Kuklaların nağıl dünyası

post-img

Onun üçün yaratdığı hər bir kukla doğmadır, əzizdir. Onları öz balaları kimi sevir. Əsərlərini avanqard, müasir, milli, buduar, konseptual və s. üslublarda hazırlayır. Şəxsi kolleksiyasında 200-dən çox kukla var. Heç birinə də cansız, ruhsuz müqəvva və ya adi oyuncaq deməyə adamın dili gəlmir. 

Müsahibim Azərbaycan Rəssamlar İttifaqı və Beynəlxalq Müəllif Kuklalar Təşkilatının üzvü, bir sıra dünya miqyaslı müsabiqə, festival və sərgilərin iştirak­çısı Fərəh Əliyevadır. O, kukla sənəti ilə 2010-ci ildən məşğul olur. Fərəh xanımla bu peşəyə olan sevgisindən və kuklaların onun üçün nə qədər əhəmiyyətli olduğın­dan bəhs etdik. 

– Öncə kuklaların hazırlanma pro­sesindən danışardınız. Necə edirsiniz, hansı materiallardan istifadə edirsiniz?

– Materialları fikrimdə canlandırdı­ğım obraza uyğun olaraq seçirəm. Hər bir kuklanın hazırlanmasında fərqli tex­nika, məxsusi üslub və rənglərdən isti­fadə edirəm. Məsələn, daha çox plastik gil və papye-maşedən (yapışqan, gips və təbaşirlə qarışdırılmış kağız kütləsindən ibarət bərk maddə), dəmir məftildən kar­kazlar (gövdə, skelet, maket) düzəldirəm. Onu mis məftil, sonra folqa kağız və gillə örtərək, forma verirəm. Daha sonra cila­layıb bədən nahiyəsini düzəldirəm. Sonda isə üz cizgilərini verərək, saç yapışdırı­ram, boya çəkirəm, geyim tikirəm, geyin­dirirəm. Nəticədə yeni bir obraz, personaj yaranır. Hər bir kuklanın hazırlanması üçün ən az 2 həftə vaxt sərf olunur. Təxəy­yülüm təkcə bununla məhdudlaşmır. Bu işdə hər hansı bir qaydaya əməl etmədən, unikal üslubda qeyri-adi yanaşmalar ax­tarıb tapıram. Buna əyani nümunə kimi, kukla obrazını Bakının qədim memarlıq üslubu ilə sintez etdiyim “Qız qalası” əl işimi qeyd edə bilərəm. Onu yaratmaq mənim üçün o qədər də asan olmayıb. Bu kuklanı fərqli çalarlarda, özüməməxsus formada işləyib hazırlamışam. 

– Məşhur adamlardan kimlərinsə kuklasını hazırlamısınızmı? Ümumiy­yətlə, kukla düzəltmək üçün sifariş edənlər olurmu?

– Bəli, Xurşud Banu Natəvan daxil ol­maqla, ölkəmizin ən məşhur xanımlarının, həmçinin İngiltərə kraliçası Elizavetanın və başqalarının kuklalarını yaratmışam. Hazırda İrəvan xanının kuklası üzərində işləyirəm. Sifariş edənlər çox olur. Düşü­nürəm ki, müəllif kuklaları yaradıcı ifadə­nin xüsusi formasıdır. Kuklalarım oyun­caq deyil, hər biri bir əsərdir. Onlar həm də öz fəlsəfi və ideya daşıyıcısı olan, öz fərdi xüsusiyyəti ilə insanların qəlbində yaşayan personajlardır. 

– Bəs bu incəsənət növünü nə cür təbliğ edirsiniz?

– Artıq 14 ildir ki, kuklaların hazır­lanması işi ilə peşəkar şəkildə məşğulam. Artıq 100-dən çox əsərim Azərbaycan, Fransa, ABŞ, Gürcüstan, Rusiya, İsrail və digər ölkələrdəki muzeylərdə, incəsənət qalereyalarında və şəxsi kolleksiyalar­da saxlanılır. Şəki muzeyində “Sarı gə­lin”, Heydər Əliyev Fondunda və Heydər Əliyev Mərkəzində kukla kolleksiyalarım var. “Kukla” adlı ayrıca əsərin də müəlli­fiyəm. Ölkəmizi tələbələrimlə birgə Mosk­va, Ankara, Kiyev, Praqa, Tbilisi və başqa şəhərlərdə də təmsil etmişəm. Azərbaycan­da bir neçə dəfə təşkil olunmuş Beynəlxalq Kukla Bienallisi tədbirlərində, mötəbər sərgilərdə iştirak etmişəm. Bu günə kimi isə 6 fərdi sərgim təşkil olunub. Bütün bu dediklərimlə sənətimi təbliğ etməyə çalışı­ram. 

– Tələbələrinizin işindən razısınız­mı?

– Mən 5 nömrəli internat məktəbində fiziki məhdudiyyətli uşaqlarla işləyirəm. Onlarda bu peşəyə daha çox həvəs ya­ratmaq üçün tez-tez sərgilər təşkil edirik. Bundan əlavə, müxtəlif yerlərdə – Bey­nəlxalq Oxbridge Akademiyası, Bakı Oksford Məktəbi, TİSA Azərbaycan Bey­nəlxalq Məktəbi və digər universitetlər, institutlar, Rəssamlıq Akademiyasının qalereyalarında tələbələr üçün ustad dərs­lər keçirəm. Çox istəyirəm ki, gənclər bu sənəti öyrənsinlər. Kukla ustası olmaq çox böyük təcrübə və zəhmət tələb edir. Mü­şahidələrim əsasında görürəm ki, müasir nəslin nümayəndələrinin böyük əksəriy­yəti buna hazır deyil və işin öhdəsindən tam layiqincə gələ bilmirlər. Buna təəssüf edir və düşünürəm ki, bu sahədə təhsil və təlimə peşəkar yanaşma yoxdur. Kukla rəssamları, əsasən özləri tələbələr yetişdi­rirlər. Əslində, gəncləri bu sahəyə cəlb et­məklə sənətə milli kolorit gətirə və mədə­niyyətimizi daha da zənginləşdirə bilərik.

– Zər-zibalı, bər-bəzəkli kuklaları­nızla adamları daim sevindirəsiniz, on­lara fərəh bəxş edəsiniz, Fərəh xanım!

Fidan SALMANOVA
XQ



Müsahibə