FHN-də 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

post-img

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Nazirliyin mətbuat xidmətindən XQ-yə verilən məlumata görə, əvvəlcə mərasim iştirakçıları faciə qurbanlarının və ölkəmizin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə çıxış edənlər 20 Yanvar hadisələrinin baş verməsindən 36 il keçməsinə baxmayaraq, həmin dəhşətli gecənin ağrı-acılarının bu gün də xalqımızın qəlbində, yaddaşında yaşadığını diqqətə çatdırıblar. Bildirilib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ güc strukturlarına məxsus silahlı birləşmələr Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, ağır texnikadan və müxtəlif tipli silahlardan istifadə edilərək kütləvi qırğınlar törədib.

Sovet rəhbərliyinin cinayətkar əməllərinə etiraz edən Ulu Öndər Heydər Əliyev 1990-cı il yanvarın 21-də repressiv sovet rejiminin sərt qadağalarına baxmayaraq, öz həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək qanlı faciənin təşkilatçılarının əməllərini ifşa edib.

Qeyd olunub ki, Ümummilli Liderin təşəbbüsü ilə 1994-cü il martın 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edib. Ulu Öndər Heydər Əliyev 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması istiqamətində gərgin fəaliyyət göstərib və nəticədə bir çox həqiqətlər üzə çıxıb.

Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün Azərbaycanda effektiv sosial müdafiə sistemi formalaşdırılıb və həmin kateqoriyadan olanlar bu gün də dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunublar.

Sonra qanlı yanvar hadisələrindən bəhs edən film nümayiş olunub.

Qan yaddaşı