Şərəfli missiya

post-img

Yeni Azərbaycan Partiyasının yaradılmasından 32 il keçir

Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər.

Ümummilli lider Heydər Əliyevin 1992-ci il oktyabrın 16-da “91-lər”in müraciətinə cavabından.

Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin olduqca ağır və təlatümlü mərhələsində, xalqın və ölkənin ciddi sınaqlarla üzləşdiyi məqamda Vətənin milli aydınlarının, görkəmli ziyalılarının təşəbbüsü ilə yarandı. Çağdaş tariximizə “91-lər”in müraciəti kimi düşmüş həmin sənəd, əslində, özündə bütün xalqın istək və arzularının ifadə edirdi. Həmin müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi təşkilata, millətə qurtuluş yolunu göstərəcək partiyaya rəhbərlik etmək xahiş olunurdu. Ondan sonra baş verənlər və arxada qoyduğumuz 32 il xalqın öz liderinə inamında və güvəncində yanılmadığını sübut etdi.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimovla söhbətimizin mövzusu həm partiyanın növbəti ildönümü ilə bağlı keçilən yola qısa nəzər salmaq, həm də uğurlu perspektivin reallaşması yolları barədə oldu.

– Eldar müəllim, Yeni Azərbaycan Partiyası 32 il bundan əvvəl yaradıldı. Siz “91-lər”dən biri kimi həmin prosesin iştirakçısı və canlı şahidisiniz. Təşəbbüsün rüşeymi harada qoyulmuşdu, onun ideya müəllifləri kimlər idi?

– Belə bir partiyanın yaranmasına ehtiyac vardı. O vaxt Azərbaycan üçün də, Naxçıvan üçün də çox ağır dövr idi. Yaxşı xatırlayıram, 1992-ci il mayın 18-də Bakıda öz iradəmlə, ürəyimin hökmü ilə Heydər Əliyevin Azərbaycan prezidentliyinə namizədliyini irəli sürdüm. Parlamentdə Ziyad Səmədzadənin kabinetindən Naxçıvana zəng vurub Heydər Əliyevin fikrini öyrənmək istədik. Amma çox təəssüflər olsun ki, hansısa səbəbdən, bu, baş tutmadı. Hətta məni verdiyim təklifi geri götürməyə məcbur etmək istəyirdilər. Dedim xeyir, kişi dediyi sözünü geri götürməz. Yaş senzini bəhanə gətirirdilər.

Həmin gərginlikdən sonra Naxçıvana qayıtdım və Heydər Əliyevlə görüşdüm. Hər ikimiz Naxçıvan Ali Məclisinin deputatları idik, yaxın və səmimi münasibətlərimiz vardı. Ona xalqın acınacaqlı vəziyyətindən, hakimiyyətdəkilərin başıpozuqluğundan, özbaşınalıqlarından danışdım. Cavabında mənə dedi ki, bir qədər gözləmək lazımdır, zaman hər şeyi yerinə qoyacaq. Vəziyyəti belə görəndə mən Heydər Əliyevə partiya yaratmağı təklif etdim. Seçkiyə getmək, xalqın inamını doğrultmaqdan ötrü partiyaya ehtiyac var dedim...

Beləliklə, siyasi təşkilatlanmaya hazırlıq prosesi başlandı. Murtuz Ələsgərov, Fərəməz Maqsudov Naxçıvana gəlirdilər və onlarla görüşlərimizdə partiya yaratmağın zəruriliyindən danışırdıq. Oktyabrın 16-da “91-lər”in müraciəti mətbuatda dərc olundu. Ondan sonra nələr baş verdi? Oktyabrın 24-də Naxçıvana qayıdanda gördüm ki, Bakıdan göndərilən hökumət emissarları Daxili İşlər Nazirliyini, televiziyanı, başqa idarələri tutublar. Belə gərgin məqamda Heydər Əliyevin cəsarətinin, qorxmazlığının şahidi oldum. Bakı ilə elə tonda danışdı ki... O, sakitliyi və qanunçuluğu xalqın ona olan sevgisi hesabına bərpa elədi. Sonradan partiya təsis etmək təşəbbüsünə qoşulanların sayı təsadüfən 91 alındı. O günlərdə Heydər Əliyev “91-lər”in müraciətinə cavab hazırladı. Vədə yetişdi və biz Yeni Azərbaycan Partiyasının təsis konfransını keçirmək qərarına gəldik. Heydər Əliyev istəyirdi ki, konfransda Azərbaycanın bütün bölgələri təmsil olunsun. Elə də oldu. 1992-ci il noyabrın 21-də Bakıdan, Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş 550-yə yaxın nümayəndənin iştirakı ilə YAP-ın təməlini qoyduq. Heydər Əliyevdən başqa Azərbaycanda bu partiyaya rəhbərlik etməyə qadir, yetkin siyasətçi yox idi. YAP-ın Naxçıvan Muxtar Respublikası üzrə sədri kimi partiyamızın yerli təşkilatlarının yaradılması ilə məşğul olurdum və qısa müddətdə prosesi başa çatdırdıq.

– Etiraf edək ki, artıq SSRİ dağılsa da, Moskva Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıtmasına qarşı idi. Bu zaman söhbət təkcə diplomatik yox, həm də fiziki təzyiqlərdən gedirdi. Və Kremlin bu “velikorus şovinizminə” söykənən siyasətinə daxildə dəstək verənlər də az deyildi. Siz bu təzyiqləri üzərinizdə hiss edirdinizmi?

– Bəli, bunu daim hiss edirdik. Birincisi, SSRİ DTK-sının sonuncu şefi Kryuçkov tez-tez zəng vurur və maraqlanırdı. Harada olduğunu, nə iş gördüyünü, səhhətini soruşurdu. Sanki Heydər Əliyevi güdürdülər. Hətta konfransdan sonra çöldəki adamlarımızdan xəbər gəldi ki, hələlik Heydər Əliyev binadan bayıra çıxmasın. Eyni hadisə Bakıda mənim də başıma gəlmişdi. Məlum təklifi irəli sürəndən sonra real təhlükə ilə üzləşmişdim. Rəhmətlik Kamran Rəhimov (Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin birinci katibi (1975–1983) vəzifəsində işləyib – red.) məni qoruyurdu. O, məni parlamentin binasının arxa qapısından çıxardı, yaşıl “Moskviç”ində “İnturist”ə apardı. Doğrudan da, bizi öldürə bilərdilər. Allahın lütfü üstümüzdə imiş... Ondan sonra bir qədər ehtiyatlı davranmağa başladım.

– Əslində, YAP, belə demək mümkünsə, o zaman Azərbaycanda hakimiyyətdə olan AXC–Müsavat cütlüyünə qarşı müxalif partiya kimi yaradıldı. Bu fikirlə razısınızmı?

– Heydər Əliyev deyirdi ki, bizim partiyamızın hakimiyyətə qarşı çıxmaq, radikal addımlar atmaq kimi bir missiyası yoxdur. Yeni Azərbaycan Partiyasının özünün siyasi xətti var. Biz müxalifətçilik etmirdik. Amma xalq kimin kim olduğunu görürdü axı. Yəni, camaat başa düşdü ki, artıq Heydər Əliyevin arxasında YAP kimi böyük qüvvə dayanır. Gəncədə 4 İyun hadisələrindən sonra insanlar ayağa qalxdılar. Məlum olduğu kimi, o vaxtki hakimiyyət özü Heydər Əliyevə müraciət etdi, arxasınca təyyarə göndərdi. Ulu öndərin Bakıya gəlişinin, onun Gəncə səfərinin, apardığı danışıqların təfsilatını hamı bilir. Yadınızdadır, Heydər Əliyev Gəncə hadisələri ilə bağlı Milli Məclisdə çıxış etdi və jurnalistlərlə birgə Gəncəyə gedəcəyini bildirdi. Onda mən Cəlal müəllimin evində idim. (Ulu öndərin qardaşı, akademik Cəlal Əliyev nəzərdə tutulur – red.) Gəncəyə səfərində onu müşayiət etməyimi istədiyimi bildirəndə dedi ki, yox, sən gəlmə, burada qal. Sanki, məni qoruyurdu...

– 1993-cü ildə Heydər Əliyevin Prezident seçilməsi, 1995-ci ildə parlament seçkilərində qalib gəlməsi ilə YAP iqtidar partiyasına çevrildi. Artıq 32 ildir partiyanız hakimiyyətdədir. Bu dövrün 25 ili Qarabağın işğal altında olduğu və səmərəsiz sülh danışıqlarına təsadüf edir. Sizin fikrinizcə, Qarabağ məsələsində iqtidar partiyası üçün 25 ilin ən kritik anı hansı idi?

– Xalq özü yaxşı bilirdi ki, Qarabağ problemi daxil olmaqla, üzləşdiyi çətinliklərin öhdəsindən kim gələ bilər. Heydər Əliyevin Prezident seçilməsi Azərbaycan xalqının arzu və istəyinin reallaşması idi. Hamı bilirdi ki, məhz təcrübəli dövlət xadimi olan Heydər Əliyev ölkəni bürümüş böhrandan, anarxiyadan, dövlətçiliyi itirmək təhlükəsindən, vətəndaş qarşıdurmasından xilas edə və cəbhədə baş verən uğursuzluqların qarşısını ala bilər.

Xalq öz müdrik oğluna inanır və onu dəstəkləyirdi. Bütün dünya, o cümlədən ermənilər də Heydər Əliyevi çox yaxşı tanıyırdılar. Hələ Ter-Petrosyan Ermənistanın rəhbəri olarkən Zəngilandan müharibədə övladları ermənilər tərəfindən əsir götürülmüş yaşlı valideynlər Heydər Əliyevin yanına xahişə gəlmişdilər. Götürüb telefonu birbaşa Ter-Petrosyanla danışdı və nəticədə Ermənistan rəhbəri həmin uşaqları azad elədi. Bu hadisə geniş rezonans doğurdu və partiyamızın liderinin siyasi nüfuzunun, beynəlxalq miqyasda çəkisinin göstəricisi idi.

Onu demək istəyirəm ki, Ümummilli liderin uzaqgörənliyi və siyasi qətiyyəti sayəsində yaradılan YAP Azərbaycanın ictimai-siyasi həyatına daxil oldu və xalqın üzləşdiyi çətinlikləri həll etməyin yollarını aramağa başladı. Heydər Əliyevin Gəncə səfərindən sonra baş verənlərə qısa nəzər salmaq istərdim. Tariximizə Qurtuluş Günü kimi düşən iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Üstündən bir il keçməmiş müharibədə atəşkəsə nail oldu, 1994-cü il sentyabrın 20-də isə “Əsrin müqaviləsi” imzalandı. Ümummilli lider 2020, 2023-cü illərdəki tarixi uğurları sanki 1994-cü ildə görürdü və bu barədə deyirdi: “Sizi əmin edirəm ki, biz qüdrətli Azərbaycan dövləti yaradacağıq. O dövləti ki, xalqımızın bütün problemlərini həll edə bilsin. Mən buna inanıram”.

– Ermənistanla müharibədə atəşkəsə nail olunması, Azərbaycan üçün, bəlkə də, ölüm-qalım məsələsi sayılacaq “Əsrin müqaviləsi”nin imzalanması, yeni Konstitusiyanın qəbulu. Bu hadisələrin hər birini xalqın və dövlətin həyatında dönüş nöqtəsi hesab etmək olar...

– Tamamilə haqlısınız. Açıq demək lazımdır ki, o vaxta qədər dünya Azərbaycanı tanımırdı. Heydər Əliyevin adı, nüfuzu, onun şəxsiyyətinə verilən dəyər sayəsində 13 xarici dövləti təmsil edən transmilli şirkətlər konsorsium yaratdılar və Xəzərdə neftin birgə hasilatı üzrə Azərbaycanla müqavilə bağladılar. Etiraf etməliyik ki, Qarabağ probleminin həllində bu amilin də müəyyən qədər rolu vardır.

Bəli, bəlkə də Qarabağ münaqişəsinin ən kritik, həlledici məqamlarından biri Azərbaycan Prezidenti Heydər Əliyevin Ermənistanın o zamankı rəhbəri Robert Koçaryanla Sədərəkdə görüşü oldu. Doğrudur, mən o görüşün iştirakçısı olmamışam, amma hər şeydən xəbərim vardı. Naxçıvanda partiyamızın lideri ilə tez-tez görüşür və dərdləşirdik. Komsomolun yetirməsi, Bakıda “partşkolada” oxumuş Koçaryan Heydər Əliyevin kim olduğunu çox gözəl bilirdi. Məgər Ulu öndərin qarşısında kimsə söz danışa bilərdi, o ki ola Koçaryan kimilər. Təbii ki, həmin görüşdə, o, özünü dikbaş, saymazyana aparmışdı, amma sonra bunun bədəlini artıqlaması ilə ödəməli oldu. Onunla müqayisədə Ter-Petrosyan daha praqmatik siyasətçi idi. Erməni də olsa, o, qarşısında dahi şəxsiyyətin, böyük siyasətçinin durduğunu anlayırdı.

Heydər Əliyev həm də lider kimi Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində yorulmadan çalışırdı. Sonrakı dövrlərdə YAP-ın xarici əlaqələri artdı, Çinin, Rusiyanın, ərəb ölkələrinin aparıcı partiyaları ilə yaxından əməkdaşlıq mərhələsi başladı. Türkiyədə hakimiyyətə gəlmiş AKP (Ədalət və İnkişaf Partiyası -red.) ilə çox yaxın münasibətlər quruldu. Bütün bu prosesləri şərtləndirən əsas cəhət Azərbaycanda dövlət quruculuğunun möhkəmlənməsi idi. 1995-ci ildə yeni Konstitusiyanın qəbul edilməsi bu yolda atılmış ən vacib addımlardan biri sayılır. Orada Naxçıvan dövləti ifadəsi yazılıb. Bunun da səbəbi var. Çünki muxtar respublika ilə bağlı məsələlər Qars müqaviləsinin şərtlərinin gündəmə gətirilməsi ilə aktuallaşdı. 1921-ci il oktyabrın 13-də 5 dövlətin imzaladığı Qars müaviləsində Türkiyənin Naxçıvanın təhlükəsizliyinə təminatı məsələsi öz əksini tapıb. Heydər Əliyev 1993-cü ildə Prezident Süleyman Dəmirəlin dəvətilə Türkiyəyə rəsmi səfərində həmin müqavilənin məlum bəndlərini yenidən xatırlatdı və o tarixi missiyanı Ankaranın boynuna qoydu.

Sizə maraqlı bir detalı danışmaq istəyirəm. Türkiyə səfərindən sonra Heydər Əliyev dedi ki, bundan sonra üzümüzü Türkiyəyə tutmalıyıq... Sədərəkdən Türkiyəyə “Ümid körpüsü”nün salınması məhz YAP-ın və Ümummilli liderin xidməti idi. Yəni, o, bu yolla Naxçıvanı Türkiyə ilə birləşdirdi. “Bir milət, iki dövlət” tezisi məhz onun strateji fəhminin, uzaqgörənliyinin, millətinə sevgisinin təzahürü oldu. İki qardaşı birləşdirən həmin “Ümid körpüsü”nün açılışına Süleyman Dəmirəl gəlmişdi və qırmızı lenti ikisi kəsdi.

– 2024-cü ilin may ayına olan məlumata əsasən, Yeni Azərbaycan Partiyasının 730 mindən çox üzvü var... Üzvlərin sosial tərkibi və bu sayda gənclərin çəkisi barədə məlumatınız oxucularımız üçün maraqlı olardı.

– YAP-ın yaranmasına təşkilati işlərin gedişində Heydər Əliyev gənclərə üstünlük verirdi. Əlbəttə, başladığımız işi, missiyanı gənclər davam etdirməlidir. Ulu öndərə bütün sosial təbəqələrin, o cümlədən yaşlı, orta nəsil və gənclərin rəğbəti böyükdür. İstər YAP-ın strukturlarında, istərsə də dövlət qurumlarında gənclərin və qadınların çəkisinin artırılması strateji məqsədlərdən biri hesab olunur. 2005-ci ilin mart ayında YAP-ın III qurultayında İlham Əliyev partiyanın sədri seçildi. Çünki Heydər Əliyevin siyasi əmanəti olan partiyanın sədrliyinə ən layiqli namizəd məhz Ulu öndərin layiqli ardıcılı, zəngin irsinin davamçısı məhz İlham Əliyevdir. Həmin dövrdən etibarən gənc kadrların irəli çəkilməsi iqtidar partiyası kimi YAP-ın daha böyük uğurlar əldə etməsinin zəmini oldu. Partiyamız Heydər Əliyevin başlatdığı dövlətçilik və azərbaycançılıq missiyasını fədakarlıqla davam etdirir. Əsası Ulu öndər tərəfindən qoyulmuş milli inkişaf strategiyası indi daha geniş miqyas alıb.

Bu gün Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyev Ulu öndərin yol xəritəsini çəkdiyi siyasi kursu uğurla davam etdirir. Heydər Əliyevin rəhbərliyi ilə qurulan YAP-ın 32 illik inkişaf tarixi onu göstərir ki, bu partiyanın təməlini qoyanlar müstəqil dövlətimizin siyasi-iqtisadi, sosial-mədəni inkişafının istiqamətini müəyyən etməklə öz seçimlərində yanılmayıblar.

* * *

Söhbət əsnasında Eldar müəllim belə bir söz dedi: “Heydər Əliyev özündən sonra 3 böyük miras qoyub. Bunlardan birinci müstəqlik Azərbaycan dövləti, ikincisi İlham Əliyev cənabları, üçüncüsü isə Yeni Azərbaycan Partiyasıdır. Son üç onillikdə Azərbaycan siyasi palitrasının monolit və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyini şərtləndirən daha bir amil onun cəmiyyətin bütün sosial-ictimai maraqlarının ifadəçisi olmasıdır”.

Bu, zamanın tələbi ilə xalqın arzusunun üst-üstə düşdüyü nadir tarixi məqamlardan biri hesab oluna bilər. 32 il bundan əvvəl Azərbaycan xalqının və dövlətinin qarşısında duran taleyüklü məsələləri həll etmək, o zaman mümkünsüz görünən bir missiyanın altına çiyin vermək cəsarət nümunəsi sayılırdı. Bu, həm də müqəddəs amallar uğrunda şərəfli bir misiyanın YAP tərəfindən icrası demək idi. Hazırda bu şərəfli missiyanı atanın bütün vəsiyyətlərini yerinə yetirmiş, iqtidar partiyasının sədri və dövlətin başçısı İlham Əliyev uğurla davam etdirir.

Söhbəti qələmə aldı:
İmran BƏDİRXANLI
XQ



Müsahibə