“Kamran Bağırov MK-ya zəng vurub Heydər Əliyevdən şikayət edirdi”

post-img

Kremldə Heydər Əliyevin köməkçisi işləmiş Camal Camalov o dövrlə bağlı xatirələrini ilk dəfə “Xalq qəzeti”nə danışır

(əvvəli https://xalqqazeti.az/az/musahibe/206023-heyder-eliyev-kolbinin-teyinatina-qeti)

Heydər Əliyevlə gizli rəqabət, o, xəstələndiyi vaxt həmkarlarının münasibətində daha aydın şəkildə üzə çıxdı. Adətən, səhər H.Əliyev işə gələndə katibliyin müdiri, növbəni yeni dəyişmiş mühafizəçi, həkim və mən sıra ilə dayanıb onu qarşılayırdıq. Bu, hər gün təkrar olunurdu. 1987-ci il mayın 11-də, Heydər Əliyevin doğum günündən sonrakı gün saat 9-da, o, katibliyin müdirini yanına çağırdı. Valeri İvanoviç Qridnev ucaboy, cüssəli adam idi. Bir dəqiqə keçməmiş, o, həyəcanla içəridən çıxıb “Həkim çağırın, Əliyev özünü pis hiss edir” – dedi. Həm Ali Sovetdə növbədəki həkimlər, həm də şəxsi həkimi gəldilər. Saat on ikidə Heydər Əliyev özü kabinetdən çıxıb həkimlərin müşayiəti ilə təcili yardım maşınına əyləşdi. Aydın səmalı, günəşli bir gün idi. Yaxşı xatırlayıram, həkim kabinetdən çıxanda qan-tər içində idi. Mayın 11-dən sentyabra qədər H.Əliyev xəstəxanada oldu və bu müddət ərzində ona təzyiqlər göstərilməyə başlandı.

– Ona hansı xarakterdə təzyiqlər edilirdi?

– Dolayısı ilə, bəzən açıq şəkildə işdən öz ərizəsi ilə çıxmasını tövsiyə edirdilər. Hətta oğluna atasını buna inandırmağı məsləhət görmüşdülər. Heydər Əliyev isə xəstəxanada da işini davam etdirir, müşavirə keçirir, tapşırıqlar verirdi. Qorbaçovun dostu, akademik Çazov daha çox canfəşanlıq edirdi. Qorbaçov özündən güclü adamı yanından uzaqlaşdırmaq üçün əlinə keçən bəhanədən istifadə etməyə çalışırdı. 

Heydər Əliyev istefa ərizəsi yazmadı. Amma 1987-ci ilin oktyabr ayında onu Sov.İKP MK plenumunun qərarı ilə tutduğu vəzifədən azad etdilər. Qərardan sonra bir ay, o, işinə davam etdi. 1987-ci il noyabrın 23-də, sonuncu iş günü məni otağına çağırdı və ana dilimizdə dedi: “Mən uzun müddət Siyasi Büro üzvlüyünə namizəd, büro üzvü oldum. Bunların indiki siyasətini başa düşmürəm. Nə etdim ki, mənə qarşı bu münasibəti göstərdilər? Azərbaycanlı olaraq sovet dövlətində ən yüksək məqama yetişdim, amma hər şey belə müəmma ilə bitdi”. (H.Əliyevə qədər Azərbaycandan təkcə Mircəfər Bağırov Siyasi Büro üzvlüyünə namizəd olmuşdu – C.S.). Bu sözlərlə Heydər Əliyev SSRİ-nin ali dövlət postunda fəaliyyətini başa vurdu. Onu Rıjkovun yanına məsləhətçi təyin etdilər. Bu, sadəcə, formal iş idi və qısa müddətdən sonra H.Əliyev oradan ayrıldı. Düşünürəm ki, o, bu işi özünə sığışdırmadı. Sonralar bir neçə dəfə görüşdük. O, Azərbaycana qayıtdıqdan sonra isə görüşə bilmədik.

– Bəs, Heydər Əliyev işdən çıxdıqdan sonra sizin taleyiniz necə oldu?

– Tam üç ay işimə davam etdim. Eyni rejimdə, eyni ritmdə. Hər gün səhərdən axşam saat doqquza, ona qədər işdə olurdum. Tək mən yox, bütün katiblik. 1988-ci il fevral ayının 13-də Dövlət Plan Komitəsinin sədri işləmiş Nikolay Vladimiroviç Talızini Nazirlər Soveti Sədrinin birinci müavini təyin etdilər. Sabahısı gün, ayın 14-də Qridnev yanıma gəldi və dedi ki, Talızinin bu yerə öz namizədi var. Səni gəldiyin yerə geri göndəririk. Mənim cavabımı gözləmədən telefonu götürüb Kamran Bağırova zəng elədi: “Kamran Mamedoviç, Nikolay Vladimiroviçin adından sizdən xahiş edirəm ki, Camal Kamaloviç Camalovu Azərbaycanın daimi nümayəndəliyində işlə təmin edəsiniz. O, buraya daimi nümayəndəlikdən gəlmişdi”. Şənbə günü idi və mən növbəti həftənin əvvəlindən daimi nümayəndəlikdə işə başladım. Burada havalar dəyişmişdi. Azərbaycanın sabiq yerli sənaye naziri, Kamran Bağırovun dostu Sənan Axundov bu vəzifəyə təyin edilmişdi. Tezliklə Həsən Seyidov Moskvaya gəldi və mənə təskinlik verirmiş kimi dedi: “Görürsən də, o böyüklükdə kişini necə çıxartdılar. Sən hələ cavansan. Baş referent kimi işinə davam et”. 

İşə başlasam da özümə qarşı ögey münasibət gördüm. Altı ay işlədim, amma rəhbərlikdən heç bir tapşırıq almadım. Halbuki S.Axundovla bir binada yaşayırdıq, onun mənzil almasına H.Əliyev kömək etmişdi. Sonra o, evini dəyişib Bakıya köçdü. Daimi nümayəndəlikdə işləyərkən Azərbaycanda vəziyyətin gərginləşməsi ilə əlaqədar axşamlar nümayəndəlikdə növbə çəkirdik. Bir axşam Kamran Bağırov mənə zəng elədi. Sumqayıtda vəziyyət qarışanda Cahangir Müslümzadə Moskvada idi. Onunla əlaqə yaratdıq və o, ilk reyslə Bakıya uçdu. 1988-ci ilin aprelində komendant Kamayev mənə zəng vurub telefonu Heydər Əliyevə verdi. O, məndən Əbdürrəhman Vəzirovun telefon nömrəsini istədi. Sonralar başa düşdüm ki, Vəzirovun Azərbaycana rəhbər göndəriləcəyini H.Əliyev əvvəlcədən duymuşdu. May ayında Qorbaçov Ə.Vəzirovu Azərbaycan KP MK-nın Birinci katibi seçdirdi. Yenə öz fikrimi deyirəm: Azərbaycana rəhbərlik edənlərin hamısını tanıyırdım. H.Əliyevin dövlət xadimi kimi onların hər birindən çox güclü olduğu şübhəsiz idi. Moskvaya gələrkən birinci katib kimi öz yerinə məsləhət gördüyü Kamran Bağırov isə zəif  kadr idi. O, hətta Heydər Əliyevin onun Azərbaycana sərbəst rəhbərlik etməsinə mane olmasından Moskvaya– Mərkəzi Komitəyə şikayələr edirdi. Fikrimcə, Bağırovun o vəzifəyə təyin edilməsi yanlış idi. Çünki o, tələb olunan meyara uyğun deyildi. Vəzirov isə Bağırovdan da zəif adam idi...

Mən beş il Heydər Əliyev kimi böyük bir şəxsiyyətlə çalışmaq şərəfinə nail olmuşam. Əminəm ki, belə insanlar nadir hallarda dünyaya gəlir və o, keçən əsrdə və iyirmi birinci əsrin əvvəllərində Azərbaycana Tanrının lütfü idi. Hər adamın nöqsanı, yanlışı ola bilər. Yalnız heç bir iş görməyənlər səhv etmirlər. Azərbaycanın bu gün firavanlığa çıxmasının səbəbkarı Heydər Əliyevdir. Onun xatirəsini hər zaman qəlbimdə yaşadıram.

– Heydər Əliyevin iş rejiminə, üslubuna tab gətirmək elə də asan deyildi. Bu baxımdan onun ətrafındakı, tabeliyindəki, “komandasındakı” adamlar haqqında danışacaqlarınız oxucularımız üçün maraqlı olardı.

– Heydər Əliyev, ilk növbədə, adamları işgüzarlığına, vəzifələrini peşəkarcasına yerinə yetirmələrinə, intizamına görə dəyərləndirirdi. Birinci növbədə onu deyim ki, Heydər Əliyevin fitri istedadı, qabiliyyəti, təhlükəsizlik məktəbinin aşıladığı dəmir intizamı, qeyri-adi yaddaşı ilə yanaşı, həyatdakı yüksəlişinin əsas, mən deyərdim ki, birinci ilham mənbəyi həyat yoldaşı Zərifə xanım idi. Onlar bir-birini çox sevirdilər və Zərifə xanım əsl Azərbaycan xatını idi. Kübar davranışı, ­Heydər Əliyevin bütün tədbirlərində hamının həsədlə tamaşa etdiyi şıq görünüşü, ailə qayğılarının çox qismini öz üzərinə götürməsi, nəhayət, bütün məsələlərdə həyat yoldaşını dəstəkləməsi nümunəvi ailə modeli sayıla bilərdi. 

Heydər Əliyevin həm respublikada, həm də Moskvada rəhbər işdə olduğu dövrdə Zərifə xanım heç vaxt özünü irəli verməz, “kölgədə” qalmağından narazılıq etməzdi. Halbuki. peşəkar göz həkimi kimi özünün nüfuzu vardı və bu barədə danışmaqa ehtiyac duyduğumun səbəbini  anlatmağa çalışacağam. Mixail Qorbaçovun xanımı Raisa Maksimovnanın davranışı, dikbaşlığı, əri üzərində az qala hamının qarşısında nümayiş etdirdiyi hökmranlığı çoxlarına məlumdur. Qorbaçovun mühafizə dəstəsinin rəisi öz xatirələrində bu barədə maraqlı faktlar yazıb. O, xoşlamadığı adamları heç bir səbəb olmadan işdən çıxarmağa ərini məcbur edərdi. Başımıza çox fəlakətlər gətirən otuz illik Qarabağ faciəsi, onun Amerika səfərində mənfur qonşuların nümayəndələrindən rüşvət alması barədə söz-söbəti eşitməmiş olmazsınız.

– Əlbəttə, eşitmişik. Bu barədə çox danışılırdı. 

– Amma Rıjkovun xanımının “sərgüzəştlərini” çoxları bilmir. Yuxarıda haqqında danışdığımız Smirtyukov müsahibəsində maraqlı məqamlara toxunur. Bir gün ona Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK)  hökumət nümayəndələrinin mühafizəsini təmin edən 9-cu idarəsinin rəisi Plexanov zəng eləyib Rıjkovun mühafizə rəisini dəyişmək lazım olduğunu deyib. Bu barədə Smirtyukov danışır: “Onu tanıdığıma görə soruşdum: Niyə? O ki öz işini yaxşı yerinə yetirir. Haqlısınız, –dedi,–amma Rıjkovun arvadının təsiri altına düşüb. Bir az gözləməyi məsləhət gördüm. Rıjkov xaricə səfərinin hazırlanması zamanı xanımı deyib ki, onun üçün hər şey Raisa Maksimovna üçün edilən səviyyədə təşkil olunsun. Bu, artıq yolverilməz idi. Kimsə Mərkəzi Komitəyə məlumat vermişdi və oradan gələn sərt cavab Nazirlər Soveti Sədrinin səfərini hazırlayan təsərrüfat idarəsini silkələdi: “Ölkədə bir “birinci xanım” var! Aydındırmı?”. 

Bundan sonra siyasi məsələlərə Raisa Maksimovna kimi qarışmasa da, Lyudmila Rıjkova təsərrüfat işlərində öz bildiyini edirdi. Rıjkov Baş nazir təyin olunduqdan sonra ona əvvəllər Molotovun, Xruşşovun, Podqornının yaşadığı daçanı və 30 hektar sahəni verdilər. Az sonra Rıjkov daçada hovuz olmamasından narazılığını bildirir və Qorbaçovdan buna icazə alır. Ona məsləhət gördüm ki, yaxında Qrişin daçanı təhvil verəcək, orada hovuz var. Razılaşdı. Az keçmədi ki, mənə yenə Lyudmila ilə bağlı şikayət gəldi. Mühafizə idarəsi rəisinin müavini dedi ki, Barvixa yaxınlığında qəbul iqamətgahı hazırlanır, Rıjkovun xanımı hər gün oraya köpəklə gəlir və işçilərə otaqları necə yerləşdirmək barədə göstərişlər verir. Rıjkovdan bunun nə məsələ olduğunu soruşdum. Oranı şəhərətrafı daça (!) etmək niyyətində olduğunu bildirdi. Oranı da hazırladıq. Amma orada cəmi on gün yaşaya bildilər. Qəzetlər hay-küy qaldırdı və Rıjkovlar tez-bazar oranı tərk etdilər. Jurnalistlərin bilmədiyi çox şeylər vardı. İşlər idarəsinin, yəni mənim xəbərim olmadan Lyudmila öz təkidi ilə təyin etdirdiyi təsərrüfat işləri idarəsinin rəisi vasitəsilə saysız-hesabsız xarici radiotexnika, qadın paltarları alırdı”. 

– Bu baxımdan sizin Zərifə xanım haqqında dedikləriniz diqqətə layiqdir.

– Elədir. İş üslubu ilə bağlı bir epizodu xatırladım. Heydər Əliyevlə Mirzə İbrahimov arasında çox səmimi münasibət vardı. İldə bir-iki dəfə görüşürdülər. Növbəti gəlişlərinin birində H.Əliyev müşavirə keçirirdi və Mirzə müəllim gözləməli oldu. Vaxtı keçirmək üçün söhbət etdik. Məndən soruşdu ki, işin çətindirmi? Mən cavab vermədim. Üzümə baxıb, gülə-gülə: Səni yaxşı başa düşürəm, – dedi. 

Əlbəttə, ölkədə baş verən hadisələrin mərkəzində olmaq qürurverici idi. Ona görə heç vaxt işin ağırlığından şikayət etmirdim. Məsələn, katibliyin müdiri Qridnev çox maraqlı adam idi. Mikoyan haqqında dedikləri kimi, o, yağış damcılarının arasından keçir, amma islanmır. Lap ona bənzəyirdi. H.Əliyevə qədər orada işləmişdi. H.Əliyev işdən çıxdıqdan sonra Talızinlə, sonra daha neçə birinci müavinlə işlədi. SSRİ dağıldıqdan sonra Çubaysla da işlədi. Səhv etmirəmsə, 63 yaşında səbəbi məlum olmayan avtomobil qəzasında həlak oldu. Onun Uxov soyadlı müavini vardı. Sonra nəqliyyat məsələləri üzrə köməkçi vardı–Perminov. Sosial məsələlər üzrə köməkçi Proxorenko idi. Heydər Əliyevin həkimi Borodkin indi də sağdır. Təəssüf ki, o kadrların çoxu dünyasını dəyişib. Soloduxin çıxışların hazırlanmasına yardım edirdi. O, Heydər Əliyevlə bir il işlədi, sonra onu Çernenkonun yanına dəvət etdilər. 

H.Əliyevlə Soloduxin arasında çox yaxşı münasibət vardı. Savadlı, təmkinli adam idi. Onun indi 86 yaşı var. Bu yaxınlara qədər Federasiya Şurasında Matviyenkonun köməkçisi kimi çalışırdı. Soloduxin həm də yaxşı həmsöhbət idi. Bir gün mənə dedi ki, 1961-ci ildən ölkə rəhbərlərinin çıxışlarını hazırlayıram, ya da redaktə edirəm.  Hətta Matviyenko tədbirlərdə çıxış edəndə Soloduxinin dəsti-xəttini hiss edirdim. Bir dəfə Matviyenko yazılı mətn olmadan canlı müsahibə verdi. Müşahidə qabiliyyəti güclü olanlar onun yazılı çıxışları ilə müsahibəsi arasındakı fərqi hiss etdilər. Soloduxinin yerinə Qavrilov gəldi. 

– İndi bu sahədən bir az uzaq sual verəcəyəm. Pyatibrat soyadı Sizə tanışdırmı?

– Əlbəttə. Vasili Lukiç Pyatibrat Azərbaycanda tikinti sənayesi nazirinin müavini idi. Bu vəzifədə uzun müddət çalışdıqdan sonra Moskvaya gəldi,

– Bəli. Azərbaycanda 18 il işləyib və Heydər Əliyevlə yaxın münasibətdə olub. Ulu öndər onu mütəxəssis kimi çox dəyərləndirirdi.

– Sonra, deyəsən, Moskvanın meri Lujkovun müavini oldu.

– Məncə, Moskva ətrafının inkişafı üzrə komitənin rəhbəri oldu. Vasili Lukiç indi 94 yaşındadır. Yeni Moskvada bizim yanımızda bağ evi var. Rastlaşanda və ya zəngləşəndə məni “Salam əleyküm” deyə salamlayır. Azərbaycan haqqında, Heydər Əliyev haqqında həmişə minnətdarlıqla danışır. 

– Bu yaxınlarda keçirilən tədbirlərdən birinə dəvət etdim. Mənim üçün belə tədbirlərə getmək çətindir, dedi. Amma dəvət üçün təşəkkürünü bildirdi. 

– Onun həyat yoldaşı  Bakıda 6 nömrəli məktəbdə  direktor işləyib. Camal müəllim, Heydər Əliyev kimi böyük şəxsiyyət haqqında danışdıqlarınız oxucular üçün maraqlı olacaq. Bunun üçün Sizə təşəkkür edirəm və bu mövzuda yenə görüşməyə ehtiyac olduğunu düşünürəm.

– Sağ olun. Sonda onu da demək istəyirəm ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərin bu gün çox yüksək səviyyədə olması Heydər Əliyevin yaxın qonşu və strateji müttəfiqi kimi Rusiyaya həmişə uzaqgörənliklə verdiyi qiymətin nəticəsidir. Rusiya böyük dövlət olmaqla yanaşı, həm də bizim ən yaxın qonşumuzdur. Atalarımızın “yaxın qonşu uzaq qohumdan yaxşıdır” sözü əbəs yerə deyilməyib. Sevinirəm ki, həmin siyasəti Prezident İlham Əliyev bu gün uğurla davam etdirir. 

Söhbəti qələmə aldı: 
Cəfər SADIQ

Moskva

 







Müsahibə