İllər sürətlə keçir, nəsillər bir-birini əvəz edir, hər bir xalqın həyatında baş verən bir çox hadisələr zamanın axarında tarixə çevrilir. Bu hadisələrin bir qismi zamanla insanların yaddaşında solur, gündəlik həyatın ritmində itib-batır. Lakin elələri də var ki, illər keçdikcə daha da aydın görünür, xalqın taleyində silinməz izlər buraxır və milli yaddaşın ayrılmaz hissəsinə çevrilir. Belə tarix səhifələrindən biri də 1990-cı il yanvar ayının 20-nə təsadüf edir. Həmin gün Azərbaycanın müasir tarixinə yalnız faciəli bir hadisə kimi deyil, həm də milli oyanışın, azadlıq mübarizəsinin və qəhrəmanlığın parlaq nümunəsi kimi həkk olunub. Sovet imperiyasının ağır hərbi maşınına qarşı çıxan xalqımız həmin gecə həm mübarizlik, həm də ləyaqət sınağından keçdi.
Düz 36 il əvvəl, şaxtalı bir yanvar gecəsində doğma yurdunun azadlığını, şərəf və ləyaqətini hər şeydən üstün tutan vətənpərvər Azərbaycan övladları tankların, güllələrin qarşısına sinə gərərək şəhidlik zirvəsinə ucaldılar. Onların tökülən qanı yalnız bir faciənin deyil, eyni zamanda milli dirənişin, birlik və mübarizənin rəmzinə çevrildi.
Bu gün 20 Yanvar Azərbaycan xalqının tarixində təkcə ağrı və kədər günü kimi xatırlanmır. Bu gün həm də azadlıq uğrunda mübarizənin, vətənə sədaqətin, milli kimliyin qorunmasının şanlı simvolu kimi yaşayır. Qəhrəman şəhidlərin xatirəsi hər yeni nəsil üçün dərs, hər azərbaycanlı üçün mənəvi borc olaraq qalır və daim qalacaqdır.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev qanlı 20 Yanvar faciəsi ilə əlaqədar bu məşum hadisənin səhərisi günü ölkəmizin Moskvadakı Daimi Nümayəndəliyinə gedərək orada mətbuat konfransı keçirmiş, bütün SSRİ, eyni zamanda dünya ictimaiyyətini bu qanlı hadisədən xəbərdar etmişdi. Heydər Əliyevin xalqa müraciətindən sonra dünya azərbaycanlıları Bakıda törədilən vəhşiliyə etirazlarını bildirir, 20 Yanvar faciəsini yaşayan xalqımıza mənəvi dəstək göstərir, haqq səsimizi dünyaya çatdırmaq üçün bir çox KİV-də yazılar dərc etdirirdilər.
20 Yanvar hadisələri bu qanlı faciədən keçən bir-neçə gün ərzində dünya mediasında işıqlandırıldı, lakin həmin dövrdə, xüsusilə ilk günlərdə məlumatlar ziddiyyətli və çox vaxt rəsmi Moskvanın siyasi mövqeyinin təsiri altında idi. Faciənin ilk günlərində ABŞ və Britaniya, o cümlədən bir sıra Avropa ölkələri hadisələri SSRİ-nin daxili işi, millətçi iğtişaşları yatırmaq üçün hərbi müdaxilə kimi qiymətləndirsə də, zaman keçdikcə xarici jurnalistlər Bakıya gəldikdən və hadisələrin canlı şahidləri ilə söhbət etdikdən sonra, beynəlxalq mətbuat bu faciəni daha obyektiv şəkildə dinc əhaliyə qarşı zorakılıq və Sovet imperiyasının süqutunun göstəricisi kimi təqdim etməyə başladı.
Belə bir ağır zamanda Heydər Əliyevin Moskvada keçirdiyi mətbuat konfransında xalqımıza qarşı vəhşiliyi sifariş verən Sovet hərbi-siyasi rəhbərliyinin ünvanına sərt ittihamlar səsləndirməsi xarici ölkələrdə yaşayan soydaşlarımız tərəfindən ruh yüksəkliyi ilə qarşılanmışdı. Məhz ulu öndərin bu qətiyyətli addımından sonra soydaşlarımız daha mütəşəkkil formada etiraz aksiyaları keçirməyə başladılar. Heydər Əliyevin xalqa müraciətindən sonra dünya azərbaycanlıları Bakıda törədilən vəhşiliyə etirazlarını açıq şəkildə bildirir, 20 Yanvar faciəsini yaşayan xalqımıza mənəvi dəstək nümayiş etdirir, haqq səsimizi dünyaya çatdırmaq üçün bir çox KİV-də yazılar dərc etdirirdilər.
Bu dəhşətli faciə elə səhərisi gün qardaş Türkiyədə çıxan “Cumhuriyet” qəzetinin müxtəlif səpkili məqalələrində (“Bakü kan ağlıyor”, 21 yanvar 1990; “Bakü savaş alanını andırıyor”, 21 yanvar 1990; “Türkiye’deki azeriler gelişmelerden endişelendi”, 21 yanvar; “Bakü’de dev gösteri”, 22 yanvar 1990; “Bakü’de dev protesto gösterisi”, “Cumhuriyet” qəzeti, 22 yanvar 1990, s. 16; “Bakü’de Kremlin’e uyarı”, 23 yanvar 1990; “Bakü’den Moskova’ya ultimatum”, 23 yanvar 1990; “Azerbaycan gergin”, “Cumhuriyet” qəzeti, 24 yanvar 1990, s. 1; “Çatışmaların önü alınamıyor”, 24 yanvar 1990; “Bakü’ye gözaltı”, 25 yanvar 1990; “Çatışmaların kaynağı milliyyetçilik”, 24 yanvar 1990; “Bakü durulmuyor”, 26 yanvar 1990; “Bakü’e tekbirli protesto”, 27 yanvar 1990) öz əksini tapmışdır. Həmin günlərdə “Hürriyet” qəzetində nəşr olunan “Sovyet Azerileri ayaklandı” və “Kafkasya’da dehşet” başlıqlı geniş məqalələrdə Sovet totalitar rejiminin azərbaycanlilara qarşı təcavüzündən bəhs edilirdi.
20 Yanvar faciəsindən sonra ümumilli lider Heydər Əliyevin Qorbaçovun böhtan dolu çıxışlarına qarşı Moskvada mətbuat konfransında etiraz etməsi Türkiyənin “Cumhuriyet” qəzetinin 22 yanvar 1990-cı il sayında “Bakü’de dev protesto gösterisi” xəbərində öz əksini tapmışdı.
Qara Yanvar faciəsi ilə əlaqədar ötən illər ərzində də Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş materiallar yayılıb. Anadolu və İHA xəbər agentlikləri, TRT-nin əksər media quruluşları, “CNN Türk”, “Haber Global” telekanalları, “Sabah”, “Hurriyet” və digər nüfuzlu qəzetlər 20 Yanvar faciəsinin səbəblərindən və acı nəticələrindən, Azərbaycan xalqının qəhrəman şəhidlərinə göstərdiyi tükənməz sevgi və məhəbbətdən bəhs ediblər.
1990-cı ilin yanvar hadisələrindən bir neçə gün sonra ABŞ-də “Los Angeles Times”, “The New York Times”, “Vaşinqton Post”, “The Christian Science Monitor”, “The Baltimore Sun” və digər media orqanları, Böyük Britaniyada “The Times”, “The Guardian”, “The Daily Telegraph” qəzetləri, BBC kanalı və digər kütləvi media orqanları Qara Yanvar barədə dünya ictimaiyyətinə məlumatlar çatdırırdılar. Facidən iki gün sonra yanvarın 22-də “The Times” qəzetində dərc olunan “Gözü yaşlı Bakı izdihamı Sovet qoşunlarına qarşı müqavimət göstərir” başlıqlı yazıda “Küçələrdə cəsədlər durduğu halda snayperlər atəş açır” kimi fikirlər yer almışdı. “The Independent” qəzetinin həmin tarxili nömrəsində də Bakıda Sovet ordusunun törətdiyi qanlı faciəyə həsr olunmuş məqalə dərc olunmuşdu.
Misirin Orta Asiya və Şərqi Avropa ölkələri üzrə mütəxəssisi, tanınmış tədqiqatçı, jurnalist, “Qanlı Yanvar...Sovet qoşunlarının Bakını işğal etməsi” adlı kitabın müəllifi Məhəmməd Sələmə “Yeni dünya” informasiya portalında 20 Yanvar faciəsi haqqında məqaləsində diqqətə çatdırıb ki, 20 Yanvar qırğınının əsas təqsirkarı olan və Qərbin “demokrat”, “sülhpərvər” adlandırdığı SSRİ Prezidenti Mixail Qorbaçovun 1990-cı ilin oktyabrında Nobel mükafatına namizəd göstərilməsi də “ikili standartların”, həmçinin müsəlmanlara qarşı ayrı-seçkiliyin əlaməti olub.
20 Yanvar faciəsinin ildönümləri hər il təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrinin nüfuzlu kütləvi informasiya vasitələrində də geniş işıqlandırılır, bu qanlı hadisənin tarixi-siyasi mahiyyəti beynəlxalq auditoriyaya çatdırılır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı 2019-cu il dekabr ayının 13-də imzaladığı Sərəncama əsasən, bu qanlı hadisənin tarixi-siyasi əhəmiyyətinin daha geniş ictimaiyyətə çatdırılması məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Sərəncamın icrası çərçivəsində həm ölkə daxilində, həm də xaricdə müxtəlif elmi, mədəni və maarifləndirici layihələr reallaşdırılmış, bununla paralel olaraq yerli və beynəlxalq mətbuatda 20 Yanvar faciəsinə həsr olunmuş çoxsaylı analitik, məlumat xarakterli və publisistik yazılar dərc edilmişdir. Bu nəşrlər faciənin mahiyyətinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynamışdır.
2021-ci ildə Fransanın “Lagazetteaz.fr” onlayn qəzetində, İtaliyanın nüfuzlu “İl Giornale” qəzeti və “Kmetro O”, “Agenzia Nova”, “Giornale Diplomatico” kütləvi informasiya vasitələrində 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı yazılar dərc olunub. Məlumatlarda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə fövqəladə vəziyyət elan etmədən sovet ordusunun 30 minə yaxın qüvvələrinin Bakı şəhərinə yeridildiyi və bunda məqsədin SSRİ rəhbərliyinin Dağlıq Qarabağ problemi ilə bağlı birtərəfli, qərəzli və ədalətsiz siyasətinə etiraz edən dinc azərbaycanlı əhalini susdurmaq olduğu bildirilib. Faciə nəticəsində 147 mülki şəxsin həyatını itirdiyi və təxminən 800-ə yaxın mülki şəxsin yaralandığı qeyd olunub.
Meksikanın nüfuzlu mətbu orqanlarından olan “Excélsior” qəzetində 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar “Azərbaycanı azadlığa aparan faciəvi gün”, eləcə də “Contra Réplica” qəzetində Azərbaycanın Meksikadakı səfirinin müəllifliyi ilə “Azadlığın tiranlıq üzərində qələbəsi” sərlövhəli məqalələr dərc edilib. Bu yazılarda Qanlı Yanvarın Azərbaycan xalqının azadlıq mübarizəsində dönüş nöqtəsi olduğu vurğulanıb.
Malayziyanın aparıcı nəşrləri də 20 Yanvar faciəsinin 32-ci ildönümünə öz səhifələrində geniş yer ayırmış, ölkənin ən çox oxunan ingilisdilli “New Straits Times” qəzeti həmin gün Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı bəyanatını yayımlamışdı.
Meksikanın nüfuzlu ingilisdilli “Pulse News Mexico” nəşrində tanınmış jurnalist Teresa Marqolisin Azərbaycanda 20 Yanvar qurbanlarının yad edilməsi ilə bağlı geniş məqaləsi işıq üzü görüb.
Özbəkistanın tanınmış “xabar.uz”, “darakchi.uz”, “azon.uz”, “marifat.uz” və “human.uz” saytlarında isə 20 Yanvar faciəsinin 33-cü ildönümü münasibətilə silsilə analitik və məlumat xarakterli yazılar dərc olunub.
İspandilli “Segundopaso” nəşrində Azərbaycan tarixinin qanlı səhifəsinə həsr olunan “Öz müqəddəratını təyinetmə, suverenlik və inkişaf” adlı məqalə yer alıb. Bəhreyn Krallığının “The Daily Tribune – News of Bahrain” qəzetində “Azərbaycan xalqının Qara Yanvarı”, nüfuzlu “Medium” platformasında isə “Qara Yanvar xatirəsi: təsvirəgəlməz faciədən sonra ümid” sərlövhəli yazılar dərc edilib.
Koreya Respublikasının “koreapost.com” və “naewoeilbo.com” internet resurslarında da Qanlı Yanvar hadisələrinə dair geniş materiallar yayımlanıb.
Bundan əlavə, Misir, Səudiyyə Ərəbistanı, Küveyt, Əlcəzair, İordaniya Krallığı, Sudan, Livan və İraqın müxtəlif qəzet və xəbər portallarında 20 Yanvar faciəsi barədə ətraflı məqalələr dərc olunub.
Eyni zamanda, İtaliya, Almaniya, Yaponiya, Malayziya, Çili, Kolumbiya, İndoneziya, Latviya, Ukrayna, Belarus, Rumıniya, Albaniya, Yunanıstan, Bolqarıstan və Xorvatiyanın aparıcı kütləvi informasiya vasitələri də 20 Yanvar faciəsi ilə bağlı materiallar yayımlayaraq beynəlxalq ictimaiyyətin diqqətini bu tarixi hadisəyə yönəldib.
Dünyanın müxtəli KİV-də soydaşlarımız, diaspora nümayəndələri, həmçinin xarici jurnalistlər tərəfindən dərc olunan yazılarda 20 Yanvar faciəsinə səbəb olan hadisələr və bu faciənin acı nəticələri haqqında danışılır, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və faciəyə layiqli siyasi-hüquqi qiymətin verilməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətləri haqqında məlumat verilir, 20 yanvar faciəsinin Azərbaycanın milli kimliyinin formalaşmasına göstərdiyi həlledici təsirdən, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olmasından, məhz bu faciədən sonra milli azadlıq hərəkatının tam siyasi reallığa çevrilməsindən və Azərbaycan xalqının öz gələcəyini yalnız müstəqil Azərbaycanda görməsindən bəhs etdiyi bildirilib.
20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq mübarizəsinin ağrılı, eyni zamanda şərəfli səhifələrindən biridir. Bu hadisə təkcə ölkəmizdə deyil, həm də beynəlxalq məkanda geniş əks-səda doğurmuş, müxtəlif ölkələrin nüfuzlu mətbu orqanlarında işıqlandırılaraq dünya ictimaiyyətinə çatdırılmışdır. 20 Yanvar hadisələrinin beynəlxalq miqyasda geniş işıqlandırılması Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsinin dünya tərəfindən tanınmasına xidmət edir və bu faciənin xalqımızn istiqlalliyyət mücadiləsində tarixi-siyasi rolunu təsdiqləyir.
Gülnar ƏQİQ,
filologiya üzrə fəlsəfə doktoru


.jpeg)