Vətəndaşların ən çox müraciət etdikləri hüquqi xidmət
Son illər notariat kontorlarına edilən müraciətlərin böyük əksəriyyəti əmlak məsələləri ilə bağlıdır. Redaksiyaya Sumqayıtdan müraciət edən oxucumuz Mulatif Qədiməliyev özəl mülkiyyətin sənədləşdirilməsi qaydaları ilə maraqlanırdı. Digər oxucularımızın da daşınmaz əmlakın, nəqliyyat vasitəsinin, yaxud onların addan-ada keçirilməsi, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin yeni prosedur qaydaları ilə bağlı suallarına Bakı şəhəri 14 saylı Notariat ofisinin notariusu Elmar Əliyev aydınlıq gətirir.
E.Əliyev əvvəlcə notariat xidmətinin ölkənin hüquq sistemində oynadığı rolundan söz açdı:
– Bazar iqtisadiyyatı mexanizmlərinə vətəndaşların inam və etibarının artırılmasında, xarici sərmayələrin ölkəyə cəlb edilməsində notariat xidməti də özünün əvəzolunmaz töhfəsini verir. Danılmaz faktdır ki, Azərbaycanda əlverişli investisiya mühitinin yaradılmasında hüquqi prosedurların şəffaflığı və müqavilə öhdəliklərinin etibarlılığı mühüm rol oynayır. Daşınmaz əmlakla bağlı əqdlərin notarial qaydada təsdiqi tərəflərin hüquqlarının müdafiəsinə təminat verməklə yanaşı, bazar münasibətlərinin tənzimlənməsi və mülkiyyət hüquqlarının qorunması kontekstində son dərəcə vacib olan bu əqdlərin qanuniliyinin təminatçısı kimi çıxış edir. Onu da qeyd edim ki, notariat ədliyyə sisteminin mühüm elementi kimi iqtisadi sahədə, xüsusən də daim dəyişən qanunvericilik şəraitində asayişin möhkəmləndirilməsinə də kömək edir. Xüsusilə daşınmaz əmlak kimi mühüm sahədə aparılan əməliyyatların ixtisaslı notariat qeydiyyatının olması korrupsiya risklərinin azaldılmasına, hüquqi müəyyənliyin gücləndirilməsinə və əhalinin ümumi hüquq mədəniyyətinin yüksəldilməsinə kömək edir.
– Sirr deyil ki, bu gün notariat xidmətinə müraciətlərin çoxu məhz daşınmaz əmlakla bağlı hüquqi prosedurla bağlıdır. Bu sahədə yeni qaydalar barədə danışardınız.
– Daşınmaz əmlakla bağlı əməliyyatların etibarlılığının və şəffaflığının təmin edilməsi kontekstində notariat xidmətinin inkişafı mühüm əhəmiyyət kəsb edir. Bu, biznesin aparılması üçün əlverişli iqlimin yaradılması və ölkənin etibarlı tərəfdaş kimi, beynəlxalq imicinin gücləndirilməsi zərurəti ilə bağlıdır. Azərbaycanda daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin rəsmiləşdirilməsi prosesi Mülki Məcəllə, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanun və “Notariat haqqında” Qanun kimi kompleks hüquqi aktlarla tənzimlənir. Bu prosedur əməliyyatın qanuniliyini, tərəflərin hüquqlarının müdafiəsini və daşınmaz əmlaka mülkiyyət hüququnun verilməsinin qanuniliyini təmin edən bazadır. Hüquqi nöqteyi-nəzərdən bu prosesdə notarius əməliyyatın qanuniliyinin təminatçısı kimi çıxış edir.
Azərbaycan qanunvericiliyinə görə, daşınmaz əmlakın alqı-satqısı ilə bağlı istənilən müqavilə notarial qaydada təsdiq edilməlidir. Yeni qaydalara görə, notarius təkcə müqavilənin özünü təsdiq etmir, həm də tərəflərin hüquq qabiliyyətini, əmlakın hüquqi təmizliyini, əmlakın yüklülüyünün olub-olmamasını yoxlayır. Bu, mümkün hüquqi mübahisələr riskini minimuma endirməyə, tərəflərin hüquqi müdafiəsini və əməliyyatın mövcud qanunvericiliyə uyğunluğunu təmin etməyə imkan verir. Notariat bir neçə vacib funksiyanı yerinə yetirir. Birincisi, notarius satıcının əmlaka dair sərəncam vermək hüququnun olub-olmamasını yoxlayır və əməliyyata mane ola biləcək həbslərin, girovların və ya digər qanuni məhdudiyyətlərin olmadığını təsdiq edir. İkincisi, o, hər iki tərəfin maraqlarına nəzarət edir, müqavilənin hüquqi təmizliyini yoluna qoyur. Bütün bunlar gələcəkdə hüquqi iddiaların riskini əhəmiyyətli dərəcədə azaldır və hər iki tərəf üçün təminat rolunu oynayır.
– Elmar müəllim, bəs daşınmaz əmlakın alqı-satqısı ilə bağlı müqavilənin notarial qaydada təsdiqlənməsi proseduru necə həyata keçirilir?
– Birincisi, sənədlərin ilkin yoxlanılmasıdır. Tərəflər notariusa mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədi, ehtiyac olduqda, kadastr planı kimi zəruri sənədləri, habelə onların fəaliyyət qabiliyyətini təsdiq edən digər sənədləri təqdim edirlər. İkincisi, obyektin hüquqi ekspertizasıdır. Notarius əmlakı yoxlayır, yüklülüyün (məsələn, həbs, girov) mövcudluğunu müəyyən edir, əmlakın hüquqi tarixini, həmçinin memarlıq abidəsi sayılan binada yerləşib-yerləşməməsini araşdırır. Üçüncüsü, müqavilənin tərtib edilməsi, əmlakın dəyərinin alıcı tərəfindən, notariusun bankda açdığı depozit hesabı vasitəsilə satıcıya ötürülməsidir.
Təqdim edilmiş sənədlər əsasında notarius alqı-satqı müqaviləsini tərtib edir. Müqavilədə alqı-satqı obyekti, onun dəyəri, tərəflərin hüquq və vəzifələri, hesablaşmalar, əmlakın təhvil verilmə qaydası, eyni zamanda əmlak təqdim edildikdə sadələşdirilmiş vergi öhdəliyi yaranarsa, əmlakın yerləşdiyi zona üzrə hesablanmış sadələşdirilmiş vergi məbləği kimi vacib şərtlər qeyd olunur. Dördüncü isə notarial təsdiqdir. Əqdin bütün şərtləri razılaşdırıldıqdan və yoxlama başa çatdıqdan sonra notarius müqaviləni təsdiq edir ki, bu da ona hüquqi qüvvə verir. Bu andan əqd başa çatmış sayılır və tərəflər öz öhdəliklərini yerinə yetirməyə borcludurlar. Daşınmaz əmlakın notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi tərəflər üçün bir sıra hüquqi nəticələrin yaranmasına səbəb olur. Birincisi, müqavilə bağlandığı andan alıcı əmlakın təhvil verilməsini tələb etmək, satıcı isə ödəniş almaq hüququnu əldə edir. İkincisi, müqavilənin dövlət daşınmaz əmlak reyestrində qeydiyyata alınması mülkiyyət hüququnun ötürülməsi prosesini tamamlayır. Bu, alıcıya rəsmi olaraq mülkiyyətçi kimi tanınmaq və əmlaka öz mülahizəsinə əsasən sərəncam vermək imkanı yaradır.
– Dövlət idarələrində, xüsusilə hü-quq-mühafizə, eləcə də notariat xidmətində vətəndaş məmnunluğunun təmin edilməsi günün tələblərindəndir. Bu sahədə xidmətin səviyyəsini daha da yüksəltmək üçün hansı işlər görülür?
– Bəli, müxtəlif sənədləri əldə etmək üçün bizə müraciət edən vətəndaşlara daha operativ və rahat xidmət göstərməkdən ötrü, ilk növbədə, əməkdaşlarımızın peşəkarlıq səviyyəsinə diqqət yetiririk. Nəzərə alırıq ki, mənzilin, daşınmaz əmlakın bağışlanması, yaxud mülkiyyət hüququnun ötürülməsi prosesi bəzən əsəb gərginliyi ilə müşayiət olunan prosesdir. Əlbəttə, misal üçün, daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin tərtib edilməsi zamanı qanunvericilik aktlarına ciddi əməl olunmaqla yanaşı, vətəndaşlarla mədəni davranış, xoş rəftar da az əhəmiyyət kəsb eləmir. Dediyimiz münasibətlər həm də notarius əməliyyatının hüquqi saflığının təmin edilməsinə söykənir. Göstərilən xidmətin rahatlığını təmin edən amillərdən biri də onlayn müraciət formasıdır. Müasir texnologiyanın yaratdığı bu imkandan hər iki tərəf məmnundur. Yəni vətəndaşların xidmətimizdən məmnunluğunun maksimum təmin edilməsi işimizin əsas qayəsidir.
Hazırladı:
İ.HƏSƏNQALA
XQ