Sosial yeniliklər

post-img

“Əmək bazarı” genişlənir

Biznes mühiti və beynəlxalq rey­tinqlər üzrə Komissiyanın “Əmək baza­rı” işçi qrupunun hesabat iclası keçiri­lib. 

İclasda işçi qrupunun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavi­ni Anar Kərimov, Komissiyanın katibliyi­nin rəhbəri, Prezident Administrasiyasının sektor müdiri Vüsal Şıxəliyev, işçi qru­punda təmsil olunan hökumət və qeyri-hö­kumət qurumlarının nümayəndələri iştirak edib.

Toplantıda işçi qrupunun “2024-cü il üzrə Fəaliyyət Planı”nın icrası, habelə Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşdirmələrin aparılmasına dair “2024-cü il üzrə Yol Xə­ritəsi” üzrə bu ilin birinci yarımilliyində görülmüş işlər müzakirə olunub.

Əmək bazarının inkişaf etdirilməsi, əmək qanunvericiliyinin təkmilləşdiril­məsi, aktiv əmək bazarı proqramlarının genişləndirilməsi və işçi qüvvəsinin ba­carıqlarının artırılması istiqamətlərində atılan addımlar qeyd olunub. Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən əmək bazarında ali təhsilli işçilər üzrə aparılmış müqayisəli təhlillərə dair təqdimat edilib. 

Bölgələrdə peşə hazırlığı mərkəzləri

Regionlarda işsiz və işaxtaran şəxs­lər üçün peşə hazırlığı infrastruktu­runun genişləndirilməsi işləri davam etdirilir. Hazırda Qubada Regional Peşə Hazırlığı Mərkəzinin inşası işləri davam edir. Masallı, Sabirabad və Şə­kidə də belə mərkəzlərin tikilməsi üçün layihələndirmə işləri aparılır. 

Qeyd olunan mərkəzlərdə işsiz və işax­taran şəxslərin əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlığının həyata ke­çirilməsi üçün hər cür şərait yaradılacaq. Tədris olunan peşələr üzrə sinif, instruk­siya otaqları ilə yanaşı, emalatxanaların da fəaliyyət göstərəcəyi mərkəzlər peşə tədrisi üçün müasir avadanlıqlarla təchiz olunacaq.

8 ayda 4 milyard manat pensiya ödənişləri

Cari ilin 8 ayında pensiya ödənişlə­rinə ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz (521 milyon manat) çox olmaq­la 4 milyard 318 milyon manat vəsait yönəldilib.

Həmin dövrdə ölkə üzrə pensiyaların orta aylıq məbləği 13 faiz artaraq 491 ma­nata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 525 manata çatıb. Bu ilin 8 ayında 27 min, 2019-cu ilin əvvəlin­dən isə 129 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb. 

622 uşaq övladlığa verilib 

2019-cu ildən bu günədək Sosial Xidmətlər Agentliyi 622 uşağı övladlı­ğa verib. Onlardan 310-u oğlan, 312-si qızdır. Övladlığagötürmə sahəsində də idarəetmə və xidmətlər elektron infrast­ruktur üzərindən həyata keçirilir. 

Övladlığa verilən uşaqların ailələrdə fi­ziki-mənəvi inkişafının təmin olunmasına nəzarət edilir. Bu məqsədlə həmin uşaqlar 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə ildə bir dəfə olmaqla monitorinqlər həyata keçiri­lir. Ötən dövrdə 6 minə yaxın belə monito­rinq həyata keçirilib. 

266,6 min işsiz məşğulluğa cəlb olunub 

Dövlət Məşğulluq Agentliyi yanvar–avqust aylarında 266 min 600 şəxs fəal məşğulluq tədbirləri ilə əhatə olunub. Onlardan 110 min nəfəri münasib işlərlə təmin edilib, 7 min 600 şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özü­nüməşğulluq proqramına cəlb olunub.

Qeyd olunan dövrdə agentlik 11 min işsiz şəxs üçün peşə hazırlığı kursları təşkil edib,138 min şəxsə isə peşəyönümü xid­mətlər göstərib.

Zərifə HÜSEYNOVA
XQ





Sosial həyat