, dezinformasiyadan uzaq xəbərlərə ehtiyacı var və həyat da təsdiqləyir ki, buna ehtiyac heç vaxt bitən deyil.  

Bunları rəhbər tutaraq  Egey bölgəsində baş verən mədəniyyət və idman xəbərləri, siyasət  və iqtisadiyyatla bağlı geniş bir mövzuda məlumatları gündəlik təqdim edirik. İzmir və ətraf bölgələrindəki yeniliklərin və ən son məlumatların oxuculara çatdırılması peşə vərdişimizə çevrilib.  Köşə yazıları və müsahibələrlə də diqqət veririk.  Müxtəlif mövzuları əhatə edən və mütəxəssis yazarlar tərəfindən yazılmış köşə yazıları, həmçinin, xüsusi müsahibələr,  maraqlı şəxsiyyətlər və onların həyat hekayələri oxucular tərəfindən maraqla qarşılanır.

-Yəqin ki, bu gün mətbuatın yaşadığı çətinliklərdən siz də xilas olmamısınız? 

-Şübhəsiz,  cəmiyyətin bir hissəsi olaraq gündəlik həyatımızda baş verən hadisələrin təsirini həm şəxsən, həm də işimizdə hiss edirik. Bu təsirlərdən qorunmaq istəsək də  belə, onları tamamilə kənarda saxlamaq mümkün olmur. İzmirin sosial-siyasi həyatı, həmçinin yerli mətbuatın gündəlik işləri və qarşılaşdığı çətinliklər bizdən də kənar deyil. İnfilyasiya və artan xərclər, xüsusən də kağız qiymətlərinin yüksəlməsi, yerli mətbuatın fəaliyyətinə böyük təsir göstərir. Qəzetlərin çapı üçün tələb olunan xammalların qiymətlərinin artması yerli jurnalistlərə əlavə çətinliklər gətirir. Bu vəziyyət qarşısında, mətbuatın vəziyyətini yaxşılaşdırmaq üçün daha çox sivil və sistemli yanaşmalara ehtiyac duyulmaqdadır.

Məzənnənin qeyri-sabitliyi və digər iqtisadi faktorlar, məsələn, əmək haqqı artımları və bahalaşma mətbuata mənfi təsir edir. Qəzet kağızı təminatında yaranan problemlər, müxtəlif dövlət və özəl qurumların dəstəyi ilə həll edilməyə çalışılsa da, vəziyyətin yaxşılaşması asan olmur. Mətbuat Elan Qurumu (Basın İlan Kurumu)  kimi təşkilatlar bu problemləri azaltmaq üçün xeyli iş görsələr də və  bir çox təkliflər irəli sürülsə də,  bəzi problemləri həll etsələr də bir sıra çətinliklər hələ də qalır. Hərdən fikirləşirəm ki, bu çətinliklərlə bütün iş həyatımız boyunca baş-başa olaacağıq.

-Mətbuat və cəmiyyət münasibətləri, demokratiya, mətbuat azadlığı... bu anlamda işlərinizi necə qurursunuz? 

- Əslində bu məsələ dünyanın hər yerində geniş müzakirə edilən mövzudur. Mətbuat azadlığına əsasən bizim mətbuat qurumlarının və mətbuat işçilərinin fəaliyyətini məhdudlaşdıran və  riayət edilməsi tələb olunan müəyyən yazılı və şifahi bir tələb yoxdur.  Təbii ki, mətbuat qurumları və mətbuat işçiləri üçün ümumi hüquq qaydalarının xaricində hüquqi cəhətdən  hər hansı bir prinsip və ya qayda da mövcud deyil. Amma mətbuat işçiləri öz fəaliyyətlərində hüququn ümumi qaydalarına riayət etmək öhdəliyinə malikdirlər və ölkəmizdə fəaliyyət göstərən Mətbuat Şurasının qəbul edib bəyan etdiyi əsas prinsiplər mövcuddur. Məsələn, qəzet olaraq bizim də qəbul etdiyimiz əsas prinsiplər var: nəşrlərdə heç kim irqinə, cinsinə, yaşına, sağlamlığına, fiziki qüsurlarına, sosial səviyyəsinə və dini inanclarına görə pislənməməli, aşağılanmamalıdır. Düşüncə, vicdan və ifadə azadlığını məhdudlaşdıran, ümumi əxlaq anlayışını, dini hissləri, ailə institutunun  dayaqlarını pozan yazılar dərc edilməməlidir. Jurnalistika əxlaqa zidd olan məqsəd və maraqlara xidmət etməməli, insanları və təşkilatları aşağılamamalı və ya böhtan xarakterli ifadələrə yer verilməməlidir. Bu siyahını bir xeyli uzatmaq da olar və bunlar bizim öhdəliklərimiz olmaqla təməl prinsiplərimizdir.

-Bu gün cəmiyyətdə, eləcə də dünyada baş verənlərin oxuculara çatdırılması nə yerdədir?

- Təbii ki, istər yerli, istərsə də ölkə miqyaslı mətbuatın bu barədə fikirləri fərqli ola bilər və qəbul ediləndir. Düzdür, biz yerli mətbuat orqanları sırasındayıq, amma yayım məkanımız olduqca genişdir, həm də əhalinin çox sıx yaşadığı bir ərazidir. Digər tərəfdən bölgə əhalisi daha çox savadlı və elmlidir. Ona görə işimizə daha məsuliyyətlə yanaşır, oxucuların geniş maraqlarına uyğun olaraq dünyada baş verənlər haqında da operativ və qərəzsiz xəbər yaymağı olduqca vacib hesab edirik. 

Düzdür, bunun üçün birbaşa əlaqələr lazımdır, amma xaricdə müxbir məntəqələrimiz yoxdur, əslində buna maddi imkanlarımız da yetmir. Digər tərəfdən, obrazlı desək dünya o qədər kiçilib ki, uzaq bir yerdə baş verən hadisələri anında öyrənmək mümkündür. Bir vaxtlar xəbərə çatmaq üçün günlər və həftələr lazım olardı, amma indi hər şey saniyələr içində yayılır. Texnologiya elə inkişaf edib ki, istədiyimiz məlumatı əldə etmək üçün yalnız bir klik və ya gündəlik informasiya mənbələrinə nəzər yetirmək kifayətdir. Bu imkanlar sayəsində dünyadakı hərəkətləri anında izləmək mümkün olur. Amma daha dürüst və çanlı məlumatların alınması üçün yollar da axtarırıq. Dezinformasiyaların qarşısını almaq üçün bu vacibdir. Bunları əldə etmək üçün Türk Dövlətləri ilə əlaqələr yaratmağa çalışırıq. Məsələn Azərbaycanla bir başa əlaqələrimizi olmamasına təəsüf edirəm və fikirləşirəm ki, bu barədə əməli işlər görməliyik. Heç olmasa qəzetlərarası mübadilə yaratmaq, sizin əməkdaşların yazılarını bizdə, bizimkiləri sizin qəzetlərdə dərc etmək lazımdır. 

- Türk dünyasından, o cümlədən Azərbaycandan söhbət düşmüşkən bu barədə fikirlərinizi də bilmək istərdim.

- Türk xalqlarının birliyi, son illərdə qlobal miqyasda geniş müzakirə mövzusu olub. Bu birliyin əsasını ortaq mədəniyyət, tarix və dil təşkil etsə də, müasir dövrün tələblərinə uyğun olaraq daha geniş sahələrdə inkişaf edir. Müstəqillik qazandıqdan sonra bir çox türk dövləti, qarşılıqlı əməkdaşlığı gücləndirmək üçün addımlar atmışdır. İqtisadi, siyasi və hərbi sahələrdəki birgə fəaliyyətlər, bu birliyin möhkəmlənməsinə və güclənməsinə xidmət edir. Açğını deyim ki, bu sırada Azərbaycanın xüsusi yeri var.

Azərbaycan və Türkiyə arasında yaranmış əlaqələr, tarixən dərin dostluq və həmrəylik üzərində qurulmuş bir birliyə əsaslanır. Türkiyə, Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olaraq, həm beynəlxalq müstəvidə, həm də siyasi sahədə Azərbaycanın mövqeyini dəstəkləyərək, ərazi bütövlüyü məsələsində daim qardaş ölkəyə dəstək vermişdir. Bu sıx əməkdaşlıq türk dünyasının birliyini və gücünü artırmağa şərait yaratmış, iki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri möhkəmlənmişdir. Azərbaycanın iqtisadi müstəqilliyi ilə Türkiyənin beynəlxalq təsiri də artır və bu, iki ölkə üçün qarşılıqlı faydalı enerji strategiyalarının həyata keçirilməsinə imkan verir. Bu sahədəki əməkdaşlıq həm iqtisadiyyatın inkişafına, həm də enerji təhlükəsizliyinin təmin olunmasına böyük töhfələr verir. Gələcəkdə bu əməkdaşlığın daha geniş və mürəkkəb layihələrlə daha da dərinləşməsi gözlənilir.

Azərbaycan və Türkiyə arasındakı birliyin əhəmiyyəti yalnız iki ölkənin xalqları üçün deyil, həm də bölgə və dünya üçün böyük önəm daşıyır. Bizim siyasətimiz əməkdaşlığa və qarşılıqlı işbirliyinə əsaslanır. Azərbaycanın tarixi Zəfərindən sonra yeni dövrün başlanması bu münasibətləri daha da dərinləşdirərək genişləndirdi. Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə əlaqələrini müttəfiqlik səviyyəsinə yüksəltməklə Azərbaycanı Qafqaz regionunda sülh və inkişafın təminatçısına çevirdi. Bəyannamənin hər iki ölkənin parlamentləri tərəfindən təsdiqlənməsi və Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzalaması ilə bu müttəfiqlik münasibətləri yeni mərhələyə qədəm qoydu.

- Siz, yəni qəzetiniz bu sahədə hansısa işləri planlayırsınızmı?

- Bir az irəlidə qeyd etdiyim kimi baş verənlər də göstərir ki, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr, dəyişən dünya nizamı şəraitində daha da güclənməli və genişlənməlidir. Bu kontekstdə media sahəsindəki əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Bizim birgə media mühitimizdə daha çox əməkdaşlıq və həmrəylik təmin edilməli, qarşılıqlı maraqlara uyğun yeni addımlar atılmalıdır. Azərbaycan və Türkiyə arasında media sahəsindəki strateji əməkdaşlıq haqqında imzalanan Anlaşma Memorandumu, ümumi maraqlarımıza əsaslanaraq peşəkar münasibətlərin inkişafına imkan yaradır. Bu əməkdaşlıq həm də informasiya təhlükəsizliyimizin təmin olunmasına, daha sıx əlaqələrin qurulmasına xidmət edəcəkdir. “Xalq qəzeti” ilə bu yolda başladığımız əməkdaşlıq davam edəcək və hər iki dövlətin beynəlxalq mövqeyini gücləndirəcək, informasiya dəstəyi verəcəkdir. Qəzetimizin səhifələri hər zaman azərbaycanlı həmkarlarımıza açıqdır və biz hər birimizin verəcəyi töhfənin türk birliyinin güclənməsinə xidmət edəcəyini düşünürük, Bakıdakı həmkarlarımızın yazılarını, təkliflərini gözləyirik.

- Müsahibə üçün çox sağ olun, dəyərli təklifləriniz üçün təşəkkür edirik. Ümid edirəm ki, onların həyata vəsiqə alması bu gün hər birimizin arzusudur.

 

Müsahibəni apardı:

Namiq Qədimoğlu

XQ

 

 



Müsahibə