Birgəyaşayış, tolerantlıq, sülh, milli və dini mənsubiyyətindən asılı olmayaraq insanlığa sevgi Prezident İlham Əliyevin siyasi kursunun əsas tərkib hissəsidir. Regionda və qlobal müstəvidə münaqişələrin həllində dövlətimizin başçısının ədalətə söykənən fəaliyyəti dünya liderləri üçün nümunədir. Təsadüfi deyil ki, mədəni müxtəlifliyin məbədgahı olan Azərbaycan bu gün həm də qlobal konfliktlərin həlli üçün etibarlı dialoq məkanına çevrilib. Uzun illər əraziləri işğal altında qalan və beynəlxalq ədalətsizliklə üzləşən Azərbaycan artıq dünyaya ədalətin necə təmin olunmasının nümunəsini göstərir.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu Şeyx Zayed Fondu tərəfindən 2026-cı il üçün təsis edilmiş “Zayed İnsan Qardaşlığı Mükafatı”nın qalibləri sırasında Azərbaycan Prezidentinin adının yer alması heç də təsadüfi deyil. Qeyd olunduğu kimi bu ali mükafat Azərbaycan ilə Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair sazişin paraflanmasına verdiyi töhfəyə görə təqdim edilib. Əminliklə qeyd edim ki, bu yüksək mükafat Prezident İlham Əliyevin haqq etdiyi dəyərdir.
Şübhəsiz ki, bütövlükdə regionun sülh, təhlükəsizlik və əməkdaşlıq məkanına çevrilməsində Prezident İlham Əliyevin danılmaz xidmətləri vardır. Dövlətimizin başçısının prinsipial və ədalətli siyasəti sülhün davamlılığına xidmət edir. Bir vaxtlar qan içində olan bölgə bu gün əmin-amanlıq, sabitlik və iqtisadi yüksəliş məkanına çevrilib. Ölkəmizin rəhbərinə, sülh liderinə təqdim olunan bu ali mükafat hər birimizdə qürur hissi doğurdu və eyni zamanda Azərbaycanın dünyada sülhü təşviq edən dövlət kimi artan nüfuzunun bariz göstəricisi kimi tarixə həkk olundu.
Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü,
Milli Məclisin deputatı

