Peruda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi ehtiramla yad edilib

post-img

Peruda 20 Yanvar faciəsinin 36-cı ildönümü qeyd olunub. Lima şəhərində yerləşən və ən çox ziyarət edilən “La Virgen Milagrosa” kilsəsində keçirilən mesa zamanı 20 Yanvar faciəsinin şəhidləri anılıb. Mərasimdə 500-dən çox Peru vətəndaşı iştirak edib.

AZƏRTAC xəbər verir ki, anım mərasimində kilsənin keşişi Fransisko Ameskita 20 Yanvar hadisələri barədə yerli ictimaiyyətə məlumat verib. O, faciənin Azərbaycan xalqı üçün dərin bir kədər olmaqla yanaşı, eyni zamanda, millətin qəhrəmanlığının və yenilməz iradəsinin rəmzinə çevrildiyini vurğulayıb. Keşiş şəhidlərin xatirəsinə dua edərək bildirib: “Bu gün biz Azərbaycan üçün, onun azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi üçün dua edirik”.

Anım mərasimində Peru-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü, konqresmen Yorel Kira Alkarraz Aquero, Peru Xarici İşlər Nazirliyinin nümayəndələri, diplomatik korpusun nümayəndələri, Azərbaycanda ali təhsil almış Peru vətəndaşları, eləcə də bu ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər.

Perunun aparıcı media qurumlarında “La Virgen Milagrosa” kilsəsində 20 Yanvar faciəsinə həsr olunmuş dini mərasim geniş işıqlandırılıb, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş faciəvi hadisələr barədə məlumat təqdim olunub.













Qan yaddaşı