Aktauda 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib

post-img

Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki Baş konsulluğunda 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı tədbir keçirilib.

Tədbirdə Baş konsulluğun əməkdaşları, Türkiyənin, İranın Aktaudakı baş konsulları və digər diplomatlar, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

İştirakçılar öncə 20 Yanvar faciəsinin dəhşətlərini özündə əks etdirən fotosərgi  ilə tanış olublar. 

Tədbirin əvvəlində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və baş konsul Ayxan Süleymanlı öz çıxışında hər bir insan qətlinin faciə olduğunu söyləyərək 20 Yanvar gününün Azərbaycan xalqının tarixində qanlı faciə ilə yanaşı, həm də qəhrəmanlıq salnaməsi kimi iz buraxdığını vurğulayıb. 

O  deyib ki, Ulu Öndər Heydər Əliyev 20 Yanvar faciəsindən bir gün sonra Azərbaycanın Moskva şəhərindəki daimi nümayəndəliyinə gedərək qətliamı törədən şəxsləri kəskin şəkildə tənqid edib, faciəyə siyasi qiymət verilməsini və cinayətkarların cəzalandırılmasını tələb edib. Baş konsul deyib ki, Ümummilli Liderin 1990-cı ilin 20 Yanvarında Bakıda baş vermiş qanlı hadisələrdə SSRİ rəhbərliyini pisləyən cəsarətli, kəskin bəyanatı dünya ictimaiyyətinin diqqətini Azərbaycana yönəldib.

A.Süleymanlı çıxışının sonunda Azərbaycan xalqının öz milli ləyaqətini və müstəqil Azərbaycanın ərazi bütövlüyünü qorumaq yolunda canlarından keçmiş övladları ilə fəxr etdiyini qeyd edib, dünyanın heç bir guşəsində belə faciənin təkrarlanmaması üçün hadisəyə ədalətli qiymət verilməsinin zəruriliyini bildirib.

Diasporumuzun nümayəndəsi, professor Yusif Quliyev öz çıxışında faciənin Azərbaycan xalqının yaddaşında ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi kimi əbədi qalacağını qeyd edib.

Tədbirin sonunda faciə qurbanlarının ruhuna ehsan süfrəsi açılıb.  

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Aktau







Qan yaddaşı