Türkiyəni ABŞ-da təmsil edən azərbaycanlı əl çərrahı

post-img

Bəlkə də Azərbaycanda onu dost-tanışlarından və qohumlarından başqa elə də geniş bir çevrədə tanıyan belə yoxdur. Nə o qədər də çox olmayan yaşı, nə də təmsil olunduğu beynəlxalq mərasimlər də buna imkan yaratmayıb. Amma qosqoca Türkiyəni əl cərrahı kimi Amerikada təmsil etdi və Türkiyənin bu işlə   məşğul olan gənc bir həkimə verdiyi statusdan sonra onun kimliyi ilə maraqlandım. Heç demə Egey bölgəsinin ən müasir şəfa oçaqlarından olan və keçən il təntənəli açılışı olan yeni tipli  İzmir şəhər xəstəxanasının bu həkimi azərbaycanlı imiş... 

Rüstəm Cəlilov 1986-cı ildə Goranboy rayonunda anadan olub. Tibb Universitetinin məzunudur, 2009-cu ildə  pediatriya fakültəsini bitirib. Sonrakı həyat yolu isə qardaş Türkiyə ilə bağlı olub. İstanbul Bakırköy dövlət xəstəxanası, Ankara Hacəttəpə Universitet xəstəxanası, Balıkəsir "Sevgi" özəl xəstəxanası, İstanbul Mətin Sabancı araştırma xəstəxanası, İzmir Katip Çələbi Universitet xəstəxanası və nəhayət İzmir şəhər xəstəxanası onun təkcə əmək kitabçasına yox, həm də taleyinə yazılanlardır. Buraya London Thomas xəstəxanası və Əl Cərrahiyyəsi klinikasını, daha sonra Amerikanın Ohio Vanderbilt, Loyola, Çikaqo, Duke  universiteti xəstəxanalarını  əlavə etmək olar. 

Bu məşhur mərkəzləri birləşdirən bir məslək olub:  əl, qol və üst ətrafları ilə bağlı müxtəlif xəstəliklərin, travmaların və qüsurların müalicəsində yüksək keyfiyyətli xidmətlər təklif etmək. Məqsədləri də xəstələrə mümkün olan ən yaxşı tibbi yardım göstərmək və bərpa prosesində onlara dəstək olmaqdır. Rüstəm həkim də məkan və ünvanlarını dəyişsə də, ən yüksək tibbi yardım göstərmək məsləkini heç vaxt dyişməyib.

O, türkiyəli həkim kimi iştirak etdiyi Amerika təcürbəsindən və gördüklərindən danışır:

 - İlk diqqətimi cəlb edən əməliyyatxana və poliklinikanın texniki baxımdan yüksək səviyyədə təchiz olunması oldu. Türkiyədə gündəlik əməliyyatxana şəraitində həyata keçirdiyimiz bəzi prosedurlar, burada poliklinik müdaxilə otağında icra edilə bilər. Klinikaların idarəçiləri həkimlərin səmərəli işləməsi və xəstəxananın iqtisadi gəlirini artırmaq üçün hər cür fikrə açıqdır. Həkimlər qrupu sənaye ilə sıx əməkdaşlıq edir.

- Amerikada  təçürbədə olmağınız nə verdi?

- Türkiyə əl cərrahiyyəsinin tarixini, məni yetişdirən müəllimlərimi və çalışdığım xəstəxanamı tanıtmaq fürsəti əldə etdim. Bir əl cərrahının həyata keçirə biləcəyi əməliyyat növlərini təqdim etdim, aldığım müsbət rəylər məni çox ümidləndirdi və hesab etdim ki, bu qürur səhiyyəmizin uğurudur. Ən önəmlisi, çalığdığım sahənin çox dəyərli mütəxəssisləri ilə tanışlıq və müzakirə imkanı əldə etdim, ziyarət etdiyim mərkəzlərlə ikitərəfli əlaqələr qurdum.

-  Bundan əvvəl də Londonda Thomas xəstəxanasında olmusunuz...

- Bundan əvvəl 3 ay Londonda “Hand Surgery clinic”  (Əl Cərrahiyyyəsi klinikası) və Thomas xəstəxanasında elmi ezamiyyətdə oldum. Londonun Thomas xəstəxanası təxminən 1000 yaşı var. Dünyadakı bir çox ölkə və millətlərdən daha qədim, daha təcrübəli və daha müdrik bir məkandır. Bu xəstəxanada onilliklərlə toplanmış təcrübədən faydalandım, həm də dünyanın çox nadir yerlərində icra edilən müasir əməliyyatlarda iştirak etmə  fürsətim oldu. Bunu fərdi olaraq qazanmaq mümkün deyil və dəyəri ölçülə bilməz. Bir çərrahın illərlə qazana biləcəklərini az bir zamanda qazana bildim.

-  Çalışdığın sahənin incəlikləri haqqında nə deyərdin?

- Yaxçı bir deyim var: yeniliklər ehtiyacdan doğar. Əl cərrahiyyəsinin yaranma tarixi 1-ci və 2-ci dünya müharibələri dövrünə gedib çıxır. Yaralanmış yuxarı ətrafların müalicəsi üçün sınmış sümüklər travmatoloqa, yaralanmış damarlar damar cərrahına, zədələnmiş sinirlər neyrocərraha və açıq yaralar, kəsilmiş vətərlər plastik cərrahlara ehtiyac yaradırdı. Fərqli sahələrin müxtəlif qaydaları olduğundan, əməliyyat zamanı  çətinliklər yaranırdı. Buna görə də, həm nəzəri biliklərə, həm də bu cərrahiyyə əməliyyatları icra edə biləcək ümumi bir sahəyə ehtiyac duyulurdu, bu da əl cərrahiyyəsinin yaranmasını labüd etdi. Bu sahə bu gün özünün yeni inkişaf mərhələsini yaşayır.

 -  Bildiyim qədər elmi iş üzərində də işləyirsən...

- Hacəttəpə Universitetinin professoru Xəlil Gökhan Dəmirkıranın rəhbərliyi ilə skolyoz xəstəliklərinin yaranma səbəblərini öyrənirəm. Bu omba və bel əyrilikləri ilə özünü göstərən və hər yaşda müşahidə edilə bilən bir xəstəlikdir. Erkən yaşlarda başlamağı daha ciddi fəsadlara yol aça bilir. Ona görə də erkən müalicə və müdaxilə çox önəmlidir. Müalicə  metodunun effektivliyi, xəstənin yaşına, skolyozun dərəcəsinə və uzunmüddətli nəticələrə təsiri tədqiqatın mövzusudur.  

 - Bu sahəyəyə gəlmək istəyənlərə nə deyərdiniz?

 - Əl cərrahiyyəsi əlavə ixtisaslaşma ilə mümkündür. Əsas olaraq yuxarı ətrafların anadangəlmə anomaliyalarının, xoş və bədxassəli törəmələrin müalicəsində, sinir patologiyalarında, yaş və peşə ilə bağlı patologiyalarda və xəsarətlər zamanı əsas rol oynayır. Hal-hazırda bu ixtisasa yiyələnmək üçün 1-2 il müddətində ixtisaslaşma  keçmək tələb olunur. Bu müddət ərzində yerinə yetirməli normativlər vardır. Bu proqramda plastik cərrahların travmatoloq kimi, travmatoloqların isə plastik cərrah kimi düşünmə bacarıqları öyrədilir. Bu hər bir əl cərrahının keçəcəyi yoldur.

  - Azərbaycanda bu sahədə nə kimi işlər görmək istərdiniz?

  - Bu illər ərzində peşəmlə əlaqədar olaraq kifayət qədər təcrübə toplamaqla yanaşı, Türkiyə, İngiltərə və Amerikada şəxsi münasibətlər qurmağı bacardım. Bunun Azərbaycanın gələcəyi üçün də çox faydalı olacağına inanıram. Burada bu sahədə aparılan işlərdə yaxından iştirak etmək əsas məqsədlərimdəndir. Türk dünyası ilə əməkdaşlığı inkişaf etdirmək də mütləq lazımdır. Bu, bizi daha güclü bir mövqeyə gətirəcək.

Namiq Qədimoğlu

XQ







Müsahibə