Azərbaycanı Ukraynada tanıdan alim

post-img

Kiyev Əqli Mülkiyyət və Hüquq Milli Universitetinin professoru, Ukraynanın Əməkdar təhsil işçisi, Ukrayna Azərbaycanlıları Alimlər Şurası İctimai təşkilatının rəhbəri, Ukrayna Ali Təhsil Milli Elmlər Akademiyasının akademiki Arif Cəmil oğlu Quliyevdir.

O, 5 monoqrafiya, 2 dərslik, 2 tədris vəsaiti, 150-dən çox elmi və publisistik məqalə müəllifidir. Xarici əlaqələr hüququ, beynəlxalq humanitar hüququ, beynəlxalq təşkilatlar hüququ, diplomatik və konsul­luq xidməti, diplomatik protokol və etiketi və s. fənnləri tədris edir.

Arif müəllim Bakıya gəlişinin səbəbini Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumuna dəvət alması ilə əlaqələndirdi. Bu forum sentyabrın 9–11-i tarixlərində Bakıda Gülüstan sarayında keçirilib və Arif Quliyev də orada yaxından iştirak edib. Qonağımız əminliklə bildirdi ki, bu forum Azərbaycan elminin inkişafına töhfə verəcək, xaricdə yaşayan alimlər arasında körpü yaradacaq.

Müsahibim Bərdə rayonunun Böyük Qacar kəndində dünyaya göz açıb. Bakı Dövlət Universitetinin tarix fakültəsini bi­tirib. Gürcüstanda və Naxçıvanda həqiqi hərbi xidmət keçib. Sonra Bərdədə Kom­somol Komitəsinin katibi olub, partiya ko­mitəsində məsul vəzifələrdə çalışıb. 

Arif müəllimin ölkəmizin dünyada tanıdılmasına, dünya ölkələrinin Azər­baycana necə həsəd aparmasına dair fikirləri də maraqlıdır:

– Mən xaricdə olsam da, ömrüm boyu ölkəmin təbliği ilə məşğul olmuş, imkan­larım daxilində bir sıra işlər görmüşəm. Məsələn, Kiyevdə hərbi kursda olarkən otaq yoldaşlarımdan biri qondarma Sumqa­yıt hadisələrini nəzərdə tutaraq, Azərbay­can əleyhinə xoşagəlməz söz dedi. Mən əsl həqiqəti ona və digərlərinə izah etdim. Hamısı təkzibedilməz faktlarım qarşısında susdular. O isə doğruları bildikdən sonra üzr istədi. Sonradan həmin ukraynalı ilə hətta ailəvi dostluğumuz yarandı, get-gə­limiz oldu. 1997-ci ildə o, Ukrayna Pre­zident Administrasiyasının rəhbəri təyin edildi. Onun dəstəyi ilə Ukrayna Preziden­ti yanında Dövlət İdarəçilik Akademiyası­nında təhsil aldım. Hətta bir ara – 1998–2001-ci illərdə Bakıda nəşr edilən “Xalq qəzeti”nin Ukrayna üzrə müxbiri işlədim. Bu qəzetdə Ukraynada Azərbaycana olan münasibət, iki ölkə başçılarının əlaqələri, dostluq-qardaşlıq dəyərləri mövzularında yazılarım çap olunurdu. Ukraynalı oxucu­lar məqalələrimi oxuyur, təqdir edirdilər.

Ukrayna Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasınında oxuyanda da Prezident Administrasiyasında depar­tament rəhbəri işləyən bir professor Arif müəllimə irad bildirir, Sumqayıt hadisələ­rinə görə Azərbaycanı pisləyir. Arif müəl­lim dedi ki, o dövrlər erməni yalanları dün­yanı elə ağuşuna almışdı ki, təmizləmək çətin idi. Amma o professor da həqiqi fakt­lar qarşısında aciz qoya bilir. 

Arif müəllim elmi dərəcələrini asan əldə etməyib. O, 2012-ci ildə terrorizmlə bağlı doktorluq dissertasiyası yazıb. Elmi rəhbəri ona deyib ki, Bakıdakı erməni ter­roruna dair faktları yerindəcə görməsə, rəy verə bilməz. Onun Azərbaycana gəti­rib. Şəhidlər Xiyabanından tutmuş erməni vəhşiliyinin nəticələri ilə bağlı olan digər yerlərə aparıb. Faktlarla yerindəcə tanış edib. Bundan sonra müsbət rəy alıb və dis­sertasiyasını uğurla müdafiə edib. 

Professor Ukraynada Azərbaycan na­minə gördükləri digər işlərindən də söz açdı. 

– Kiyev səfirliyinin yanında Ulu ön­dər Heydər Əliyevin heykəlinin salınması, diplomat olduğum müddətdə – 2003-cü ildə Ukraynadakı 26 Bakı Komissarı küçə­sinin Azərbaycan, Şaumyan küçəsinin isə Bakinski olaraq dəyişdirilməsində müəy­yən rolum olub. Qürurla onu da bildirim ki, illərdir ailəmlə məhz Kiyevdəki həmin Azərbaycan küçəsində yaşayıram. 

Azərbaycanlı alim Ukrayna Milli Avi­asiya Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunda mühazirələr oxuyub. Dost ölkənin təhsilinə verdiyi töhfələrinə görə, Rada tərəfindən 2013-cü ildə ona Əmək­dar təhsil işçisi adı verilib. Doktorluq işini müdafiə etdikdən sonra professor adı alıb – bütün bu sənədləri ona şəxsən Ukraynanın təhsil naziri verib. 

Ukraynada diplomat kimi fəaliyyət göstərən Arif Quliyev həmişə Heydər Əliyev ideyalarına sadiq qaldığını diqqətimizə çatdırdı:

– Dəfələrlə ulu öndər Heydər Əliyevin qarşısında çıxış etmişəm. Mən Heydər Əliyev ideyalarını və bu ideyaların daşıyıcısı olan Prezident İlham Əliyev siyasətini həmişə dəstəkləmişəm. 2023-cü ilin martında “Politika i kultura” jurnalında “İlham Əliyev sabah Azərbaycanının lideri – niyə də yox?” başlıqlı məqaləm çap olunmuşdu. Bir diplomat kimi mən də yaxşı anlayırdım ki, Heydər Əliyevdən sonra Azərbaycanı ayaq üstə saxlaya biləcək lider İlham Əliyevdir. 

Ukrayna Milli Akademiyasının akade­miki olan Arif müəllim qeyd etdi ki, ora­da 70-ə yaxın azərbaycanlı alimi bir ara­ya toplayaraq Ukrayna Azərbaycanlıları Alimlər Şurası İctimai təşkilatı yaradıblar və ona rəhbərlik edir. 

Dediyinə görə, elmi əlaqələr müxtəlif sahələrdə özünü göstərir. “Gənclərimiz təhsilləri ilə dünyanın bütün ölkələrində Azərbaycana nüfuz qazandırırlar”, – deyən Arif müəllim xatırlatdı ki, bu, Ukrayna­da da belədir: “Biz Ukraynada təhsil alan azərbaycanlılara həmişə dəstək göstəririk. Bu himayə olmalıdır ki, onlar inkişaf etsin, ölkəmizin adını ucalara qaldırsın”. 

Sonda 105 ilini tamamlamış “Xalq qə­zeti”ni xoş ovqatla xatırlayan Arif müəllim əlavə etdi ki, bu qəzet bizə ata ocağını xa­tırladır: “Bu qəzet dəyərdir, ensiklopediya­dır, çoxillik yaddaşdır”. 

Rizvan FİKRƏTOĞLU
XQ

Sosial həyat